Sosial problemlər fotoqrafların obyektivində - FOTOLAR
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə baş tutan "Sosial problemlər obyektivlərdə” adlı layihəsinin yekun tədbiri keçirilib.
ANN.Az xəbər verir ki, açılışda layihənin rəhbəri Cəmil İmranov çıxış edərək bildirib ki, lməqsəd gəncləri sosial problemləri həll etməyə daha çox cəlb etmək, onları həvəsləndirmək və sosial problemləri cəmiyyətdə daha çox işıqlandırmaqdır:
"Çalışdıq bu sərgi vasitəsilə gəncləri sosial problemlərə və cəmiyyətdə baş verənlərə, ətraf mühitin qorunması məsələlərinə biganə qalmamağa səsləməkdir. Layihəyə göndərilən fotolar göstərdi ki, gənclərimiz sosial problemlərlə yaxından maraqlanır, onların işıqlandırılması və həllində əllərindən gələni edirlər".

Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası (AGAT) təşkilatının sədri Nərgiz Xələf bildirib ki, sözügedən layihənin foto formatlı olması xüsusi önəm kəsb edir. Çünki bir problem barədə yüzlərlə ifadə işlətmək əvəzinə bir fotodan istifadə etmək çox zaman daha effektli olur:

"Bu cür layihələrdə gənclərin iştirak intensivliyini görmək çox gözəldir. Xarici ölkələrdən gələn turistlər daima Azərbaycanı gözəl və təmiz ölkə kimi təqdim edirlər. Gənclərimiz də ölkəmizin, paytaxt Bakımızın daha təmiz olması üçün çalışmalı, bu istiqamətdə əllərindən gələni etməlidir”.

Layihədə 4 əsas - gender bərabərliyi, heyvan haqları, insan sağlamlığı və ətraf mühitin qorunması istiqamətlərində fotolar sərgilənib.

Qeyd edək ki, layihə çərçivəsində ANN.Az-ın əməkdaşı, fotojurnalist Kamil Əmirlinin fotoları da sərgilənib.





Məqalənin və fotoların müəllifi: Kamil ƏMİRLİ
www.ann.az