Ərdoğanın Bakıya səfəri başlayır
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri başlayır.
AzVision.az xəbər verir ki, Ərdoğan və onu müşayiət edən nazirlər Ankarada yerləşən Əsənboğa hava limanından bu gün yerli saatla 09:30-da (Bakı vaxtı ilə 10:30) Bakıya yola düşəcək.
Ərdoğan Azərbaycan prezidenti İlham Əliyev, Qazaxıstanın dövlət başçısı Nursultan Nazarbayev və Gürcüstanın baş naziri Georgi Kvirkaşvili ilə birliklə Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı münasibətilə keçiriləcək tədbirə qatılacaq.
Ərdoğanın səfəri çərçivəsində Azərbaycan və Türkiyə nümayəndə heyətləri arasında ikitərəfli görüş keçiriləcək. Görüşlərdə Dağlıq Qarabağ münaqişəsi başda olmaqla bölgədə və beynəlxalq aləmdə baş verən hadisələr müzakirə ediləcək.
Oktyabrın 31-də Ərdoğan Azərbaycan prezidenti İlham Əliyevlə birgə Türkyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının 6-cı toplantısında iştirak edəcək. Nazirlərin iştirakı ilə keçiriləcək toplantıda iki ölkə arasında əməkdaşlığın inkişaf etdirilməsi məsələləri müzakirə olunacaq.
Ərdoğanın Bakıya səfəri Türkiyə ilə Azərbaycan arasında diplomatik əlaqələrin qurulmasının 25-ci ildönümünə təsadüf edir.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər