7 rayonun qaytarılması RAZILAŞDIRILIB
Sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli
Publika.az-a müsahibəsində Rusiya prezidenti Vladimir Putinin
Azərbacana səfəri, Dağlıq Qarabağ münaqişəsi, habelə Düşənbədə
İlham Əliyevlə Nikol Paşinyan arasındakı ayaqüstü söhbət və digər
məsələlərlə bağlı sualları cavablandırıb.
- Sentyabrın 27-də Rusiya və Azərbaycan prezidentləri
arasında son bir ay ərzində ikinci görüş keçirildi. Bu, iki dövlət
arasında münasibətlərin səviyyəsi haqqında hansı fikirləri
söyləməyə əsas verir? Ümumilikdə, Rusiya lideri Vladimir Putinin
Bakı səfərini necə qiymətləndirirsiniz?
- Sanksiyalar altında yaşayan Rusiya yaxın qonşuları ilə daha
yaxşı və sərfəli münasibətlər qurmağa çalışır, onların hər birinin
etibarlılılıq dərəcəsini, iqtisadi və siyasi potensialını, həmçinin
digər meyarları nəzərdən keçirərək münasibətlər qurur. Azərbaycanın
həm iqtisadi potensialı, həm Rusiya ilə qurulmuş iqtisadi əlaqələr,
o cümlədən Azərbaycanın münasibətlərdə ciddi etibarlılıq nümayiş
etdirməsi, qarşılıqlı anlaşmanın dərinliyi və bir-birinə
etibarlılıq dərəcəsinin yüksək olması belə görüşlərin sıx qrafikdə
keçirilməsini zəruri etmişdir. Səfərlər zaman imzalanan sənədlər və
aparılan söhbətlər sübut etdi ki, Rusiya-Azərbaycan münasibətləri
hazırda postsovet məkanında Rusiya-Qazaxıstan münasibətlərindən
sonra ən yaxşı xətt üzrə davam edir.
- Vladimir Putinin Bakı səfərində Azərbaycan Prezidenti
İlham Əliyevlə təkbətək görüşü keçirildi. Bu görüşün gündəliyini
təxmin etmək olarmı?
- Prezidentlərin görüşlərində müzakirə olunan iqtisadi
xarakterli məsələlər iqtisadi sazişlərdə öz əksini tapdı və
sazişlər imzalandı. Amma zənn edirəm ki, belə təkbətək görüşlərdə
sırf siyasi xarakterli məsələlər müzakirə edildi. Bu məsələlərin
içində Dağlıq Qarabağ problemi önəmli yer tutdu. Hər halda,
Azərbaycan Prezidentinin məmnunluğundan belə hiss etmək olardı ki,
ölkəmizin ən ağrılı problemi olan Dağlıq Qarabağ problemi üzrə
Rusiya ilə anlaşma dərəcəsi yüksələn xətt üzrə gedir və tərəflər
100 faiz olmasa da, problemin ən azından 90-95 faiz detallarında
ortaq məxrəcə gələ biliblər. Zənnimcə, razılaşdırılmış məsələlərin
həyata keçirilməsi bir qədər vaxt alacaq, çünki Rusiya bu gün
Ermənistanla soyuq davranır. Və həm də bu soyuqluq Putinin
Ermənistana nəzərdə tutulmuş səfərini bu ilin sonuna, növbəti ilin
əvvəlinə qədər təxirə salıb. Rusiya bu səfərlə Ermənistana gözdağı
vermək istəyir ki, Moskvanın təklif etdiyi nizamlanma prosesindən
kənara çıxmasınlar. Rusiyanın təklif etdiyi nizamlanma prosesinin
bəzi çalarları bəllidir, bu məsələlər bizi tam qane etməsə də,
onların cilalanması prosesi gedə bilər və hesab edirəm ki, İrəvanı
da razı salmaq istəyi hiss olunur.
- Qeyd edirsiniz ki, Dağlıq Qarabağ problemi üzrə Rusiya
ilə anlaşma dərəcəsi yüksələn xətt üzrə gedir və tərəflər 100 faiz
olmasa da, problemin ən azından 90-95 faiz detallarında ortaq
məxrəcə gələ biliblər. Razılaşdırılan detalların nədən ibarət
olduğunu söyləmək olar?
- Sizcə, Azərbaycanın Dağlıq Qarabağ üçün təklif etdiyi status modeli Moskvada necə qarşılanır?
- Dünya praktikasında muxtariyyətin belə formaları var. Məsələn,
Aland adaları və Kataloniya formalarını göstərmək olar. Onlar
dövlətlərin yuridiksiyasına olsalar da, özünüidarəetmə üzrə yüksək
hüquqlara malikdirlər. Biz də dünya praktikasından kənara çıxmaq
fikrində deyilik və vətəndaşlarımız olmuş ermənilərə öz
vətəndaşlarımız kimi yanaşmağa və onların hüquqlarını tam təmin
etməyə zəmanət verməyə hazırıq. Moskvada da müxtəlif dairələrin
buna münasibəti müxtəlif ola bilər. Amma Rusiya öz ərazisindəki
onlarla xalqa verilən muxtar statusları göz önünə gətirməlidir.
Azərbaycan Rusiya ərazisindəki muxtar qurumlar və respublikalara
verilən səlahiyyətlər qədər Dağlıq Qarabağa səlahiyyətlər verməyə
hazırdır. Rusiya ərazisində ən yüksək səlahiyyətlərə sahib subyekt
Tatarıstan Respublikasıdır və Azərbaycan belə statusu Dağlıq
Qarabağa verə bilər.
- Nyu-Yorkda Azərbaycan və Ermənistan xarici işlər
nazirlərinin görüşü keçirildi. ATƏT-in Minsk Qrupunun həmsədrləri
görüşə dair bəyanatla çıxış etdilər. Bəyanatda həmsədrlərin görüş
zamanı tərəflərdən narahatlıq doğuran bəyanatlar və insidentlərlə
bağlı izahat istədikləri bildirilir. Vasitəçilər qeyd ediblər ki,
hərtərəfli nizamlanma bütün tərəflərdən güzəştlər tələb edəcək.
Belə çıxır ki, nazirlərin görüşü kifayət qədər gərgin atmosferdə
keçib...
- Bunu gözləmək olardı. Danışıqların 3 saata qədər davam etməsi
də onun gərgin atmosferdə keçməsinə dəlalət edir. Ermənistan xarici
işlər naziri Zoqrab Mnasakanyanın görüşdən əvvəl səsləndirdiyi
fikirlər, yəni bir işğalçı dövlətə məxsus şüarlar səsləndirməsi,
"Kəlbəcəri ona görə vermirik ki, orada zəngin su ehtiyatları var”,
"Ağdamı ona görə verə bilmərik ki, buradan Dağlıq Qarabağı atəş
altında saxlamaq imkanları var” və sair bu kimi heç bir məntiqə
uyğun olmayan, heç bir hüquqi aktlara söykənməyən, gülüş doğuran
fikirləri danışıqlarda da eyni ampulada çıxış edəcəyini göstərirdi.
Ermənilər 20 ildən çoxdur davam edən danışıqlar prosesinin üstündən
xətt çəkməyə, yeni danışıqlar fəlsəfəsini uydurmağa çalışırlar.
Amma bu danışıqlar fəlsəfəsində nə beynəlxalq qanunlar, nə də
məntiq elminin diktə etdiyi normala nəzərə alınır. Bir sözlə,
qeyri-ardıcıl və sistemsiz baxışlar, ürəkbulandırıcı fikirlərlə
müşayiət olunan bəyanatlar göstərir ki, Ermənistanda yeni rejim nə
oturuşmuş sistem qura bilib, nə oturuşmuş xarici siyasət xətti
formalaşdıra bilib. Özlərinin beynində dumanlı şəkildə mövcud olan
fikirləri bəyan etməklə qarşı tərəfi bir az da əsəbiləşdirmək və
gərginləşdirmək xətti götürüblər. Azərbaycanı belə şeylərlə
kompromislərə vadar etmək mümkün deyil. Kompromislərə gəlincə,
Dağlıq Qarabağ məsələsində Azərbaycanın ciddi güzəştlərə getməsini
nəzərdə tuturlar. Amma Azərbaycan öz kompromislərini vaxtında edib,
yeni kompromislər isə Dağlıq Qarabağa veriləcək yüksək statusla
bağlıdır. Azərbaycanın bundan artığını etməyə imkanı yoxdur və
kompromis limitini yüksək status təklifi ilə bitmiş hesab etmək
olar.
- Putinin Azərbaycana səfər etdiyi gün Müdafiə Nazirliyi
Belarusdan "Polonez” əməliyyat-taktiki raket komplekslərinin
növbəti partiyasının ölkəmizə gətirildiyini açıqladı. İki hadisənin
eyni gündə baş verməsi təsadüf idimi?
- Azərbaycan çox ciddi dövlətçilik ənənələrinə malikdir. Özünün
daxili və xarici siyasətini milli maraqlarına uyğun olaraq qurub.
Bu milli maraqların tələb etdiyi məsələləri də hansı vaxta
düşməsindən asılı olmayaraq, reallaşdırır. Putinin Bakıya gəlişi
ərəfəsində "Polonez”lərin Azərbaycana daxil olması vaxtilə
razılaşdırılmış qrafiklə müəyyənləşdirilib. Burada nə əzələ
nümayişi var idi, nə Putinə hansısa psixoloji təsir göstərmək
arzusu. Sadəcə olaraq, xaricdən silah alınması hadisəsi Putinin
səfəri ilə eyni günə düşdü. Zənnimcə, bu məsələyə müəyyən qiymət
verə bilər ki, Azərbaycanı ərazi bütövlüyünü təmin etmək xəttindən
döndərmək mümkünsüz olacaq. Yəni, "Polonez”lər bu düşüncə üçün bir
qida rolunu oynaya bilər. Eyni zamanda, Azərbaycanın hərbi
potensialının gücləndirilməsinə yönəlmiş ardıcıl addımlardan biri
kimi başa düşülə bilər.
- Əvvəllər Paşinyan iddia edirdi ki, danışıqlar
Azərbaycan və qondarma "DQR" aradında aparılmalıdır. Dünən isə
Düşənbədə Azərbaycan Prezidenti və Ermənistanın baş naziri arasında
ayaqüstü görüşlə Ermənistan tərəfindən əvvəlki danışıqlar
prosesinin formatının dəyişdirilməsi cəhdlərinə son qoyuldu.
Görüşlə bağlı yayılan məlumat göstərdi ki, danışıqlar Azərbaycanla
Ermənistan aradında aparılır və tərəflər danışıqlar prosesinin
davam etdirilməsinə sadiqlik nümayiş etdiriblər…
- Ermənistanın baş nazirinin bəyanatlarında indiyə kimi
psixoloji təzyiq və davakar ritorika üstünlük təşkil edirdi. Amma
hər halda gerçəklik başqadır. Beynəlxalq təşkilatlarda iştirak
faktoru var, bundan başqa ətrafında olan insanlar onu başa saldı
ki, bu cür siyasət heç bir nəticə verməyəcək. Paşinyan indi müəyyən
problemləri başa düşübmüş kimi, indiyə kimi mövcud olan praktikaya
qayıtmağa üstünlük verdiyini nümayiş etdirib. Ermənistan xarici
işlər naziri Zöhrab Mnatsakanyanın Nyu-Yorkda Minsk qrupunun
həmsədrlərinin iştirakı ilə Azərbaycanın xarici işlər nazirliyi ilə
keçirilmiş görüşü də göstərir ki, indiyə kimi səsləndirilmiş
bəyanatların hamısı blef xarakteri daşıyırmış. İrəvandan
səsləndirilən bəyanatlar reallıqdan tamamilə uzaq idi. Belə çıxır
ki, Ermənistanda öz istəklərinin həyata keçirilməsinin
mümkünsüzlüyünü başa düşüblər və indiyə kimi formalaşmış danışıqlar
formatını məqbul hesab ediblər.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox