• $ 1.7
  • € 1.9044
  • ₽ 0.02125
  • ₺ 0.0438
  • £ 2.264

Dostoyevskiyə niyə ölüm hökmü verilmişdi? - E-kitab

Dostoyevskiyə niyə ölüm hökmü verilmişdi? - E-kitab
17.11.2014 13:58

16 noyabr tarixdә bir çox hadisәlәrlә yadda qalıb. Lakin әdәbiyyatsevәrlәr üçün 1849-cu ilin 16 noyabrı unudulmaz tarixdir. Mәhz bu tarixdә dahi rus yazıçısı Fyodor Mixayloviç Dostoyevskiyə mәhkәmә qәrarı ilә ölüm hökmü verilib. 

Kult.az Edvard Halet Karın Dostoyevski dühasına hәsr olunmuş kitabının dördüncü hissәsindәn “Fәlakәt” başlığı altında yazılmış yazını tәrcümәsini tәqdim edir. Dostoyevskinin iyirmi sәkkiz yaşında mühakimә olunub, ölüm hökmünә məhkum edilməsinin әsas sәbәbi çoxlarına mәlumdur. Lakin bu sәbәbi meydana gәtirәn başlıca nüanslar, fikir ayrılıqları vә bəzi sәnәdlәr ucbatından dәqiq öyrәnilmәyib. 

Sözügedәn hadisәyә qarışanlar – onların çoxunun Sorğu Komissiyasında saxlanılmış ifadәlәri mövcuddur – komissiyanın sahib olduğu mәlumatları belә tәkrar-tәkrar dilә gәtirib, üstәlik çoxsaylı yalanlar danışmaqdan da çәkinmәyiblәr. Mәhkәmә sәnәdlәrinә indi nәzәr yetirildikdә komissiyanın vә cinayәtkarları sorğulayan hәrbi mәhkәmәnin lazım olan әsas faktları tapıb, ortaya çıxarmağa müvәffәq ola bilmәdiyi aydın görünür. 

Dostoyevskinin bu hadisә ilә bağlı sonradan verdiyi şәrhlәr diqqәt çәkir. O, mәsәlәyә bir tarixçi kimi yox, әxlaq müdafiəçisi kimi yanaşır. 

Rәsmi bioqrafiya yazarları və 1917-ci ildә onların yolunu davam etdirәnlәr Dostoyevskini bir inqilabçı kimi qәlәmә vermәkdәn boyun qaçırmaqla yanaşı, baş verәn hadisәlәri ört-basdır etmәyә çalışıblar. 1917-ci ildәn sonrakı rus yazıçıları isә  bu mövzuya tez-tez toxunub vә Dostoyevskinin inqilabi obrazını şişirtmәyә cəhd ediblər.

 Mәlum hadisәnin әsas tәşkilatçısı xarici işlәrdә çalışan Petraşevski adlı biri idi. Tәrәfdarlarına “Petraşevtsi” vә ya “Petraşevskinin adamları” deyirdilәr. Petraşevski iyirmi beş yaşında idi: uzun qara saçları, ispansayağı paltosu, böyük şlyapası vә qalın çəliyi ilә melodramalardakı suiqәsdçi obrazlarını xatırladırdı.

 1846-cı ildә bir neçә dostu ilә birlikdә “Rus dilinә yeni daxil olan sözlәr lüğәti” adlı iki cildli kitab nәşr etdirir. Kitabda yer alan sözlәrin tәrcümәsi vә onlara yanaşma özündә qәrәzlilik әks etdirirdi. Bundan xәbәr tutan vәzifәli şәxslәrdәn biri senzura sәbәbindәn kitaba qadağa qoydu vә satılmamış kitablar bir-bir toplanmağa başladı. 

Hazırladıqları lüğәtin tez bir zamanda ölkәdә әks-sәda doğurmasından tәsirlәnәn Petraşevski dostlarını vә yeni-yeni ortaya çıxan tәrәfdarlarını hәr hәftә evinә yığmağa başlayır. Hәr hәftә tәşkil olunan yığıncaqlarda әvvәl on, on beş nәfәr toplansa da, sonradan onların sayı artır. Sözügedәn mәclisdә qadağa olunmuş kitab әldәn-әlә dolaşır, Rusiyadakı insan hüquqları, ailәlәrin vәziyyәti, mәtbuat azadlığı, ideal cәmiyyәt mövzuları müzakirә olunur. Edilәn söhbәtlәr gözәl olsa da, bunların reallaşması mümkün deyildi. Dostoyevski bir dostuna bu məclis haqda belә demişdi: “Liberal rolu oynamaq istәklәrini ora getmәklә tәmin edirlәr”.

 Daha sonralar isә Dostoyevski öz mәhkәmә çıxışında deyir: “Petraşevskinin cәmiyyәtindә heç vaxt birlik, müәyyәn bir siyasәt, bir ümumi mәqsәd olmayıb”. 

Valeriyan Maykov Petraşevskinin köhnә dostlarından biri idi. Lüğәtin әrsәyә gәlmәsindә onun da kömәyi olmuşdu. Dostoyevski vә Apollon Maykov Valeriyanın kömәkliyi ilә Petraşevskinin adamlarına qoşulmuşdular. 1846-1847-ci illәrdә Dostoyevskinin qardaşı da onlara qoşulur. Bir il sonra sözügedәn birlik otuz daimi üzvüylә fәaliyyәt göstәrmәyә başlayır. 

1845-ci ildә rus maarifçiliyinin gәnc nümayәndәlәri on il öncә dәbdә olan alman şeirini vә fәlsәfәsini bir kәnara atmış, әdәbiyyat vә siyasәtdә Fransanın yolunu tutmuşdular. Seynt Simonun “insanların qardaşlığı” ideyasını әsas götürmüş vә xristianlıqda yeni bir dini cәrәyan axtarmağa başlamışdılar. Bunun üçün onların әsas götürdüklәri kitab “Le vrai christianis – Suviant Jesus Christ” idi. Bu kitab Dostoyevski hәbs olunanda onun әşyaları arasında tapılmışdı. Sözügedən kitab rəsmi xristianlığa tamamilə qarşı idi – xilas kilsənin ümidsiz divarları arasında deyil, utopik kommunizmdə idi.

Bu insanlar xoşbəxtliyi və xilas yolunu insanların bərabərliyində, firavan yaşamasında görürdülər. Hər halda, onları anlamaq bizim üçün daha asandır, nəinki rus polisi üçün. Rəsmi dini böyük bir nifrətlə qarşılayan bu gənclər fransız utopiyasını araşdırarkən öz xilas yollarını burda görürlər. Amma onlar qətiyyən siyasi inqilabçı deyildilər və bu haqda heç düşünmürdülər də. Onların tək amalı Peterburqda insan düşüncəsi və əxlaqına edilən təzyiqi aradan qaldırmaq, öz təsəvvürlərindəki ideal cəmiyyəti yaratmaq idi. Bu gənclər reformist də deyildilər və sui-qəsdçilərlə yaxından-uzaqdan bir əlaqələri yox idi… 

Amma onların bu məsumluğu rus polisinə inandırıcı gəlmədi. 1848-ci ilin fevral ayında Fransada baş tutan inqilab Filipin monarxiyasını devirməyə müvəffəq oldu. Və bu uğurlu inqilab sürətlə bütün Avropaya yayılmağa başladı. Bunu görən Birinci Nikolay öz ölkəsindəki təhlükə mənbələrini araşdırdı. Önəmli bir şeyə rast gəlmədikdə haqlı olaraq, bütün şübhələrini Petraşevski və onun tərəfdarlarında cəmləşdirdi. Petraşevski və onun tərəfdarları Fransaya və onun ədəbiyyatına çox yaxın idi. Deməli, Fransada baş tutan inqilab Nikolayın ölkəsində də baş verə bilərdi. Bu səbəbdən o müəyyən orqanlara Petraşevskini və onun tərəfdarlarını gizli təqib etmək tapşırığı verdi. 

Əvvəl-əvvəl təbii ki, Nikolayın bu tapşırığı bir nəticə vermədi. Bir müddət sonra isə Avropada baş verən ardıcıl inqilablar bu gənclərə də təsir göstərdi. Fransada və Almaniyada cərəyan edən hadisələr çay içib, tütün çəkən maarifçi gəncləri oyatdı. Onlar başa düşdülər ki, nəsə etməlidirlər. 

1849-cu ildə gənclər təqib olunduqlarından xəbərsiz, Durov adlı bir aristokrat gəncin və 30 yaşlı, keçmiş dənizçinin evində yığışmağa başladılar. İlk iclaslar Petraşevskinin evində baş tutan yığıncaqlardan heç nə ilə fərqlənmədi. Daha sonra isə Speşnev Lvov adlı gənclə Filipov qurumun ideyalarını çap edib ölkə ərazisində yaymağı tövsiyə etdilər. Qurumun nisbətən cəsarətsiz üzvləri buna qarşı çıxsa da, rəhbərlik bu fikri bəyəndi. Filipov şübhə çəkməmək üçün lazım olan ləvazimatları ölkənin dörd bir yerindən əldə etdi. 

Sonralar Sorğu Komissiyası bu çap alətini tapa bilmədi. Bu səbəbdən Dostoyevskinin çap işi ilə əlaqədar göstərdiyi xidmət sübutsuz qaldı. Çap aləti, üzvlərin həbsindən bir müddət öncə təsadüfən tam uzaq bir məkana göndərilmişdi. Bununla da dahi yazıçının bəxti gətirmişdi. Çap aləti və onunla əlaqədar olan müəyyən sənədlər komissiyanın əlinə keçsəydi, Dostoyevski birbaşa edam olunacaqdı… 

Polis qurum haqda müəyyən təsəvvürlərə malik olsa da, üzvləri, qurumun amalı və fəaliyyəti haqda elə də məlumatlı deyildi. Bu səbəbdən hər zaman əl atdıqları yola əl ataraq, Petraşevskinin tərəfdarları arasına öz adamını – Antonellini salır. Antonelli 11 martdan 27 aprelə qədər baş tutan bütün iclasların hesabatı tuturvə bunu əlaqəli qurumlara çatdırır.

Elə bu hesabat komissiya üçün kifayət idi. 22-23 aprel tarixində polis qurumun daimi üzvlərini – otuz dörd nəfəri həbs etdi. Dostoyevski qardaşları da bu həbs olunan gənclər arasında idi. 

Dostoyevski “Peter və Paul” qalasında düz səkkiz ay məhkum həyatı yaşadı. İlk əvvəllər yazıçıya kağız və qələm belə verilmədi. İlk dörd ay həbs olunanların işlərinə baxıldı və bəziləri sərbəst buraxıldı. Bundan sonra iyirmi üç nəfərin işi hərbi məhkəməyə göndərildi. Bu müddətdə Dostoyevski yazılı ifadə verdi və komissiya tərəfindən altı dəfə sorğuya çəkildi. 

“Cinayət və cəza” əsərində məşhur Raskolnikov və Zasimov dialoqu var. Bu səhnədə Raskolnikov qarşısındakı məmurun onun haqqında hansı təsəvvürlərə malik olduğundan xəbərsiz olduğu üçün əziyyət çəkir, etiraf edib-etməyəcəyini,  nə deyib, nə deməyəcəyini götür-qoy edə bilmir. Bu səhifələri Dostoyevskinin öz həyatından yazdığı heç bir şübhə doğurmur. Dostoyevskinin komissiya önündəki tək günahı 15 aprel tarixində Rusiyada qadağa olunmuş Belinski məktubunu oxuması idi. Dostoyevski Belinski ilə Qoqol yazışmalarını oxumasının tək səbəbinin “ədəbi maraq” olduğunu dəfələrlə vurğulasa da, o, məhkəməni buna inandıra bilmir. İyirmi dörd il sonra Dostoyevski öz duyğularını belə ifadə edir: “Bizi kiçicik bir peşmanlıq belə duymadan, dar ağacının önündə dayandıq və hökmü dinlədik. Mən , əlbəttə ki, hər kəsin adından danışa bilmərəm. Amma böyük əksəriyyətimiz inancımızdan dönməyi şərəfsizlik hesab edirdik, desəm, yanılmaram”. 

Hərbi məhkəmə 20 sentyabrdan 16 noyabra qədər davam etdi və həbs olunan iyirmi üç nəfərdən iyirmi birinin edam olunması qərara alındı. 19 noyabr tarixində Çarın razılığını alan generalın qərarı ilə edam hökmü ləğv edildi. Petraşevski ömrünün sonuna qədər mədən karxanalarında çalışmağa məhkum edildi. Speşnev eyni cəzanı on iki il müddətliyinə aldı. Dostoyevski və Durov isə səkkiz illik hökmə məhkum edildilər. Çar bu həbsin müddətini azaldıb dörd ilə endirdi. Digər məhkumlara da oxşar cəzalar verildi. 

Ölüm hökmü rədd edilmişdi, amma insanlara nümayişkaranə şiddət göstərmək lazım idi. Bununla bu gənclər nələr yaşaya biləcəklərini görər və daha qorxu içində həyat sürərdilər. 

Əfv edildiklərindən xəbərsiz olan məhkumlar edam yerinə hər zaman olduğu kimi arabalarla gətirilirlər. Ölüm hökmü oxunur və rahib günahların bağışlanması üçün məhbuslara dua oxumağa başlayır. Bundan sonra qurbanlar sıraya düzülür və ilk üç nəfərin əlləri bağlanılır, atəş açacaq dəstənin qarşısına yerləşdirilir. Elə bu zaman çarın əfvini əlində gətirən gənc onların önündə dayanır və əfvi səsləndirir. Bundan sonra məhbuslar yenidən öz yerlərinə aparılır. 

Bu hadisə Dostoyevskinin həyatında silinməz bir iz qoydu. Xəstəlik həddinə gəlib çatmış əsəbiliyi məhz bu hadisənin nəticəsidir. Yazılarında dahi yazıçı dönüb-dolaşıb yenə bu mövzuya toxunur. Onun personajı Mışkin belə deyir: “Bir insanı cinayət törətdiyi üçün edam etmək, cinayətin özü ilə müqayisə oluna bilməyəcək dərəcədə böyük bir hadisədir. Edam edilmək, bir quldur tərəfindən öldürülməkdən daha dəhşətlidir. Bir quldurun məsələn, gecə vaxtı meşədə öldürdüyü adam sonuncu dəqiqəyə qədər qaça biləcəyini, xilas ola bilmə ehtimalını düşünür… Amma edamda ölümü on dəfə asanlaşdıran bu ümid yoxdur, əminlik var onda, dəqiq və qaçılmaz bir qərar var ki, bu qərarın dəqiqliyi işgəncə və dəhşət doğurur. Yer üzündə bu işgəncədən böyük işgəncə isə yoxdur… İnsan təbiətinin dəli olmadan buna tab gətirə biləcəyini kim deyir? Bu çirkin, lazımsız, faydasız alçaltmaya nə ehtiyac var? Bəlkə də, elə bir insan var ki, o, bu işgəncəni yaşayıb, üzünə ölüm hökmü oxunub, sonra isə ona “get səni bağışlayırıq”  deyiblər? Bu dəhşəti İsa dilə gətirib. Xeyr, bir insanla belə rəftar etmək olmaz”…

Kult.az

Oxşar xəbərlər
Oxşar xəbərlər
Kurt Vonnequt. GÜLÜMSƏYİN, İNDİ QUŞ ÇIXACAQ. (Hekayə)
E-kitab 12:06
Kurt Vonnequt. GÜLÜMSƏYİN, İNDİ QUŞ ÇIXACAQ. (Hekayə)
E-Kitab: Qrem Qrin. Bu barədə düşünəndə təəccüblənirsən. (Hekayə)
E-kitab 12:04
E-Kitab: Qrem Qrin. Bu barədə düşünəndə təəccüblənirsən. (Hekayə)
E-Kitab: İvan Bunin. San-Fransiskolu cənab (Hekayə)
E-kitab 12:04
E-Kitab: İvan Bunin. San-Fransiskolu cənab (Hekayə)
E-Kitab: Əkrəm Əylisli. Nənəmin tütün kisəsi. (Hekayə)
E-kitab 12:04
E-Kitab: Əkrəm Əylisli. Nənəmin tütün kisəsi. (Hekayə)
Cek London. Qadın qoçaqlığı (Hekayə)
E-kitab 11:59
Cek London. Qadın qoçaqlığı (Hekayə)
E-Kitab: Viktor Pelevin. NİKA (Postmodernist hekayə)
E-kitab 11:29
E-Kitab: Viktor Pelevin. NİKA (Postmodernist hekayə)
E-Kitab: Stefano Benni. Bumeranq. (Hekayə)
E-kitab 11:29
E-Kitab: Stefano Benni. Bumeranq. (Hekayə)
E-Kitab: Orxan Fikrətoğlu. Susuz hovuzun qumrusu. (Hekayə)
E-kitab 11:29
E-Kitab: Orxan Fikrətoğlu. Susuz hovuzun qumrusu. (Hekayə)
Rey Bredberi.Elektrik bədəni nəğmələrimdə tərənnüm edirəm. (Fantastik hekayə)
E-kitab 11:07
Rey Bredberi.Elektrik bədəni nəğmələrimdə tərənnüm edirəm. (Fantastik hekayə)
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol