Obama nüvəsiz dünyadan yazır
«The Washington Post» qəzeti ABŞ prezidenti Barack Obama-nın məqaləsini dərc edib. «Nüvəsiz dünyanı necə reallığa çevirə bilərik» başlıqlı məqalədə prezident yazır ki, nüvə silahlarının yayılması və onlardan potensial istifadə dünyada güvənlik və sülhə ən böyük təhlükədir:
«Bu səbəbdən 7 il öncə Praqada vəd etdim ki, Birləşmiş Ştatlar nüvə silahlarının yayılmasını dayandıracaq və onsuz bir dünya yaradacaq. Bu yanaşma məndən öncəki demokrat və respublikaçı prezidentlərin siyasətinə söykənir. Ronald Reagan deyirdi ki, «nüvə silahlarını bir gün Yerüzündən tam yox etmək istəyirik»».
Martın 31-də Vaşinqtonda Nüvə Təhlükəsizliyi Sammiti başlanır. Obama yazır ki, bu sammitdə Praqa gündəliyinin əsas bəndini – terrorçuların nüvə silahı əldə edib ondan yararlanmasını əngəlləmək məsələsinimüzakirəyə çıxaracaqlar. ABŞ da, başqa ölkələr də yeni öhdəliklər götürəcək. Özünü «İslam Dövləti» (İŞİD) adlandıran silahlı qruplaşmanın törətdiyi təhlükəni nəzərə alan ABŞ tərəfdaş və müttəfiqləri ilə antiterror tədbirlərini götür-qoy edəcək.
Barack Obama-nın yazdığına görə, nüvə terrorçuluğunu əngəlləmək sahəsində irəliləyişlər var: Nüvə silahı olmayan dünyaya doğru konkret addımlar atılıb; nüvə silahlarının yayılmasını önləməkdən ötrü qlobal rejim gücləndirilir; öhdəliklərinə əməl edən ölkələrin dinc nüvə enerjisinə çıxışı naminə mülki nüvə əməkdaşlığı gerçəkləşdirilir:
«Yeddi il öncə dediyim beynəlxalq yanacaq bankı hazırda Qazaxıstanda tikilir. Bununla da ölkələr uran zənginləşdirmədən istədikləri enerjini alacaqlar... Praqada dediyim kimi, nüvə silahı olmayan dünyada təhlükəsizlik və sülhü tezliklə əldə etməyə bilərik. Yəqin mən o günü görmərəm, ancaq buna başlamışıq. Nüvə silahını işlətmiş tək ölkə olan ABŞ-ın bu silahın məhvinə liderlik etmək kimi mənəvi öhdəliyi var. Amma bu, tək bir ölkənin işi deyil və bütün dünyanın işinə çevrilməlidir». /Azadliq.org
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər