ABŞ bir halda Rusiyaya qarşı sanksiyaları ləğv edə bilər
ABŞ prezidenti Barak Obama Rusiyaya qarşı sanksiyaları ləğv etməyə hazırdır.
ANS PRESS-in məlumatına görə, bu barədə Moskvada səfərdə olan ABŞ dövlət katibi Con Kerri deyib.
Onun sözlərinə görə, Rusiya Ukraynaya dair Minsk sazişlərinin bütün müddəalarını icra edərsə, Obama Moskvaya qarşı tətbiq edilən sanksiyaları ləğv edəcək:
"Mən prezident Obamanın vədlərini təkrarladım. Bu müddəalara, həmçinin, bütün topların və qoşunların ərazidən çıxarılması və Ukrayna sərhədinə suverenliyin qaytarılması da daxildir”.
Dövlət katibi bildirib ki, son illər Rusiya və ABŞ arasında fikir ayrılıqları olub, lakin, bu gün baş tutmuş danışıqlara oxşar predmetli, konkret diskussiyalar daha yaxşı nəticələrə nail olmağa imkan yaradır.
Hazırda ABŞ və Rusiya arasındakı münasibətlər Ukraynadakı vəziyyətə görə gərgin olaraq qalmaqdadır. 2014-cü il iyul ayının sonlarında Avropa Birliyi və ABŞ Rusiya iqtisadiyyatının bütün sektoru əleyhinə tədbirlər görməyə başlayaraq fiziki şəxslərə və şirkətlərə qarşı sanksiyalar tətbiq edib.
ABŞ prezidenti Barak Obama bu ilin mart ayında 2014-cü ildə tətbiq etdiyi sanksiyaların müddətinin uzadılması barədə qərar verib. ABŞ-ın Moskvadakı səfirliyi də bəyan edib ki, Obama istənilən vaxt bu sanksiyaları ləğv edə bilər.
Ukrayna hökuməti 2014-cü ilin aprel ayında ölkənin şərqində Rusiyameyilli separatçılara qarşı hərbi əməliyyatların başladılması ilə bağlı qərar verib. Qərb və Ukrayna siyasətçiləri bu məsələdə Moskvanı günahlandırır. Rusiya isə bunu təkzib edərək Ukraynanın daxili işlərinə qarışmadığını bəyan edib.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər