"Besedka"da yaşayan ailə ilə bağlı ŞOK İDDİA - VİDEO

Paytaxt Bakıda dörduşaqlı ailə çöl həyatı yaşayır.
BAKU.WS xəbər verir ki, ata Tarverdi Sayadov (6.04.1960), ana Leyla Sayadova (25.09.1983) azyaşlı uşaqları Əfsanə Sayadova (04.01.2009), Miryusif Sayadov (15.10.2012), Fatimə Sayadova (02.05.2014) və Mustafa Sayadovla (23.11.2016) birlikdə 6-cı mikrorayon ərazisində binaların həyətindəki "besedka"da məskunlaşıb.
Ailənin böyük qızı - 9 yaşlı Əfsanə 246 saylı orta məktəbdə oxuyur, əlaçıdır. Böyük oğlu - 6 yaşlı Miryusif Hepatit C xəstəsidir. Digər uşaqlar isə 4 və 2 yaşlarındadır.
Evsiz-eşiksiz olduğunu, dövlətdən sosial yardım ala bilmədiyini deyən ailənin gündəlik ərzaq tələbatını və digər ehtiyaclarını onlara acıyan xeyirxah insanlar təmin edir.
35 yaşlı Leyla Sayadova 1-ci qrup əlildir. Bərdədə doğulub, anası vəfat etdikdən sonra Xocalıda yaşayan bibisinin himayəsinə verilib. Xocalı faciəsində 2 gün erməni mühasirəsində olduğunu deyir:
"Xocalı faciəsində 2 gün erməni mühasirəndə olmuşam. Qolumda, qıçımda qəlpələr var. Tüfənginin qundağı ilə başımdan vurulan zərbədən başımın bir tərəfi dağılmışdı. Bir gözüm görmür, digər gözüm isə kor olmaq üzrədir. 3 dəfə cərrahiyyə əməliyyatı keçirib, başının bir hissəsi silikondur".
Leyla Sayadova Bərdə rayonunda, həyat yoldaşı Tarverdi isə Qobustan rayonu Nərimankənd kəndində qeydiyyatdadır. O, deyir ki, 2006-cı ildə rəsmi nikaha daxil olduqdan sonra həyat yoldaşı köçkün olmadığı üçün köçkünlük statusu əlindən alınıb. Bununla da köçkünlər üçün nəzərdə tutulmuş imtiyazlardan məhrum edilib.
"Əlilliyimə görə 140 manat pensiya alıram. Yataqxanada yaşayanda yoldaşım arada-bir fəhləlik edirdi. Özü 2-ci qrup əlildir. Qarabağda döyüşüb. 4 il 7 ay döyüşüb. Buna baxmayaraq veteran vəsiqəsi yoxdur. Qarabağda döyüşdüyünü sübut etmək üçün məhkəməyə müraciət etməliyik. Düzü istədik bunu edək, amma döyüş yoldaşlarının çoxu həlak olduğundan fikrimizdən daşındıq. Yoldaşımın həqiqətən də müharibə iştirakçıısı olduğunu sübut edən faktlar var, sadəcə maddi imkanımız olmadığından bunları edə bilmirik".
Yerli sakinlə rəsmi nikaha girmiş qadının problemi artıq "Qaçqınkom”u maraqlandırmır
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Beynəlxalq əməkdaşlıq, ictimaiyyət və mətbuat xidməti Departamentinin direktoru İbrahim Mirzəyev BAKU.WS-ə açıqlamasında, yerli sakinlə rəsmi nikaha girmiş köçkün qadının köçkünlük statusu ləğv olunmadığını bildirdi:
"Status qalır, lakin vahid aylıq müavinətin verilməsilə bağlı qanuna əsasən, yerli sakinə ərə getmiş qadının nə özü, nə uşaqları müavinət ala bilməz. Qadın boşandıqdan sonra da bu imtiyaz geri qayıtmır. Yəni, ananın köçkün statusu saxlanılsa da, bu imtiyazlar geri qayıtmır”.
Yerli vətəndaşla rəsmi nikaha girməklə imtiyazlardan məhrum olan Leyla Sadayeva kömək üçün H.Əliyev Fonduna müraciət edib. Fonddan göndərilən məktubda ailənin probleminin həlli üçün Binəqədi rayon İcra Hakimiyyətinə göstəriş verilib.
Məsələ ilə əlaqədar Binəqədi rayon İcra Hakimiyyətinin mövqeyini öyrənmək istədik. İcra hakimiyyətində məsələyə cavab verəcək səlahiyyətli şəxslə əlaqə saxlamaq mümkün olmadığından bu sualı açıq saxlayırıq.
Azərbaycan uşaqlar birliyinin sədri Kəmalə Ağazadə: Məqsəd dövləti şantaj edib, ev almaqdır
Azərbaycan uşaqlar birliyinin sədri, uşaq hüquqları müdafiəçisi Kəmalə Ağazadə düşünür ki, ailə küçədə məskunlaşmaqla dövləti şantaj edir və bu yolla Bakıda ev və ya torpaq istəyir. Dörd uşaqdan insanlarda mərhəmət hissi yaratmaq üçün istifadə edir:
"Leyla Sadayevanı çox yaxşı tanıyıram. Sizi əmin edirəm, qadın çox ciddi psixoloji problemi olan bir insandır. Vaxtilə uşaqları ilə birlikdə mənim sığınacağımda qalıb. Bu ailə 6-7 ildir bu yoldadır. Məqsəd dövləti şantaj edib, ev almaqdır. Şamaxıda ərinin ata mülkü var, gedib orada yaşaya bilərlər. Qeydiyyatları da oradadır. Qadının məqsədi Bakıda ev, ya da torpaq almaqdır".
Kəmalə xanım çıxış yolunu uşaqların anadan alınıb, dövlətin himayəsinə verməkdə görür: "Mən polis bölməsinə də bu barədə məlumat vermişəm. Dövlət orqanlarının nümayəndələri belə bu qadının həyasızlığından çəkinirlər. Düşünürlər ki, həyasızlığın nəticəsi uşaqların başında çatlaya bilər. Mən də onlara izah edirəm ki, nə qədər çatlamayıb, komissiya yaradılsın və məsələ həll edilsin. İcra hakimiyyətinin Qəyyumluq komissiyası, Hüquq-mühafizə orqanlarının Yetkinlik Yaşına Çatmayanlarla iş üzrə inspektoru, DİN-in Ailə, Qadın və Uşaq Komitəsinin uşaq məsələlərinə baxan bir əməkdaşı - hüquqşünası dərhal komissiya yaradıb o uşaqları anadan uzaqlaşdırmalıdır.
Aidiyyatı qurumlar onlara yaxınlaşa bilmir. Həmişə yanlarında benzin saxlayırlar. Deyir, uşaqlarımı əlimdən alsalar, özümü də, uşaqları da yandıracam. Elə bilirsiz doğrudan özlərini yandırmaq istəyirlər? Yox! Sadəcə xof yaratmaqdır. Bunun adı şantajdır".
Leyla Sayadova uşaqlarının əlindən alınıb dövlətin himayəsinə verilməsini heç cürə qəbul etmir: "Bir gün olsa belə uşaqlarımdan ayrı qalmaram. Mən onları dövlətə, vətənə xeyirli bir övlad kimi yetişdirmək istəyirəm. Qızım Əfsanə əlaçıdır. İstəyirəm onları oxudum, savadlı böyüdüm. Mənim istədiyim balaca bir otaqdır, bir də sosial yardım. Versinlər, içinə girim, uşaqlarımı böyüdüm. Başqa heç nə istəmirəm".
Uşaq hüquqları müdafiəçisi Kəmalə Ağazadənin müdaxiləsindən və uşaqlarının əlindən alınacağını düşünən ana Binəqədi rayon Polis İdarəsi 7-ci polis bölməsinə şikayət edib. Kəmalə xanım da öz növbəsində polisi və aidiyyatı qurumları məlumatlandırdığını deyir.
Ana haqlıdır, ya yox, istənilən halda ortada bir ailə faciəsi yaşanır və bundan dörd azyaşlı uşaq əziyyət çəkir. Görünən mənzərə isə budur; gələcəyimiz küçədə böyüyür...
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər