• $
  • £

Üzeyir Hacıbəyovun anım günüdür

Üzeyir Hacıbəyovun anım günüdür
23.11.2016 14:57
Bu gün dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyovun anım günüdür. 

Oxu.Az xəbər verir ki, bəstəkar 1885-ci il sentyabrın 18-də Şuşa qəzasının Ağcabədi kəndində doğulub.

Kənd mirzəsi ailəsində doğulan Üzeyirin valideynləri Ağcabədidən Şuşaya köçdükdən sonra ilk təhsilini buradakı ikisinifli rus-türk məktəbində alıb. Şuşanın zəngin musiqi-ifaçılıq ənənələri Ü.Hacıbəyovun musiqi tərbiyəsinə müstəsna təsir göstərib. Onun ilk müəllimi Azərbaycan musiqisinin gözəl bilicisi, dayısı A.Əliverdibəyov olub.

O, 1899-1904-cü illərdə Qori Müəllimlər Seminariyasında təhsil alıb. O, burada Avropa musiqi klassiklərinin əsərlərini mənimsəmiş, skripka və baritonda çalmağı öyrənib. Xalq mahnı nümunələrini nota köçürmək bacarığına yiyələnib. Seminariyanı bitirdikdən sonra Üzeyir Hacıbəyov Cəbrayıl qəzasının Hadrut kəndinə müəllim təyin edilib.

Ü.Hacıbəyov 1905-1907-ci illər inqilabı ərəfəsində Rusiyadan Bakıya gəlmiş, Bibiheybətdə, sonralar isə "Səadət” məktəbində dərs deyib. 1907-ci ildə Bakıda Azərbaycan türkcəsində "Hesab məsələləri” və "Mətbuatda istifadə olunan siyasi, hüquqi, iqtisadi və əsgəri sözlərin türki-rusi və rusi-türki lüğəti”ni nəşr etdirib.

Dahi bəstəkar bədii yaradıcılığa publisistika ilə başlayıb. O, "Kaspi”, "Həyat”, "İrşad”, "Tərəqqi”, "Həqiqət”, "İqbal”, "Yeni İqbal” qəzetlərində və "Molla Nəsrəddin” jurnalında "Ordan-burdan”, "O yan-bu yan” və s. başlıqlar altında "Ü”, "Filankəs”, "Behmankəs” və s. gizli imzalarla dövrün mühüm ictimai-siyasi, maarifçilik məsələlərinə dair çoxlu məqalə, felyeton və satirik miniatürləri ilə çap olunub.

1908-ci il yanvarın 12-də (yeni üsulla 25-də) Bakıda Hacı Zeynalabdin Tağıyevin teatrında göstərilən "Leyli və Məcnun” operası ilə təkcə Azərbaycanda deyil, bütün müsəlman Şərqində opera sənətinin əsasının qoyulması da Ü.Hacıbəyovun adı ilə bağlıdır. Operanın librettosu Füzulinin eyni adlı poeması əsasında yazılır.

Ü.Hacıbəyov 1909-1915-ci illərdə bir-birinin ardınca "Şeyx Sənan” (1909), "Rüstəm və Söhrab” (1910), "Şah Abbas və Xurşud banu” (1912), "Əsli və Kərəm” (1912), "Harun və Leyla” (1915) muğam operaların librettosunu xalq dastanları və rəvayətlər, Firdovsinin "Şahnamə” əsərinin motivləri əsasında yazmışdı. O, "Leyli və Məcnun”dakı üslub xüsusiyyətlərini və estetik sənət prinsiplərini sonrakı operalarında da davam etdirdi.

O, Azərbaycanda musiqili komediya janrının yaradıcısıdır (komediyalarının mətnini də özü yazıb). Onun "Ər və arvad” (1909, ilk tamaşası: 1910), "O olmasın, bu olsun” (1910, ilk tamaşası: 1911), "Arşın mal alan” (1913) musiqili komediyalarında inqilabdan əvvəlki Azərbaycan məişəti, xalq adət və ənənələri öz əksini tapıb. Ü.Hacıbəyov 1911-ci ildə musiqi təhsilini artırmaq üçün Moskvaya getmiş, həmin il burada filarmonik cəmiyyətin musiqi kurslarında, 1913-cü ildə isə Peterburq konservatoriyasında oxuyub. Peterburq dövrü Üzeyir Hacıbəyov yaradıcılığında mühüm rol oynayıb. O, "Arşın mal alan” musiqili komediyasını məhz burada yaradıb.

1937-ci il aprelin 30-da Azərbaycan Opera və Balet Teatrında ilk dəfə tamaşaya qoyulan "Koroğlu” operası (librettosu H.İsmayılov və M.S.Ordubadinindir) Ü.Hacıbəyov yaradıcılığının zirvəsini təşkil edir. Azərbaycan opera sənətinin incilərindən sayılan bu operada Üzeyir bəy ilk dəfə olaraq klassik opera formasına riayət edərək bitkin ariyalar, kütləvi xor səhnələri, müxtəlif ansambllar, balet nömrələri, reçitativlər ərsəyə gətirib.

O, 1948-ci ilin 23 noyabrında 63 yaşında dünyasını dəyişib. 

Üzeyir Hacıbəyovun doğum günü uzun illərdir ki, Azərbaycanda "Milli Musiqi Günü” kimi qeyd olunur.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Növbəti “Xarıbülbül” Musiqi Festivalına hazırlıqlar başlayıb
Mədəniyyət 18:07
Növbəti “Xarıbülbül” Musiqi Festivalına hazırlıqlar başlayıb
Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub - Yenilənib
Mədəniyyət 14:26
Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub - Yenilənib
Prezident Rasim Balayevin vəfatı ilə bağlı nekroloq imzalayıb
Mədəniyyət 13:36
Prezident Rasim Balayevin vəfatı ilə bağlı nekroloq imzalayıb
Raziyyə Şirinova vəfat edib
Mədəniyyət 07:58
Raziyyə Şirinova vəfat edib
İncəsənət təhsilində tədris məzmunu yenilənib – nazir
Mədəniyyət 11:40
İncəsənət təhsilində tədris məzmunu yenilənib – nazir
İTV "Avroviziya-2026"da təmsilçi və mahnı seçimi ilə bağlı müzakirələrə münasibət bildirib
Mədəniyyət 21:30
İTV "Avroviziya-2026"da təmsilçi və mahnı seçimi ilə bağlı müzakirələrə münasibət bildirib
Türkiyədə Pasxa tətili – inanc, tarix və baharın gözəlliyi bir arada -FOTOLAR
Mədəniyyət 12:52
Türkiyədə Pasxa tətili – inanc, tarix və baharın gözəlliyi bir arada -FOTOLAR
Azərbaycanda milli teatrın yaranmasının 153-cü ildönümü qeyd olunur
Mədəniyyət 09:45
Azərbaycanda milli teatrın yaranmasının 153-cü ildönümü qeyd olunur
Ərdoğan: İran böhranı ilə bağlı bütün ehtimalları nəzərdən keçiririk
Mədəniyyət 20:25
Ərdoğan: İran böhranı ilə bağlı bütün ehtimalları nəzərdən keçiririk
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol