Yayı İtaliyanın Friuli-Venesiya-Culiya vilayətində keçirin - FOTO

İtalyanın Friuli-Venesiya-Culiya vilayətinin Şərqi Avropada tanınmasını həyata keçirən nümayəndəsi Veronika Pertot tərəfindən keçirilən təqdimatda regionun coğrafi və iqlim xüsusiyyətləri, tarixi və mətbəxi haqqında iştirakçılara geniş məlumat verilib.

"Azərbaycanda ilk dəfəyik. Ümumiyyətlə, Qafqaz ölkələri bizim üçün yeni istiqamətdir. Ola bilsin Friuli-Venesiya-Culiya muxtar vilayəti haqqında az eşitmisiniz, ancaq burada Venesiya adı bütün dünyada məşhurdur. Venesiya birbaşa bizim əraziyə daxil olmasa da, çox yaxınıq. Bir tərəfdən Sloveniya,digər tərəfdən Avstriya ilə həmsərhədik. Bizim bölgə Avropanın mərkəzində yerləşir.Vilayətimiz bir tərəfdən Adriatik dənizin suları , digər tərəfdən isə Alp dağlarının bir hissəsi olan Dolomit sıradağları ilə əhatə olunub. Bizim yolların boş olması vilayətdə avtomobillə rahat səyahət etməyə imkan verir” - Veronika Pertot iştirakçılara məlumat verib.

Ərazisi səkkiz min kvadrat kilometrdən az təşkil edən vilayətin bir tərəfindən digər tərəfinə avtomobillə bir saat yarım vaxta çatmaq mümkündür. Vilayət strateji bir nöqtə hesab olnur və qərblə şərq arasında qapı rolunu oynayır. Buranın şəhərləri Milan, Venesiya və Romadan fərqlənir. Əsrlər boyu bölgədə hakimiyyət uğrunda döyüşlər gedib. Bu səbəbdən burada bir çox xalqların mədəniyyəti öz izini qoyub. Lyublyana və Trest beynəlxalq hava limanları regiona səfər etmək üçün ən yaxın aeroportlardır.
Təqdimat zamanı vilayətin görməli-gəzməli yerlərini əks etdirən qısa video çarxlar da nümayiş olunub.
Vilayətin paytaxtı Trieste şəhərində mədəni həyat olduqca zəngindir. Bir sıra teatrlar şəhərin canlı mədəni həyatında mühüm rol oynayır.

Onlar arasında 1801-ci ildə istifadəyə verilmiş Cuzeppe Verdi adına Opera teatrı da yer alır.Teatr memar Mateo Perş tərəfindən inşa olunub. M.Perş Milandakı məşhur "La Scala” teatrının memarı Cuzeppe Piyermarininin tələbəsi olmaqla yanaşı, özü də "La Scala” teatrın inşasında yaxından iştirak edib.

Trieste şəhərindəki Miramare qəsri 1856-1860-cı illərdə avstriyalılar tərəfindən inşa edilib.

Bu şəhər 1918-ci ilə qədər Avstriya imperiyasının əsarəti altında olub.2020-ci ildə Trieste Avropanın Elm paytaxtı elan olunacaq.
Bu bölgə İtaliyanın ümumi məşhur şəhərlərindən çox fərqlənir. Burada 3 xalqın mədəniyyəti öz əksini tapmışdır.

Bir tərəfdən İtaliya, digər tərəfdən Avstriya-Macarstan mədəniyyəti. Burada işləmək və fikir mübadiləsi məqsədilə müxtəlif xalqların nümayəndələri bir araya gəlib.Qeyd etmək lazımdır ki, Bakıdakı kimi burada da multidini cəmiyyət mövcuddur. Pravoslav kilsəsi, yəhudi sinaqoqu və digər dini azlıqların məbədlərinə rast gəlmək olar.
Triestə şəhəri Bakı kimi küləklidir. Havanın küləkli olması burada hər ilin oktyabr ayında Avropada yelkənli qayıqların ən böyük yarışı olan beynəlxalq "Barkolana reqatası”nın keçirilməsinə şərait yaradır.

Reqata yarışlarını izləmək üçün hər il şəhərə minlərlə turist təşrif buyurur.

Yarışları 250 mindən artıq tamaşaçı izləyir. 2000 qayıq eyni zamanda dənizə çıxır.

Friuli-Venesiya-Culiya muxtar vilayətin inzibati mərkəzi olan Udine şəhəri müxtəlif mədəniyyətlərin qovşağıdır.
Burada romalıların, avstriyalıların və almanların təsiri hiss olunur. 1420-ci ildən 1797-ci ilə qədər Udine şəhəri Friuli vilayəti ilə birgə Venesiya respublikasının tərkibinə daxil olub.

Dəfələrlə hücumlara məruz qalan şəhər sonralar Avstriya İmperiyasının nəzarətində olan Lombardo Venesiya krallığının tərkibində olub. 1866-cı ildə şəhər İtaliya Krallığına birləşdirilib.

Udine Kafedral kilsəsi Udine arxiyepiskopunun oturduğu kilsədir. Roma katolik kiləsinin yerində bir vaxtlar qədim müqəddəs İeronim kilsəsi yerləşib. 1967-ci ildə burada aparılan restavrasiya zamanı qədim kilsənin bönövrəsi aşkar edilib.Kilsə 1236-cı ildə Andeh Merania episkopi 7-ci Bertoldun əmri ilə inşa olunub və 1257-ci ildə istifadəyə verilib. 1348-ci ildə baş verən zəlzənə nəticəsində kilsə xeyli zədələnib. 20 il sonra tanınmış memar Pyotro Paolo Venesiya kilsəni bərpa edib. Memar yumru oyma pencərələri kiçildib və tağların formasını dəyişdirib.1383-cü ildə isə kilsənin uzunluğu artırılıb,iki əsr sonra isə yan kapellalar əlavə olunub.18-ci əsrdə kilsə təmamilə barokko üslubuna çevrilib. 20-ci əsrdə kilsənin tarixi görünüşünü geri qaytarmaq qərara alınıb və fasada 14-cü əsrin xüsusiyyətləri həkk edilib. 20-ci əsr boyu kilsədə aparılan restavrasiya işlərinin məqsədi binaya əvvəlki görünüşünü qaytarmaq olub.

Kilsənin mərkəzi fasadında 14-cü əsrdə yaşamış naməlum alman heykəltaraşının yaratdığı baştaq yerləşir. Baştaq Xilası simvolizə edən qorelyeflə bəzədilib.
Kilsədə Tyepolo, Pellerqrino da San Daniele, Domeniko da Tolmesso, Amalteo, Pordenone kimi məşhur fırça ustalarının rəsm əsərləri ilə tanış olmaq olar.

Kilsənin tağlarında fransalı rəssam Dorinya cənnəti təsvir edib. Mərkəzi kapelladakı alleqorik əsəsrlərin müəllifi də Dorinyadır. Məşhur Venesiya rəssamı Cambattista Tyepolo 1726-cı ildə burada müqəddəs kitabda bəhs edilən səhnələri freskolarla canlandırıb: Onlar arasında "İshaqın qurban verilməsi” və "Mələyin İbrahimin yanına gəlişi”ni əks etdirən səhnələri görmək olar.

Əyləncə, adrenalin, ekstremal istirahəti sevənlər üçün də Friuli-Venesiya-Culiya vilayəti əsl cənnətdir.

Qış mövsümündə uzunluğu 90 kilometr təşkil edən xizək yollarında aktiv istirahət növünə üstünlük verənlər tam təhlükəsiz mühitdə xizəkdə sürüşməkdən böyük zövq alırlar.

Snoutübinqlə (qarda hava ilə doldurulmuş kamerlarla sürüşmək) məşğul olmaq istəyənlər Piyankavallo şəhərciyindəki xizək kurortuna üz tuta bilərlər.Burada həmçinin xizək alpinizmi, konkidə sürüşmək üçün bütün şərait mövcuddur. Friulinin Dolomit Alp dağ massivi YUNESKO-nun Dünya təbii irs siyahısına daxil edilib.

Yay aylarında ailəvi istirahət etmək istəyənlər üçün Adriatik dənizin sahilində yerləşən Linyano kurortu çox əlverişlidir.

8 kilometr uzunluğu olan qızıl qum çimərliyində suyun dayaz və sakit olması buranı bütün ailə üzvlərinin istirahəti üçün ideal məkana çevirir.

Qrado şəhərindəki termal kurort Avstriya-Macarstan imperatorlarının sevimli istirahət yeri olub.

Mavi laqunaların əsrarəngiz gözəlliyi ilə yanaşı şəhərin xüsusi iqlimi burada günəşli günlərin kifayət qədər çox olmasına şərait yaradır. Bu səbəbdən Qrado "Günəş Adası” da adlandırılır. Termal suları ilə məşhur olan şəhər ailəvi istirahət sevənlər üçün olduqca gözəl məkan hesab olunur.
Friuli-Venesiya-Culiya vilayətinin mətbəxi Venesiya və slavyan mətbəxlərinin qarışığından ibarətdir. Habsburq və slavyan ənənələrini özündə birləşdirən Trieste və Qorisiya mətbəxinin əsasını göyərti, meyvə, göbələk və dəniz məhsulları təşkil edir.

Friuli-Venesiya-Culiya ağ çaxırları ilə çox məşhurdur. Regionda fəaliyyət göstərən 1500 müəssisədə hər il 8 milyon şüşə çaxır istehsal olunaraq bütün dünyaya ixrac edilir.
Vüsal Əzizov
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox 