Daxildən baxış: Vyana Dövlət Operası – REPORTAJ
Rüstəm Qasımov
Vyana Dövlət Operası musiqi mədəniyyəti mərkəzi, dünyanın ən məşhur opera teatrlarından biridir, hər il burada dünya opera sənətinin şedevrləri təqdim olunur.
Avstriyanın paytaxtı, möhtəşəm Vyana şəhəri opera sənətinin beşiyi sayılır, burada operanın özünəməxsus yeri var, o ayrıca bir dünyadır, nağıldır. Vyanada olsanız, heç olmasa bircə dəfə opera teatrına getməyiniz məsləhətdir, burada siz qeyri-adi atmosferi bütün hüceyrələrinizlə hiss edəcəksiz.
Yeri gəlmişkən, vyanalılar opera sənətinə hədsiz vurğundurlar, siz küçələrdə operadan danışan, kafelərdə, restoranlarda əlində kofe fincanı, yaxud şərab qədəhi tutmuş insanların opera müzakirə etməsinə şahid ola bilərsiniz. Biletlərə gəldikdə isə, onların qiymətləri fərqlidir. Məsələn, Vyana opera teatrında qiymətlər 10-240 avro arasında dəyişir. 12-30 dollara ucuz biletlər əsasən yuxarı qalereyalarda üçüncü cərgənin lojaları üçün nəzərdə tutulub.
Vyana opera teatrının zalına 2300 tamaşaçı sığır, adətən biletlərin hamısı satılır. Qiymətlər baha olsa da, tamaşalara hər gün gedən var. Bəzi daimi müştərilər və xaricdə yaşayanlar biletləri əvvəlcədən onlayn formada alırlar, elə sənətsevərlər var biletləri bir il əvvəldən sifariş verirlər. Dünyaca məşhur opera sənətçilərinin, məsələn, nömrə bir sayılan rusiyalı opera divası Anna Netrebkonun konsertinə bilet tapmaq müşkül məsələdir.
İndisə gəlin Vyana opera teatrının binasından danışaq. Bura Vyana memarlığının ən möhtəşəm nümunələrindən biri hesab olunur. Saray operası Vyanada 17-ci əsrdə yaranıb. Tamaşalar adətən müxtəlif məkanlarda keçirilirdi, ancaq 1861-ci ildə Vyana Opera Binasının tikintisinə start verildi, binanın inşası memarlar Avqust Sikard fon Sikadsburqa və Eduard van der Nyullaya həvalə olunmuşdu. Binanın tikintisi 1869-cu ildə yekunlaşdı, ilk tamaşa – Volfanq Amadey Motsartın "Don Juan” əsəri isə 25 mayda təqdim edildi. Vaxt keçdikcə opera Vyanada daha da genişləndi və Vyana Avropanın opera paytaxtına çevrildi. Bu statusu şəhər indiyəcən qoruyub.
Möhtəşəm gözəlliyinə və ecazkar dizaynına baxmayaraq, opera binası tikilib quratarandan sonra böyük qalmaqal yaratdı, ictimaiyyət və imperator memarların işindən razı qalmamışdılar. Onlar hesab edirdilər ki, fasad çox alçaq və ağırdır, quruluş isə hədsiz eklektikdir. Binanın içinin dizaynı zamanı dünyanın ən məşhur əsərlərinin fraqmentlərindən istifadə edilmişdi, opera teatrının binası isə imperator saraylarını xatırladırdı, bina o qədər nəhəng və möhtəşəm idi, ancaq yenə də insanları razı salmaq mümkün olmamışdı.
Nəticədə təzyiqə və imperatorun belə reaksiyasına döz bilməyən baş memar intihara cəhd etmişdi. Ancaq adətən olduğu kimi bir müddət sonra, vyanalılar binanı sevməyə və onunla qürur duymağa başladılar.
Qeyd etmək yerinə düşər ki, Avstriyanın işğalı zamanı (1938-45-ci illər) binaya ziyan dəymişdi. 1945-ci ildəki bombardman zamanı opera binası ciddi şəkildə zədələnmiş, yalnız 1955-ci ildə təmir edilmişdi. Həmin ildən ənənəvi illik ballara yenidən start verildi.
Vyana opera teatrında olarkən mən heyranlığımdan yerə-göyə sığmırdım, binanın interyeri, dizaynı o qədər gözəl, hər şey biri-birilə o qədər harmoniyadaydı ki, təəccübümü gizlədə bilmirdim. Binadakı xiyabanda Vyana opera teatrında çıxış etmiş və fəaliyyət göstərmiş əfsanəvi musiqiçilərin adları həkk olunmuş nişanələr var.
Opera binası o qədər nəhəngdir ki, orda asanlıqla azmaq olar. Opera binasında mağaza fəaliyyət göstərir, burada suvenirlər və digər maraqlı əşyalar satılır. Binada həmçinin 3 bufet zalı da var, buradakı divanlarda və kreslolarda oturub, əlində bir qədəh şərabla həyatdan zövq almaq mümkündür. Operaya baş çəkmək istirahətdir, insanlar burada istirahət edir və gözəlliklərdən həzz alırlar.
Dəbdəbəli pilləkənlərlə yuxarı qalxdıq, lojada olarkən bütün opera zalını görmək mümkün idi. Görüntü həqiqətən insana böyük həzz verirdi. Tamaşa başlayanda konferensyedən telefonların söndürülməsi barədə göstəriş gəldi. 2 saat yarım davam edən tamaşa zamanı bir dəfə də telefon səsi gəlmədi. Bakı yadıma düşdü. Bakıda tamaşalar zamanı nəinki telefon zənglərini, hətta telefonda danışan adamların zənglərini də eşitmək mümkündür. Vyana opera teatrında tamaşalar başlayan kimi qapılar bağlanır və gecikən heç kim içəri buraxılmır, ona görə də insanlar çalışırlar ki, tamaşaya vaxtından tez gəlsinlər.
Zaldakı hər bir kreslonun arxasında balaca monitorlar quraşdırılıb. Bu monitorlarda tamaşanın mətni subtitrlərlə almanca və ingiliscə təqdim edilir. Bunun sayəsində tamaşanın nədən bəhs etdiyini başa düşürsünüz.
Tamaşa bir neçə saat çəksə də, heç bilmədim vaxt necə gəlib keçdi. Səhnədəki aktyorların oyunu sadəcə möhtəşəm idi. "Verter” operasındakı əsas qəhrəman olan Şarlotta rolunu latviyalı Elina Qrança ifa edirdi, o messa-sopranoda dünyanın bir nömrəsi sayılır, Verter rolunu isə amerikalı tenor Metyu Polensani ifa edirdi. İstedadlı ifaçıların təkrarolunmaz ifası bizə qeyri-adi hisslər bəxş etdi.
Tamaşa izləyicilərin o qədər xoşuna gəlmişdi ki, alqışlar 10 dəqiqə susmaq bilmədi. Adəti üzrə ürəyi istəyən tamaşaçı opera ulduzundan xüsusi ayrılmış otaqda avtqoraf ala bilər.
Vyanada dövlət operasının daimi tamaşaçılarından biri, Avstriyada yaşayan Tereza Malekdən opera sənətinin onunçün hansı məna kəsb etdiyini soruşmaq qərarına gəldim. Mənim sualıma o belə cavab verdi: "Opera mənimçün xəzinə kimidir, o, dinləyicisini həyatın istənilən sahəsində spiritiual və mənən zənginləşdirməyə qabildir. Opera ətrafımızdakı dünyanın müxtəlif biliklərinə xüsusi yanaşmaq şansı qazandırır.
Operanın iki çox əhəmiyyətli xüsusiyəti var: musiqi insanın ruhuna toxunur, dinləyicini başqa bir dünyaya aparır, operanın tərkib hissəsi olan sözlər özünə məxsus interaktiv hekayədir, hansı ki, dinləyiciyə təsir edir, onu özünün bir parçasına çevirir. Tamaşaçı səhnədəki istənilən hərəkətin daimi protoqonistlərindən biridir və səhnə onun dünyagörüşünə güclü təsir edir.
Musiqi özündə böyük məlumat bazasını ehtiva edir və onda sonsuz sayda enerji və emosiya var. Hər şey həm də dinləyicidən asılıdır, o tamaşadan sonra nə qədər şeyi özüylə apara biləcək, tamaşa onun dünyagörüşünə və intellektual inkişafına nə qədər təsir edəcək. Bir sözlə, mən ruhuma gözəlliyi içirəm və mənən istirahət edirəm, həyatıma güc qatıram”.
Opera zalını tərk edəndə mən özümlə birgə ilahi musiqinin unudulmaz təəssüratını aparırdım, bu gözəl ifalar heç vaxt xatirimdən silinməyəcək. Musiqiyə belə həssaslıqla və hörmətlə yanaşıldığını görmək həqiqətən də heyratamiz idi. Vyana və klassik musiqi artıq çoxdandır ki, demək olar sinonim kimi sələnirlər. Bir sözlə, Vyana Avropanın klassiki musiqisi paytaxtıdır, onun qəlbi hər zaman musiqiylə döyünür və insanlarda vurğunluq yaradır.


































www.ann.az