Xaricdə yüksək vəzifə tutan azərbaycanlılar
BiG.AZ saytı bu dəfə də xaricdə yüksək vəzifəyə təyin olunan azərbaycanlıları təqdim edir:
- Azərbaycanlı gənc Zaur Darğallı Kvemo Kartli bölgəsinin qubernatoru Qriqol Nemsadzenin müavini təyin olunub.
Darğallı bu vəzifəyə təyin olunmamışdan öncə Barışıq və Vətəndaş Bərabərliyi məsələləri üzrə Dövlət nazirinin müşaviri olub.
Zaur Füzuli oğlu Darğallı 1988-ci ildə Marneuli şəhərində anadan olub. İlya Çavçavadze Dövlət Universitetini bitirib. 2007-2009 illərdə bir sıra regional və beynəlxalq media qurumlarında jurnalist kimi fəaliyyət göstərib. Z. Darğallı paralel olaraq 2007-2010-cu illərdə Marneuli Gənclər Mərkəzində bir sıra layihələrin rəhbəri olub.
2010-2012 illərdə Amerika Birləşmiş Ştatlarının Reqional İnkişaf Aqentliyinin Kvemo Kartli bölgəsindəki ofisinin rəhbəri vəzifəsində çalışıb.
-Azərbaycanlı 26 yaşlı gənc Emin İsmayıl BMT-nin humanitar əlaqələr departamentində işə qəbul olub.
26 yaşlı gənc bakalavr təhsilini Nyu York Şəhər Universitetində bitirib.ə
-Azərbaycanlı jurnalist Rəna Nəzərova Kiyev şəhər şurasında ilk azərbaycanlı deputat olub.
Rəna Nəzərova Kiyev dövlət telekanalının əməkdaşıdır. Həmin kanalın "Kievski forum” proqramının baş redaktoru vəzifəsində çalışır. Rəna Nəzərovanın deputatlığı namizədliyi məşhur boksçu Vitali Kliçkonun lideri olduğu "UDAR" blokundan irəli sürülmüşdü.
25 may 2014-cü ildə Kiyev şəhər şurasına keçirilən seçkilərdə deputat seçilib.
Bu il Türkiyədə keçirilən növbədənkənar parlament seçkilərində azərbaycanlı Şamil Ayrım qalib gəlib.
Qeyd edək ki, Şamil Ayrım XXI çağırış İstanbul millət vəkili olub.
-ABŞ Hərbi Dəniz Donanmasında "John” ləqəbli komandir, həmyerlimiz Nəimi Əmirəl ABŞ Müdafiə Nazirliyində F-35 tipli sonuncu nəsil döyüş təyyarələrinin beynəlxalq satişlar departamentində Baş İnteqrator və heyət başçısı təyin edilib.
Xatırladaq ki həmyerlimiz artıq 16 ildir ki ABŞ Hərbi Dəniz Donanmasının zabitidir.
-ABŞ-da yaşayan Qarabağ Fondunun təsisçisi Adil Bağırov Ohayo ştatının Deyton şəhər Təhsil Şurasının rəhbəri seçilib.
Adil Bağırov hələ 2013-cü ildə Amerikanın ən önəmli dövlət vəzifələrindən hesab edilən Təhsil Şurasının yeddi üzvündən biri seçilmişdi. Bununla da, Birləşmiş Ştatlarda rəsmi vəzifəyə seçilən ilk Amerika azərbaycanlısı adını almışdı. Deyton Təhsil Şurasının 500 milyon dollarlıq illik büdcənin istifadə edilməsi və 14 min şagirdin oxuduğu dövlət məktəblərinə nəzarət etmək kimi səlahiyyəti var.
1978-ci il təvəllüdlü Adil Bağırov Vaşinqtonda qeyri-adi toyu ilə səs-küy salmışdı. 2013-cü ilin aprel ayında türk əsilli Sevin Elekdağ ilə ailə quran cütlüyün toy mərasimində Amerika, eləcə də Azərbaycan və Türkiyədən nüfuzlu qonaqlar iştirak etmişdilər. Hətta ABŞ Konqresinin sabiq spikeri Bob Livinqstonun ləzginka rəqsini oynaması hər kəsi təəccübləndirmişdi.
Həmyerlimiz hazırda iki uşaq atasıdır.
-Azərbaycanlı rəssam, jurnalist və bir çox musiqi kliplərinin rejissoru Röyal Paşayev ABŞ-da Google şirkətinin art direktor vəzifəsinə təyin olunub.
Nyu-Yorkda yaşayan Röyal Paşayev 25 dekabr 1985-ci ildə Gəncədə anadan olub. Sonradan ailəsi ilə birlikdə Ukraynaya köçüb. Orada orta məktəbi bitirdikdən sonra valideynləri yenidən Bakıya qayıdıb və o, 2003-cü ildə jurnalist kimi işə başlayıb. 2004-cü ildə Odlar Yurdu Universitetinə daxil olub, 2008-ci ildə isə jurnalistika üzrə magistr dərəcəsini alıb.
R. Paşayev H.O.S.T-un təsisçilərindən biri və "MadHouse Community" musiqi leyblının meneceridir.
2007-ci ildə fəaliyyətə başlayan H.O.S.T-un yaradıcılarından biri olan R.Paşayev qrupun bütün simvollarının, posterlərinin, konsertlərin vizual dizaynlarının, eləcə də yüzlərlə mahnı albomunun üz qabığının müəllifidir.
2015-ci ildə Royal Paşayev "Magdalena" adlı incəsənət layihəsini təqdim edib. Bu layihənin fərqi onda idi ki, rəssam məşhur qadınları fərqli hicablarda təsvir etmişdi.
-Tatarıstanın Nazirlər Kabineti yanında Əsas Arxiv İdarəsinin rəisi vəzifəsinə əslən Azərbaycandan olan xanım rəhbər təyin olunub.
2005-ci ildən bu vəzifəni idarə edən Danil İbrahimov təqaüdə çıxıb. Hal-hazırda bu vəzifə İradə Əyyubovaya həvalə olunub.
İradə Əyyubova 1971-ci ildə Bakı şəhərində anadan olub. O, Azərbaycan Dövlət Neft Akademiyasını (ADNA) mühəndis-riyaziyyatçı ixtisası üzrə bitirib. Daha sonra Tatarıstana köçərək orada hüquqşünas ixtisası üzrə də təhsilini davam etdirib.
O, müxtəlif vəzifələrdə işləyib, hətta Tatarıstan Respublikasının mədəniyyət nazirinin birinci müavini də olub.
-İsveçdə baş tutan parlament seçkilərində azərbaycanlı bacılar millət vəkili seçiliblər.
Aylin Fazelian Sosial-Demokrat Partiyasından İsveç parlamentinə, bacısı 34 yaşlı Ayda Kərimli isə Mərkəz Partiyasından deputat olublar.
Aylin Fazelianın 26 yaşı var. O, 14 yaşından Sosial-Demokrat Partiyasının fəalıdır. 22 yaşında əyalət parlamentinin üzvü seçilib. 4 il ərzində partiyanın Qadınlar Təşkilatının idarə heyətinin ən gənc üzvü olub. Partiyanın qadınlar üzrə beynəlxalq təmsilçisidir.
Aylin Fazelian 11 bələdiyyə tərəfindən seçki vərəqəsində ikinci namizəd olub.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox