Spiker: "Ruhaninin Ermənistana səfər edəcəyinə inanmıram"
"İrana qarşı sanksiyalar tətbiq olunanda Azərbaycan qonşu ölkəyə qarşı hər hansı bir oyunda iştirak etmədi"
"Report"un məlumatına görə, bunu millət vəkili Zahid Oruc "Azərbaycan Respublikası hökuməti ilə İran İslam Respublikası hökuməti arasında Araz çayı üzərində "Xudafərin” və "Qız Qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisinin davam etdirilməsi, istismarı, energetika və su ehtiyatlarından istifadə sahəsində əməkdaşlıq haqqında” sazişin təsdiq edilməsi barədə qanun layihəsinə münasibət bildirərkən deyib.
Son günlərdə İranla Ermənistan arasındakı münasibətlərə toxunan deputat deyib: "İran prezidenti Ermənistanın xarici işlər nazirini qəbul edərkən Ermənistan prezidentinə xüsusi salam göndərir və ardınca da Yerevana gedəcəyini bildirir. Halbuki Azərbaycan öz siyasətində İsrail faktorunu nəzərə alsa da, biz İrandan bunun qarşılığını görmürük. İran parlamenti, siyasilər və dini elita bunu nəzər almalıdır. Biz İranofobiya tərəfdarı deyilik. Ancaq haqqı da deməyi bacarmalıyıq. Hesab edirəm ki, İran da Türkiyə kimi Ermənistanla sərhədi bağlasaydı, o zaman Qarabağ münaqişəsinin həllini yaxınlaşdırardı".
Deputat Fazil Mustafa "Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında Araz çayı üzərində "Xudafərin" və "Qız Qalası" hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisinin davam etdirilməsi, istismarı, energetika və su ehtiyatlarından istifadə sahəsində əməkdaşlıq haqqında" sazişin təsdiq edilməsindən sonra İrana Azərbaycan torpaqlarının işğaldan azad edilməsində birgə iştirak etməyin təklif olunmasını bildirib.
O vurğulayıb ki, İran Azərbaycanın İsraillə münasibətlərindən narahatdır, ancaq Azərbaycan aprel hadisələrində işğalçı Ermənistana bu silahlarla zərbə endirdi: "İranın Azərbaycan siyasətinin dəyişməsinə təsir edən istiqamətləri formalaşdıra bilərik. İran Azərbaycanın müstəqilliyində, möhkəmlənməsində maraqlı olmayıb. 1918-ci ildə Azərbaycan müstəqillik əldə edəndə də İran Azərbaycan adına qarşı olub, müstəqilliyimizi tanımayıb. Biz torpaqlarımızı işğaldan azad edəcəyik. Lakin İranın Ermənistanla əməkdaşlığı, hətta silah-sursat verməsi onun öz tarixində qara ləkə kimi qalacaq. Parlament tribunasından bu məsələnin səsləndirilməsi vacibdir”.
Deputat Qüdrət Həsənquliyev isə Azərbaycan torpaqlarını işğal edən Ermənistanı İranın ən yaxın müttəfiqi adlandırdığını xatırladıb: "İran rəsmiləri söhbətlərində bildirirlər ki, siz niyə İsraillə əməkdaşlıq edirsiniz?! Biz İsraillə ona görə əməkdaşlıq edirik ki, həmin ölkədən silah alaq və torpaqlarımızı işğaldan azad edək. Bəs İran Ermənistanla niyə əməkdaşlıq edir? Ona görə əməkdaşlıq edir ki, Ermənistan Azərbaycan torpaqlarını işğal altında saxlasın?! İranın ali dini lideri ayətullah Xamenei bu günlərdə deyib ki, etnik milli-tektonik xətlər var və bu münasibətləri gərginləşdirmək istəyən qüvvələr var. Bu səyləri İran özü göstərir. Hesab edirəm ki, şeyxülislam Allahşükür Paşazadə İranın dini liderinə müraciət etməlidir. Qarabağda məscidlərimizin çoxu donuzxanaya çevrilib, biz niyə buna qarşı susmalıyıq? Bu gün İran rəhbərliyinin Azərbaycana qarşı yürütdüyü siyasət dost siyasəti deyil. Əslində, Azərbaycanla dost münasibətləri İranda sabitliyə, regionun inkşafına xidmət edən amildir. İran orada yaşayan 30 milyon azərbaycanlının milli kimliyinə hörmət etməyəcəksə, bunun acı nəticəsini görəcəklər. İşğal altındakı torpaqlar həm də həmin azərbaycanıların siyasətidir”.
Milli Məclisin sədri Oqtay Əsədov isə İran İslam Respublikasının prezidenti Həsən Ruhaninin Ermənistana səfər edəcəyinə inanmadığını söyləyib: "İranla bağlı bəzi məsələlər həllini tapmalıdır. İran parlamentində Azərbaycanla bağlı belə çıxış etmirlər. Məsələlərin öz həll yolu var. Bu sazişlərin təsdiq edilməsi də bununla bağlıdır”.
Spiker İranın müstəqil dövlət olduğunu xatırladıb: "İran necə siyasət aparacaqsa, Azərbaycan tərəfdən də elə adekvat cavab alacaq. Biz bu məsələnin üzərində niyə belə çox dayanırıq?!".
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox