"Varlı qadın" qastrol səfərində
Dağıstan Kumık Musiqili Dram Teatrının kollektivi Əli Əmirlinin məşhur "Varlı qadın" komediyası ilə Rusiya Federasiyasının Qaraçay-Çərkəz Respublikasında qastrol səfərində olub.
Dağıstan Respublikasının Xalq artistləri Tutuxanım Osayeva, İmam Akauddinov, Rusiyanın əməkdar artisti Baysoltan Osayevin əsas rollarda oynadıqları tamaşa Qaraçaysk, Ust-Cequta və respublikanın paytaxtı Çərkəssk şəhərlərində 6 dəfə nümayiş etdirilib.
Rusiya Federasiyası Mədəniyyət Nazirliyinin dəstəyi ilə baş tutan qastrol səfəri böyük uğurla keçib. 2010-cu ildə Kumık teatrında tamaşaya qoyulmuş və özünə repertuarda möhkəm yer tutmuş "Varlı qadın" 2012-ci ildə Başqırdıstanın paytaxtı Ufa şəhərində keçirilən ənənəvi "Tuqanlıq" beynəlxalq teatr festivalında iki nominasiya üzrə mükafata layiq görülüb.
www.ann.az