• $ 1.7
  • € 1.94
  • ₽ 0.021438
  • ₺ 0.0432
  • £ 2.3031

Nərmin Kamal yazır: Böyük kukla evləri

Nərmin Kamal yazır: Böyük kukla evləri
11.11.2014 15:10
Baxırsan ki, səhər açılıb, qadınlar, kişilər əllərində çanta işə gedirlər. Avtomobillər, avtobuslar, qatarlar şütüyür, insanları iş yerlərinə çatdırmağa tələsir. Budur, çatırlar, bura Elmlər Akademiyasıdır, Nazirlər Kabinetidir, Hökumət Evidir, universitetdir, kitabxanadır, televiziyadır, partiyadır və başqa bu kimi yerlərdir. 
Paltolarını asılqandan asıb keçirlər masa arxasına. Bu kağızları götürüb o qovluğa qoyurlar, o kağızların üstünə möhür vurub bura qoyurlar, qələmi götürüb nəsə yazırlar, qeydlər aparırlar, iclas edirlər, konfrans keçirirlər, böyük elmi işçi, kiçik elmi işçi, direktor, baş katib, müavin, akademik, professor, mühazirə otağı, dərs cədvəli, dissertasiyaların şkafı, dərkənar, elmi plan-prospektlər, müzakirələr, müdafiələr, tədbirlər, layihələr... Uzaqdan əsl, doğruçu elm, incəsənət, ədəbiyyat, dövlət müəssisələrində olduğu kimi görünürlər. Yapar kimi görünürlər. Edər kimi davranırlar. Bunlar heç olmasa Qərb ölkələrində olan müvafiq müəssisələrin surətləridirmi? Xeyr, bunlar heç o orijinalların surətləri də deyil. Bunlar əsli ilə düz deyil. Bəs bunlar nədir, nəyin, hansı orijinalın surətləri, kölgələridir? 
Nəhayət ki, orijinalı tapmışam. Orijinal iki yerdə saxlanır. Onlardan biri Londonun şərqində yerləşən Uşaqlıq Muzeyindədir. Bu yaxınlarda orada gəzirdim, cürbəcür dövrlərdən qalmış oyuncaqlara tamaşa edirdim. Gəzə-gəzə evciklər adlı pavilyona girdim. Orda hərəsi 1 metr yarım – 2 metr hündürlüyündə bir neçə dənə ev vardı. Zahirən Qərbi Avropa şəhərlərindəki mülklərə, Bakıda birinci neft milyonçularının tikdirdiyi binalara oxşayırdılar. “Bu mən boyda evlər də oyuncaqdırmı, kimin oyuncağıdır?!” - mən fikirləşdim.
Pəncərələrindən içəri baxanda ən xırda məişət əşyasına qədər dayalı-döşəli olduqları görünürdü. Kabinetdə kitablardan tutmuş mətbəxdə çömçələrə qədər, isitmə sisteminin yerləşdiyi qazanxanadan tutmuş hamamlara qədər, - bunlar əsl evlərin yalançı modelləri idi. Taxtadan yonulmuş insan fiqurları otaqlarda müxtəlif vəziyyətlərdə düzülmüşdü. Biri masa arxasında oturdulmuşdu, əlinə kitab yapışdırılmışdı, biri əlində fincan, guya çay içirdi, o biri telefonla danışırdı. 
Yaxınlaşıb izah lövhələrini oxudum. Birində yazılmışdı ki, bu kukla evi 17-ci əsrdə yaşamış, adı bizə məlum olmayan varlı bir adamın uşaqlarına məxsus olub. O birində yazılmışdı 19-cu əsrdə Liverpul zənginlərindən biri öz evini tikmiş bənnaya balaca uşaqları üçün də eynilə o formada oyuncaq ev sifariş verib. Kraliça həmin kişinin evinə qonaq gedəndə onun da uşaqları bu evciklə oynayırlarmış. 
Zənginlərin uşaqları qapılardan, pəncərələrdən əllərini içəri salıb kuklalarını bu böyük evciklərin içində gəzdirir, yatırır, yedirir, danışdırır və başqa rol oyunlarına girirlərmiş. Necə ki, biz uşaqlıqda xala-xala, evcik-evcik oyanayardıq. Həkim, müəllim və başqa rol oyunlarını oynayanda özümüzü doğruçu həkim, müəllim kimi hiss edərdik. 
Azərbaycanda da insanlar özlərini alimliyə, siyasətçiliyə belə vururlar. Yapar kimi görünürlər, edər kimi görünürlər. Rola girirlər, var sayılırlar. Onların orijinalının saxlandığı ikinci yer Bekonscot Model Village-dir. 
Orada açıq səma altında böyük ərazidə iri bir kənd salıblar, hər şey əsl kənddə olduğu kimidir; çoxlu gözəl evlər, kilsə, xəstəxana, futbol meydançası, yalançı çay, otlayan heyvanlar, evlərin arasından şütüyən qatarlar, uzaqda fırlanan yel dəyirmanı elə təbii təəssürat yaradır ki, bütöv bir qəsəbə qaynar həyat yaşamaqdadır. Kilsədən xor səsi gəlir, evlərdən insan səsləri gəlir, pivəxanadan cingilti, gülüş yayılır, zavod çax-çux işləyir. Ancaq sən bunun nömrə olduğunu bilmək üçün ona yaxınlaşmalısan, səmadasansa  vertolyotunu aşağı endirməlisən. Yalnız onda sən bu qaynar qəsəbə həyatının qurğu, oyun olduğunu görəcəksən. Necə ki, Azərbaycanda elm, incəsənət, ədəbiyyat, idarəetmə müəssisələri gözəl binaların içərisində yerləşir, o binalardan kənara iş səsləri yayılır, bacasından yemək qoxuları tüstülənir, qapısından qaşqabaqlı insanlar çıxır.
Nərmin Kamal 
BBC Azeri
Oxşar xəbərlər
Oxşar xəbərlər
ADY bayram günlərində gücləndirilmiş rejimdə fəaliyyət göstərir
Cəmiyyət 20:10
ADY bayram günlərində gücləndirilmiş rejimdə fəaliyyət göstərir
Yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 17:51
Yollarda görünüş məsafəsi məhdudlaşacaq
Göygöldə qəza olub,maşın su kanalına düşüb
Cəmiyyət 16:45
Göygöldə qəza olub,maşın su kanalına düşüb
Tovuzda oğul anasını balta ilə öldürüb, bacısını isə yaralayıb - Yenilənib
Cəmiyyət 16:10
Tovuzda oğul anasını balta ilə öldürüb, bacısını isə yaralayıb - Yenilənib
Bakıda bu parkinqlərdə qiymətlər artırılıb - Video
Cəmiyyət 14:26
Bakıda bu parkinqlərdə qiymətlər artırılıb - Video
Goranboyda minik maşını dəmir arakəsməyə çırpılıb
Cəmiyyət 14:25
Goranboyda minik maşını dəmir arakəsməyə çırpılıb
"Azərsun Holdinq" Qurban bayramında minlərlə ailəyə bayram sovqatı hədiyyə edib
Cəmiyyət 12:54
"Azərsun Holdinq" Qurban bayramında minlərlə ailəyə bayram sovqatı hədiyyə edib
Ermənistanın Azərbaycanla sərhəd bölgəsində iki nəfər itkin düşüb
Cəmiyyət 12:41
Ermənistanın Azərbaycanla sərhəd bölgəsində iki nəfər itkin düşüb
Sabahın haba proqnozu
Cəmiyyət 12:20
Sabahın haba proqnozu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol