Üzeyir Hacıbəylinin xatirəsi ABŞ Konqresində anıldı
ABŞ Konqresinin Nümayəndələr Palatasının 17 sentyabr tarixli plenar iclasında Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəylinin 130 illik yubileyi qeyd olunub.
Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundan Oxu.Az-a verilən məlkumata görə, bu münasibətlə ABŞ-ın Arizona ştatından olan konqresmen Paul Gosar çıxış edib.
Çıxışın nüsxəsi Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğuna təqdim olunub.
Çıxışının əvvəlində 18 sentyabr tarixinin "Üzeyir Hacıbəyli Günü” kimi tanındığını bildirən konqresmen, ölməz bəstəkarın Azərbaycan klassik musiqi sənətinin, o cümlədən tarixi-mədəni irsinin formalaşmasındakı rolundan danışıb.
O, Ü. Hacıbəylinin həyat və yaradıcılığı, o cümlədən müsəlman dünyasında ilk opera və operettanın banisi olması haqqında məlumat verərək, dahi bəstəkarın ənənəvi Azərbaycan musiqisi və Avropa klassik operasının sintezi əsasında yeni bir musiqi janrı yaratdığını qeyd edib.
www.ann.az