Qarabağ münaqişəsinin kökləri haqda Ukrayna mətbuatı yazır - MÜSAHİBƏ
Qarabağın tarixi göstərir ki, Rusiyanın imperiya siyasəti zamandan asılı olaraq dəyişmir, qanlı işğalçılıq müharibələriylə, terrorla və idarəçilərinin həyasızlığı ilə müşayiət olunur.
1801-ci ilin 12 sentyabrında Rusiya Kaxetiya çarlığını ilhaq etməsindən sonra, imperator I Aleksandr Peterburqun Zaqafqaziyaya siyasətinin prinsiplərini əks etdirən manifestini nəşr etdirir. Əsas məqsəd bu bölgənin nəyin bahasına olursa olsun, tamamilə imperiyaya birləşdirilməsi idi. Sonrakı onillik riyakarlıqlarla, rus çarizminin qətlləri, xalqların köçürülməsi və müharibələrlə yadda qaldı. Nəticədə Zaqafqaziya ölkələrinin əraziləri işğal edildi. Tarixin bu dərsləri və dondurulmuş münaqişələr Ukraynada bu gün baş verənləri analiz etmək üçün yaxşı mənbədir, məsələyə daha dərindən vaqif olmaq üçün biz jurnalist və şərq və Qafqaz tarixçisi Sergey Sivolap ilə söhbətləşdik.
- Çarizm bərqərar olmamışdan əvvəl azərbaycanlıların Qarabağ ərazisində qurduğu sonuncu müstəqil feodal dövlət Qarabağ xanlığının siyasi mirası Qarabağ münaqişəsinin köklərini bilmək üçün böyük əhəmiyyət daşıyır, nədir onlar?
- Hər şeydən əvvəl, birinci ondan başlayaq ki, 18-ci əsrin sonunda Rusiya və Qacar İranının Qafqaz uğrundakı mübarizəsi zamanı Qarabağ xanlığı azərbaycanlılar üçün ən qanlı, drammatik və faciəvi nöqtələrdən biri oldu. Qarabağ xanlığı da Azərbaycanın o vaxtkı balaca dövlətləri kimi, akademik Ramiz Mehdiyevin təbirincə desəm, "Rusiya çəkici ilə İran zindanının arasında qalmışdı”, bu xanlıqlar mövcud olmaq üçün ümidsizcə manevr etmək məcburiyyətində qalmışdılar.
Öz müstəqilliyini qorumaq üçün hər bir belə manevr çox ağır başa gəlirdi və minlərlə Azərbaycan oğlunun ömrü bahasına başa gəlirdi. Qarabağ xanlığı İrana yaxın və geopolitik cəhətdən əhəmiyyətli olduğuna görə, itkiləri və ağrıları da daha çox idi. Xanlıqlar arasında mövcud olan qarşıdurmalar, Səfəvilərin və Nadir şahın hegemonluğunu qaytarmaq üçün, Azərbaycanı və İranı vahid dövlətdə birləşdirmək üçün Qacarların daimi təzyiqi Qarabağ xanlığının çoxsaylı məğlubiyyətləri, səfaləti və insan itkiləriylə nəticələnirdi.
Üstəlik sonralar, bütün bunlar azmış kimi Qarabağ xanlığı yerli xristian məlikliklərinin seperatizmi ilə mübarizə aparmalı oldu, Rusiya aqressiyasının iyini yaxşı duyan yerli ermənilər də xanlıq daxilində "5-ci kalon” rolunda çıxış edərək. seperatçılıq prosesində həvəslə iştirak edirdilər. Düzdür, erməni müəlliflər hər zaman sübut etməyə cəhd edirlər ki, çarizm gəlməmişdən əvvəl də onlar dağlıq Qarabağda etnik çoxluq idilər və siyasi problemlərin həllində sonunci sözü hər zaman məhz onlar söyləyirdilər. Ancaq Qafqazdakı çar administrasiyasının arxiv sənədləri və siyasi tarix bunun əksini deyir.
Bu məsələni bəzi erməni müəllifləri də dəfələrlə təsdiq ediblər. Məsələn, "Şərqi Ermənistanın Rusiyaya birləşdirilməsi” kitabının müəllifləri qeyd edirlər ki, 1810-cu ildə, Qarabağ xanlığının Rusiya imperiyasına birləşdirilməsindən 5 il sonra, Qarabağ ərazisində cəmi 12 min erməni ailəsi yaşayıb. Regionda yerli azərbaycan əhalisi isə 9500 ailədən çox olub, yəni erməni əhalisinin sayından 4 dəfə çox.
Azərbaycanlı tədqiqatçı Zülfiyyə Hacıyeva çoxsaylı ilkin mənbələrdə istinadə edərək, başqa nömrələri göstərir. Yuxarıda göstərilən erməni müəlliflərin rəqəmlərin Zülfiyyə xanımın statistikasından çox aşağıdır. Zülfiyyə Hacıyeva yazır ki, Qarabağın Rusiyaya birləşdirilməsindən sonra, çar hökuməti regionda erməni-xrsitian elemenlətini möhkəmləndirmək və yerli müsəlman-azərbaycanlıların sıxışdırılması üçün məqsədyönlü fəaliyyətə başlamışdı.
- Regionda milli-demoqrafik xəritə necə dəyişdi?
- Qafqazda rus ordularına başçılıq edən general Yermolovun 15 noyabr 1816-cı il tarixində polkovnik Radinskiyə yazdığı əmrdə mərhum Qarabağ xanı İbrahim xanın oğlu Əbülfətin ailəsinin də daxil olduğu 4 min müsəlman ailəsinin (onlar şübhəsiz ki, azərbaycanlılar idi) köçürülməsindən bəhs edilir. Bu, həmən dövrdəki rus administrasiyasının əmri nəticəsində köç etməyə məcbur olan müsəlman ailələr barədə yeganə fakt deyil.
Tədqiqatçı həmin dövrdəki qafqaz administrasiyasının mövcud rəsmi sənədlərinin ümumi statistikasına istinad edərək, Qarabağdakı etnik və dini göstəricilər barədə rəqəmləri açıqlayıb. XIX əsrin əvvəlində Qarabağ xanlığında 22500 ailə yaşayıb, onların 17 minindən çoxu Azərbaycan türkləri idi. Bundan belə nəticəyə gəlmək olar ki, həmin dövrdə xanlıqda mövcud olan xristianların faiz göstəricisi 20% civarında olub, əhalinin 80%-ini isə Azərbaycan türkləri təşkil edib. Bölgənin siyasi və iqtisadi həyatında erməni-xristian faktorunun mövcudluğunun o qədər də böyük olmadığını əks etdirən və tarixi əhəmiyyəti baxımından çox əhəmiyyətli olan sübut Rusiya imperiyası və Qarabağ xanlığı arasında 1805-ci ilin 14 mayında imzalanmış Kürəkçay müqaviləsinin mətni, daha doğrusu şərtləridir. İş burasındadır ki, həmin müqavilədə Qarabağ erməniləri barədə bir kəlmə də yoxdur. Öz öhdəliklərini müəyyən edərkən, tərəflərdən heç biri xanlıqdakı xristian əhalinin hüquqları və himayəsi barədə məsuliyyəti öz üzərinə götürmür. Kürəkçay müqaviləsinin maddələrini açan tarixçi Kərim Şükürov Kürəkçay müqaviləsinin preambuladan və 11 maddədən ibarət olduğunu bildirir. Sazişin preambulasında İbrahim xanın Qarabağının və Şuşasının Rusiya imperiyasının təbəəçiliyinə keçməsindən bəhs edilir, maddələrdə isə sazişin şərtləri göstərilir. Kürəkçay müqaviləsinin 1,4,6,8 və 9-cu maddələrində İbrahim xanın öhdəliklərindən, 2,3,5,7-ci bəndlərdə isə Rusiya imperiyasının öhdəliklərindən söz açılır. Bütün maddələrdə mövcud olan əhəmiyyətli detal odur ki, İbrahim xan Qarabağ və Şuşanın xanı kimi göstərilir. 10-cu maddədə deyilir ki, saziş əbədilik imzalanır və heç nəyin dəyişilməməsini nəzərdə tutur. 11-ci maddədə müqavilənin ratifikasiyasından bəhs edilir. Kürəkçay müqaviləsində Qarabağ məliklikləri və ermənilərin xanlığa qarşı iddiaları barədə bir kəlmə də yazılmayıb.
- Ancaq Qarabağ ərazisində xristian əhali mövcud olub, elə deyil?
- Qarabağdakı xrisitian əhalisinə gələndə, azərbaycan tarixçiləri bunu heç vaxt inkar etməyiblər, irəli sürülən yeganə ədalətli tələb isə bu icmanın etnik mənsubiyyəti ilə bağlı olub.
Akademik Ramiz Mehdiyev gürcü çarı II İraklnin yanındakı Rusiya nümayəndəsi, 18-ci əsr dövlət nümayəndəsi və tarixçi S.D. Burnaşevin yazdıqlarına istinad edərək, Qarabağda "7000 xristian təsərüffatı”ndan bəhs edir. Bu xristian əhalisinə həm də ermənilər daxil idi, demək ki, "ermənilər Qarabağda xristian əhalisinin yalnız bir qismini əhatə edirdi”.
XIX əsrin əvvəlində çarizm Azərbaycan xanlıqlarının qapısının daha inadla döyməyə başladı. Qarabağı qorumaq üçün İbrahim xan çarizmlə sonda özünün faciəvi ölümüylə nəticələnəcək təhlükəli diplomatik oyuna girdi. Baxmayaraq ki, Rusiya Qarabağ xanını təbəəliyinə götürmüşdü, baxmayaraq ki, Kürəkçay müqaviləsinin şərtlərinə əsasən, Rusiya Qarabağ xanına və onun ətrafına söz vermişdi, ancaq sözünü tutmadı. Əvvəlcədən planlaşdırılmış və ermənilərin iştirakıyla qurulan xain danışıqlar nəticəsində İbrahim xan fiziki olaraq aradan götürüldü. Diplomatik istedadı olduqca yüksək olan Xanın avtoriteti Qarabağ əhalisi arasında çox yayğın idi, bu da Rusiyanın və əlaltılarının bölgədəki müstəmləkəçilik planlarına əngəl törədirdi. Xanın və azyaşlı uşaqlar olan ailəsinin vəhşicəsinə qətlə yetirilməsi çarizmi yuxarıda adı çəkilən sazişə formal cəhətdən də olsun əməl etmək əziyyətindən xilas etdi.
Düzdür, Rusiyanın tarix elmində bu gün də vəhşi cinayətlərə haqq qazandırmaq cəhdləri var, ancaq bu tarixi obyektivlik və hüquq baxımından qəbuledilməzdi. Rus tarixçiləri nə qədər iddia etsələr də - Fətəli şahın təzyiqlərinə baxmayaraq, İbrahim xan imzalanmış əksinə getməmiş və Rusiyanın əleyhinə Qacarlarla danışığa getməmişdi. İbrahim xanı və ailəsini qətlə yetirən çar ordusunun mayoru D. Lisaneviçin sonradan cəzalandırılmaması, əksinə hərbi rütbəsinin qaldırılması tarixi faktdır və siyasi terrorun real sifarişçisinin kimliyi ilə bağlı sualların yaranmasına səbəb olur. Sadalanan hadisələr kontekstində akademik Ramiz Mehdiyevlə razılaşmamaq mümkün deyil, o, İbrahim xan və ailəsinin qətlə yetirilməsində yuxarılardan sifariş gəldiyini bildirir, bu, çarizmin maraqlarına tam cavab verirdi. Dmitri Lisaneviçin İbrahim xandan gələcək "qəfil hərəkət”dən siğortalanmaq üçün cinayət törətdiyi barədə iddiası tənqidlərə davam gətirə bilmir, çünki xan İranın açıq düşmənlərindən biri idi, İranın hökmdarı Ağa Məhəmməd şah Qacar Şuşada öldürülmüşdü. Bütün bunlar cinayətin planlı şəkildə həyata keçirildiyini, Cənubi Qafqazın ən nüfuzlu idarəçilərindən olan İbrahim Xəlil xanın ölümünün heç də Lisaneviçin spontan hərəkətindən deyil, siyasi sifarişdən qaynaqlandığını deməyə əsas verir.
- Lisaneviçin karyerada sürətli yüksəlişində bu hadisənin rol oynadığını demək olarmı?
- Şuşa qarnizonunun keçmiş rəhbəri Lisaneviç Qafqazdakı xidmətini parlaq şəkildə davam etdirdi. 1824-cü ildə imperator I Aleksandrın şəxsi əmriylə Lisaneviçə general-mayor rütbəsi verildi və ona Qafqaz ordularının komandanı vəzifəsi tapşırıldı. Azərbaycanlı müəlliflərin ilkin mənbələr əsasında apardığı tədqiqatlar göstərir ki, İbrahim Xəlil xanın faciəli ölümü və digər intriqalarda ermənilər yaxından iştirak ediblər. Məsələn, azərbaycanlı araşdırmaçı Eldar Əmirov çarizmin alçaq cinayətinə, xanın və ailəsinin vəhşicəsinə öldürülməsinə haqq qazandırmağa çalışan rusiyalı həmkarı Vasili Kaşirinə ünvanladığı etiraz dolu məqaləsində ermənilərin bu terror aktında iştirakını göstərən sübutlar irəli sürür.
Amerikalı tədqiqatçı Aleksandr Etkin xanın köhnə düşməni, onun öldürülməsində iştirak edən erməni məliki Cəmşidin adını çəkir. Etkinin sözlərinə görə, düşərgəyə hücum etmək qərarını Lisaneviç vermişdi, ancaq bu qərarın verilməsinə səbəb olan məlumatı ötürən şəxs xanın sui-qəsdində maraqlı olan adamıydı. Xanı dönüklükdə günahlandıranlardan biri onun keçmiş düşməni Cəmşid adlı bir erməni məlikiydi. O uzun illər rusların xanı devirməsi, Qarabağın isə erməni qubernatorun başında durduğu protektoratlıq elan olunması fikriylə yaşamışdı. Ola bilsin, o bu postu özünün tutacağını nəzərdə tutmuşdu. 1797-ci ildə o, Gürcüstana köçmüş, Çar Pavelin təyin etdiyi 1400 rubl həcmində təqaüd almış, sonra isə yenidən Qarabağa qayıtmışdı. Aleksandr Etkin intriqantlar arasında İbrahim xanın oğlu Mehdi-Qulu və nəvəsi Cəfər-Qulunun adlarını çəkir, onlar yaranmış situasiyadan yararlanıb hakimiyyəti ələ keçirməyə can atırdılar. İstisna deyil ki, Lisaneviç özü də Qarabağın yeganə idarəçisi olmağa can atırdı, ona görə də ilk fürsətdə xanı ailəsiylə birlikdə qətlə yetirmişdi.
- Bəs Peterburqa itaət etməyən xanın aradan götürülməsi nə qazandırdı?
- Avtoritetli xanın aradan qaldırılması çarizmin əl-qolunun açılmasına imkan verdi və bununla xanlığın ilhaqının sonuncu mərhələsinə start verildi. 1804-1813-ci illər Rus-İran savaşı nəticəsində Qafqazda siyasi və hərbi cəhətdən təşəbbüsü ələ keçirən Rusiya 1822-ci ildə hələ də formal şəkildə suverenliyini saxlayan xanlığı ləğv etdi. Bu proses Azərbaycanın digər xanlıqlarına münasibətdə də həyata keçirildi. Nəticədə Azərbaycan xanlıqlarının ərazisi nəhəng Rusiya imperiyasının əyalətinə çevrildi, sonradan bu ərazilər Qafqaz canişinliyinin ayrıca administrasiyalarına bölündü. İbrahim xanın ölümündən sonra baş verən hadisələrdən və İranla Rusiya arasında imzalanmış Gülüstan müqaviləsiylə Azərbaycan tarixçisi Kərim Şükürovun sözlərinə görə, rus ordularının baş komandanı Yermolovun idarəçiliyi altında xanlıqların likvidisiyası həyata keçirilməyə başladı. 1819-cu ildə Şəkil xanlığı, 1820-ci ildə ildə isə Şirvan xanlığı, 1822-ci ildə isə Qarabağ xanlığı ləğv edildi. Qarabağ xanlığının ləğv edilməsiylə bölgə əyalətə çevrildi. 1823-cü ildən etibarən bu ərazidə çarizmin müstəmləkəçilik sistemi həyata keçirilməyə başlayır. Qarabağın bütövlüyünə imperator səviyyəsində qarantiya verən Rusiya sözünü tutmadı. Qarabağ xanlığının əsasında yaradılan əyalətin adı 1840-cı ildə Şuşa qəzası kimi dəyişdirildi. Sonradan isə bu ərazidə Şuşadan sonra, Cavanşir və Cəbrayıl qəzaları yaradıldı. Qarabağda İbrahim xanın və varislərinin idarəçiliyi Rus administrasiyası ilə əvəzləndi.
- Belə çıxır ki, hazırkı münaqişənin kökləri hələ o zaman qoyulub?
- Qarabağ xanlığının siyasi mirasının ətraflı və obektiv öyrənilməsi onunla aktualdır ki, müasir Azərbaycan tarixinin ağrı və bəlalarının toxumları məhz o zamanlar çarizm və erməni ideoloqları tərəfindən səpilib. Obrazlı desək, heç bir şişirtməyə yol vermədən demək olar ki, son illərdə Qarabağ xanlığının mövcud olduğu bölgədə baş verən hadisələr Azərbaycanın faciələrinin davamıdır. Qarabağ ərazisinə kütləvi köçürmə və ermənilərin yerləşdirilməsi, çoxəsrlik Alban Apostol Kilsəsinin ləğvi və digər addımlar, azərbaycanlıların sıxışdırılması və zəngin Azərbaycan mədəniyyətinin məhvi Qarabağ xanlığının ləğvinin nəticəsi idi.
74 illik mövcudluğu dövründə Qarabağ xanlığı Azərbaycan tarixinə çox sayda görkəmli dövlət xadimləri, beynəlxalq miqyasda baş verən mürəkkəb hadisələrə baxmayaraq, xanlığın müstəqilliyini qoruyub saxlamağa müvəffəq olmuş müdrik diplomatlar bəxş edib. Bundan başqa, Qarabağ xanlığının tarixi çoxsaylı müharibələr və mühasirələrlə zəngindir, onların çoxu Azərbaycan xalqının hərbi sənətdəki uğurlarının çox əhəmiyyəti səhifələrini tutur.
Təkcə Şuşa şəhərinin müdafiəsini xatırlamaq kifayətdir, Qarabağ xanlığının ordusundan qat-qat böyük olan Ağa Məhəmməd şah Qacarın ordusu dəfələrlə cəhd etsə də, müdafiə xəttini yara bilməmişdi, qarabağlıların ordusu görünməmiş müqavimət göstərmişdilər.
Heç şübhəsiz, Qarabağ xanlığının siyasi mirası özünün bütün zəfərləri və məğlubiyyətləri, yüksəliş və enişi, dahi şəxsiyyətləri ilə Azərbaycan tarixində çox əhəmiyyətli və qiymətli salnamə kimi mühüm yer tutur. Bu dərsləri hər bir azərbaycanlı yaxşı bilməlidir, böyük ərəb alimi İbn Halldunun təbirincə desəm, keçmişdə baş verən bu gün baş verənlə suyun iki damcısı kimi oxşardır. Tarix müəllim yox, nəzarətçidir, magistra vitae, o heç nə öyrətmir, öyrənilməyən dərslərə görə cəzalandırır. Qarabağ xanlığı mövcudluğu dövründə olduğu kimi, hal-hazırda da Azərbaycan bütün gücüylə erməni aqressiyasını dəf etməli və bu möhtəşəm və qədim diyara olan tarixi hüququnu müdafiə etməlidir.
Bu gün Qarabağ xanlığı mövcud deyil, ancaq o zamanlar yaranan yaralardan bu gün də qan axmaqda davam edir. Həminki əlbirlikdi, iştirakçılar və məqsədlər eynidir, sadəcə zaman dəyişib...
Yazdı: İvan Venjik
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox