Bakida yeni kitab mağazası açıldı - FOTOLAR

Bakının Yasamal rayonu ərazisində "Azərkitab" kitab mərkəzinin açılış mərasimi keçirilib. Üç mərtəbədən ibarət olan bu kitab mağazasında kiçikdən böyüyə qədər istənilən yaşda olan adamlar üçün müxtəlif mövzuda kitab tapmaq olar.
Mağazanın birinci mərtəbəsində uşaqların həm kitablara baxması, həm də əylənməsi üçün şərait yaradılıb. Valideynlər uşaqları əyləncə yerinə buraxıb onlara rahat kitab seçə bilərlər.
İkinci mərtəbədə oxucuların onları maraqlandıran kitablara əlüstü göz gəzdirmələri üçün kafe fəaliyyət göstərir. Burada həmçinin kitab həvəskarları şəxsi görüşlərini təyin edə bilər. Kitab mərkəzinin üçüncü mərtəbəsində konfrans zalı, rəssamların öz əsərlərini sərgiləməsi üçün sərgi salonu da fəaliyyət göstərir.

Mağazada minlərlə çeşiddə rus, azərbaycan və ingilis dillərində kitablar satılır. Bu barədə Anews.az-a məlumat verən mərkəzin direktoru, uzun müddət kitab biznesində fəaliyyəti ilə məşhurlaşan Cəmilə xanimin sözlərinə görə, mərkəzi açmaqda məqsəd Bakı sakinlərinin kitab almağa həvəsini artırmaq və bunun üçün rahatlıqlarını təmin etməkdir. "Son illər kitab almağa maraq cəmiyyətimizdə azalıb. Bunun səbəblərindən biri də vətəndaşların maraqlarına cavab verən kitab dükanlarının olmamasıdır. Metro stansiyalarının qabağında və ya şəhərin müxtəluf hissələrində açılan rahatsız yerlərdə kitab almaq insanlara zövq gətirməyə bilər. Odur ki, biz bu mərkəzi açmağa qərar verdik", - deyə Cəmilə xanım vurguladı.

Kitab mərkəzinin açılış mərasimində yazıçılar və millət vəkilləri də iştirak edib. Yazıçı Çingiz Abdullayev cəmiyyətdə kitab oxumağa marağın az olmasından danışdı. "Hazırda Azərbaycanda kitab oxuma səviyyəsi 11%-dir. Halbuki 20 il bundan qabaq bizdə durum tamam başqa idi. Adamlar saatlarla makulatura vermək üçün növbəyə dururdu ki, əvəzində nadir kitablara abunə ola bilsin. Amma biz nə etdik? Biz o sistemi 90-cı illərin başında bağladıq və həmin mərkəzlərin yerində corab və başqa xırdavat satan kiçik dükanlar açdıq. Azərbaycandan qat-qat kasıb olan Gürcüstanın paytaxtında 70-dən çox kitab mağazası var. Bakıda isə onların sayı 8-dir. Bölgələrdə isə kitab dükanı ümumiyyətlə yoxdur. Hər bir xalqın gücü onun nə qədər kitab oxuması ilə ölçülür. Bizim silahımız kitab olmalıdır. Ancaq kitabla silahlanan xalq Qarabağ və bu kimi milli problemlərinı həll edə bilər", - deyə yazıçı ürək ağrısı ilə vurğuladı.
O, həmçinin bildirdi ki, ölkədə fəaliyyət göstərən telekanallarda əsasən şou verilişlərinə üstünlük verilir, çal-çağır təbliğ olunur, göbələk kimi artan şadlıq sarayları reklam edilir. " Mən bilirəm bu sözlərimi heç bir telekanal yayımlamayacaq. Amma bu həqiqətdir ki, kanallarımız bir neçə kök xanımın yeyib içməyini göstərən verilişlər yayımlayır. Mən hələ bir dəfə də olsun telekanallarda hər hansı kitabın reklamına rast gəlməmişəm. Amma gündə bir neçə şadlıq sarayı reklam edilir", - deyə Çingiz Abdullayev bildirdi.
Azərbaycan Elmlər Akademiyasının vitse prezidenti İsa Həbibbəyli də öz növbəsində kitab mağazasının açılmasına yüksək dəyər verdiyini dedi.
"Belə mağazanın açılması çox yaxşı haldir. Mən buna sevinirəm. Ümid edirəm ki, xüsusilə gənclər bu mağazadan faydalanacaq".

Yeni açılan "Azərkitab" kitab mərkəzi Statistika dairəsinin yanında, Bakının Yasamal rayonu ərazisində fəaliyyət göstərir və onun qapıları hər gün səhər saat 9-dan axşam 20-ə kimi kitab sevərlərin üzünə açıqdır.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox 