Həmkarları vəkil Adəm Məmmədovu qınadı - AÇIQLAMALAR

Döyülərək öldürülən jurnalist Rasim Əliyevin ölümünə görə həbs olunan Cavid Hüseynovun müdafiəçisi Adəm Məmmədovun mətbuata açıqlamaları onun həmkarlarının iradına tuş gəlib. Vəkil Adəm Məmmədovu tənqid edən hüquqşünaslar onu məsələyə obyektiv yanaşmamaqda, eləcə də peşəkarcasına mövqe nümayiş etdirməməkdə tənqid ediblər.

Ənnağı Hacıbəyli
Hüquqşünas Ənnağı Hacıbəyli hesab edir ki, vəkil qoşulduğu proseslə əlaqədar istintaq sirrini yaymamaq və "kimsənin şərəf və ləyaqətinə” toxunmamaq şərtilə öz mövqeyini, fikirini bildirməkdə azaddır: "İfadə azadlığı hamıya aiddir. Amma vəkil Adəm Məmmədovun bu şəkildə fikir bildirməsi hesab edirəm ki, düzgün deyil. Xatırlatmaq istəyirəm ki, Adəm Məmmədov Cavid Hüseynovun müdafiə prosesinə qoşulduğu ilk günlərdə media nümayəndələrinə çıxışda öldürülən Rasim Əliyevin ümumiyyətlə jurnalist olmadığını deyirdi. Ola bilər ki, sonradan ona başa salıblar ki, reportyorluq da jurnalistikanın bir sahəsi, bir qoludur. Və bundan sonra Adəm Məmmədov açıqlamalarında Rasim Əliyevin jurnalist fəaliyyətinə görə deyil, adi məşiət zəmnində baş verən hadisəyə görə qətlə yetirildiyini deməyə başladı. Adəm Məmmədovun bu şəkildə qarşı tərəf haqqında fikir söyləməsi, münasibət bildirməsi düzgün deyil”.
Ə.Hacıbəylinin sözlərinə görə, Adəm Məmmədovun məsələsini intizam komissiyasına çıxarmalıdır: "Vəkillər Kollegiyası qanunsuz hərəkət etdiyinə görə, üzvünü cəzalandıra bilər. Məsələn, vəkil istintaq işini ictimailəşdirirsə, onu vəkillikdən məhrum edə bilər və hətta ona qarşı cinayət işi açıla bilər. O halda sərt cəza tədbirlər görülür ki, vəkil cinayət işini siyasiləşdirir. Amma etiraf edək ki, Vəkillər Kollegiyası çox vaxt haqlı vəkili yox, haqsız tərəfi müdafiə edir və ya əksinə. Prinsipcə, Adəm Məmmədovun Vəkillər Kollegiyasında intizam məsuliyyətinə cəlb edilməsi məsələsi qaldırılmalıdır”.

Fariz Namazlı
Vəkil Fariz Namazlı kimliyindən və kimi müdafiə eləməyindən asılı olmayaraq hüquqşünas, vəkil qıcıqlandırıcı məlumat verməməlidir: "Qanunları digərlərindən daha dərindən bilən vəkil nəzərdən qaçırmamalıdır ki, qarşı tərəfin insan itkisi və onun ailəsinin hissiyyatı var. Üstəlik, Rasim Əliyevin hansı zəminində öldürülməsi istintaq tərəfindən müəyyən edilməyib. Hazırda istintaq işləri davam etdirilir. Hələ istintaq tam müəyyən etməyib ki, jurnalist Rasim Əliyev jurnalsit fəaliyyətində və ya məişət zəminində öldürülüb. Ona görə vəkilin bu cür fikirləri indidən ictimaiyyətə açıqlaması istintaqa müdaxilə və basqı kimi qeydə alına bilər. Üstəlik, bu cür ifadələrin işlədilməsi vəkil etikasına da ziddir”.
F.Namazlı da vurğulayıb ki, əgər Adəm Məmmədovla bağlı Vəkillər Kollegiyasına hər hansı bir şikayət olunarsa, o halda araşdırma aparılmalı və vəkil etikasının pozulmasına aid hər hansı bir hərəkəti isbat olunarsa, bu barədə intizam işləri görülə bilər: "Qanunda bu hallarda cəza tədbirləri irad, töhmət, xəbərdarlıq və ya kollegiya sıralarında xaric etmə və s. göstərilir”.

Cavid Rzayev
Hüquq müdafiəçisi Cavid Rzayev etik olaraq həmkarı haqqında münasibət bildirməyi düzgün hesab etməsə də, A.Məmmədovun məlum çıxışına hüquqşünas kimi deyil, sadə vətəndaş mövqeyindən toxunub: "Adi bir vətəndaş olaraq bildirirəm ki, o çıxışı etməzdim. Vəkil özünün subyektiv fikirlərini cəmiyyətə yeritməməlidir. Vəkilin işi müvəkkilinin hüquqlarını müdafiə etməkdir. Qanunvericilikdə də göstərilib ki, vəkil müdafiə etdiyi şəxsin şəxsiyyəti ilə eyniləşdirilmir. Yəni bu işin peşəkarlığı ondan ibarətdir ki, ancaq öz işinlə, fəaliyyətinlə məşğul olasan, vəkil müdafiə etdiyi şəxslə, proseslə bağlı peşəkar fikir söyləməli, şəxsi fikir bildirməməlidir”.

Aslan İsmayılov
Vəkil Aslan İsmayılov da həmkarı Adəm Məmmədovu tənqid edib: "Heç bir vəkil hüquqlarını müdafiə etdiyi adamlar arasında ayrı-seçkilik salmamalı, həm haqlarını müdafiə etdiyi, həm də qarşı tərəfə – ittihamçı tərəfin kim olub-olmamasından asılı olmayaraq hər kəsə adi vətəndaş kimi yanaşmalıdır. Öldürülmüş bir nfər haqqında o cür ifadələrin işlədilməsi nəinki vəkilə, heç adi insanlara yaraşan deyil”.
A.İsmayılov vurğulayıb ki, vəkil Adəm Məmmədov verdiyi müsahibə ilə hüquqlarını müdafiə etdiyi Cavid Hüseynovun vəziyyətini daha da pislədirib: "Cəmiyyətin, xüsusilə mərhum Rasim Əliyevin ailəsinin yas içində olduğu bir vaxtda Adəm Məmmədovun müsahibəsindəki "Cavid Hüseynovun səhhəti normaldır. Buna baxmayaraq, çox darıxır. Öyrəşmədiyi mühit onu çox sıxır”, "Qəbələ” və "Qarabağ” komandalarının qələbəsi Cavidi çox sevindirib”. "Hədsiz sevincli idi” ifadələri insanları qıcıqlandırmaya bilməzdi. Müsahibədə yer almış "Azərbaycanda fotoreportyor kimi fəaliyyət göstərən, xarici mətbuatda isə tanınmış jurnalist kimi təqdim edilən Rasim Əliyevin ölümü ilə bağlı sözügedən qurumların verdiyi bəyanatlara adekvat müraciət hazırdır... Çünki adi məişət zəminində baş verən hadisəni elə yayıblar ki, sanki Azərbaycanda tanınmış qələm sahibi qətlə yetirilib... Amma mərhumun tanınmış şəxs kimi təqdim olunması Azərbaycan barədə yalnış, qərəzli təsəvvürlərin yaranmasına səbəb olduğundan biz də buna qarşı müvafiq addımlar atacağıq” fikrinin ifadəsi isə nəinki hüquqşünasa, heç adi vətəndaşa yaraşan sözlər deyil. Daha yaxşı olardı ki, həmkarım siyasi bəyanatlardan uzaq durub ilk növbədə istintaqa, sonra isə cəmiyyətə Rasim Əliyevin qətlə yetirilməməsi, aldığı xəsarətlərdən həkim baxımsızlığı, səhlənkarlığı, daha doğrusu vəzifəsinə cinayətkarcasına yanaşılması nəticəsində dünyasını dəyişməsini təsdiq edəcək sübutları təqdim edəydi”.

Vəkillər Kollegiyası
"Vəkillər Kollegiyasına vəkil Adəm Məmmədovla bağlı hər hansı şikayət daxil olarsa, dərhal intizam komissiyası bu məsələni araşdıra bilər və daha sonra kollegiyanln iclasında bu məsələyə baxıla bilər” - Vəkillər Kollegiyasının sədr müavini Fərhad Nəcəfov ANN.Az-ın suallarını cavablandırarkən belə deyib. O, əlavə edib ki, əgər vəkilin əməlində qanun pozuntusu aşkarlanarsa, ona qarşı cəza tədbirlərinin görüləcəyi mütləqdir.

Cavid Hüseynovun vəkili Adəm Məmmədov
ANN.Az əməkdaşı vəkil Adəm Məmmədovla da əlaqə saxlayıb məsələyə münasibət öyrənməyə çalışsa da, o, telefon zəngini cavablandırmayıb.
Qeyd edək ki, vəkil A.Məmmədov mətbuata açılamasında deyib ki, ABŞ səfirliyinin və Avropa Şurasının baş katibi Torbyorn Yaqlandın jurnalist Rasim Əliyevin ölümü ilə bağlı verdiyi bəyanata cavab olaraq, müvafiq addımlar atılacaq.
Vəkilin narazılıq doğuran fikirləri isə belədir: "Azərbaycanda fotoreportyor kimi fəaliyyət göstərən, xarici mətbuatda isə tanınmış jurnalist kimi təqdim edilən Rasim Əliyevin ölümü ilə bağlı sözügedən qurumların verdiyi bəyanatlara adekvat müraciət hazırdır. Avropa Şurasına, eyni zamanda bəzi səfirliklərə də bu müraciəti göndərəcəyik. Çünki adi məişət zəminində baş verən hadisəni elə yayıblar ki, sanki Azərbaycanda tanınmış qələm sahibi qətlə yetirilib. Əlbəttə, söhbət insan ölümündən gedir, buna hamı təəssüflənir. Amma mərhumun tanınmış şəxs kimi təqdim olunması Azərbaycan barədə yanlış, qərəzli təsəvvürlərin yaranmasına səbəb olduğundan biz də buna qarşı müvafiq addımlar atacağıq. Nəzərə almaq lazımdır ki, dünyanın müxtəlif ölkələrində gün ərzində adi məişət zəminində onlarla belə ölüm halları qeydə alınır”.
Xatırladaq ki, avqustun 8-də ANN.Az portalının əməkdaşı Rasim Əliyev bir qrup naməlum şəxs tərəfindən döyülərək çoxsaylı bədən xəsarətləri ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib və avqustun 9-da orada vəfat edib.
Bununla bağlı Bakı şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
Hadisə ilə bağlı Cavid Hüseynovdan başqa daha 5 nəfər həbs olunub. Onlardan biri də Cavid Hüseynovun bibisi oğlu 21 yaşlı Elşən İsmayılovdur.
Baş Prokurorluğun rəsmi məlumatında deyilir ki, Rasim Əliyev öz "Facebook” hesabında Cavid Hüseynovun jurnalistlərin suallarını cavablandırarkən etdiyi hərəkəti təndiq edib. Həmin videoda Cavid Hüseynov Kirpirli bir jurnalistin "matçtda niyə Türkiyənin bayrağını qaldırdınız" suallına əl hərəkətləri ilə cavab verdiyi görünür. Bundan sonra Cavid Hüseynov R.Əliyevə zəng edərək, onun əli ilə göstərmək istədiklərinin yalnış anlaşıldığını və əslində o Türkiyə ilə Azərbaycanın dostluğunu göstərmək istədiyini bildirib.
Jurnalist Rasim Əliyevin öldürülməsi ilə bağlı istintaq davam edir. Baş Prokurorluq qeyd edir ki, istintaqın gedişi və görülən işlərlə bağlı ölkə prezidentinə mütəmadi məruzə edilir.
Orxan Aslanlı
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox 