Goranboy şəhərində şəhidimizin anım günü keçirilib - FOTOLAR

"Torpaq uğrunda ölən varsa vətəndir” sözləri Azərbaycan Respublikasının qanlı tarixinə qızıl hərflərlə yazılan, əbədi bir şüardır.
Xalqımızın şəhidlərə olan dərin hörmətinin sübutu olaraq Goranboy şəhərində şəhid, Kapitan Rəsul Ağakişiyev anılıb. Şəhidimizin 59-cu doğum günü münasibəti ilə, onun adını daşıyan Goranboy şəhər Rəsul Qələndər oğlu Ağakişiyev adına İnteqrasiya Təlimli İnternat Tipli Gimnaziyada tədbir keçirilib.
Tədbirdə Goranboy şəhər İcra Başçısının ictimai-siyasi və humanitar məsələlər üzrə müavini Mirvari Ağamalıyeva, "Qarabağ müharibə əlilləri, veteranları, şəhid ailələri” İctimai Birliyinin sədri Orxan Əliyev,
"Çernobıl əlilləri İttifaqı” İctimai Birliyi Goranboy şəhər filialının sədri Namiq Məmmədov və onun müavini, Gimnaziyanın Direktoru Ziya Şükürov, müəllim və şagird kollektivi, eyni zamanda şəhid R.Ağakişiyevin ailəsi və yaxınları iştirak ediblər.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə açıq elan olunub. Şəhər rəsmiləri və məktəbin müəllim və şagird heyətinin çıxışları dinlənilib. Tədbirdə şəhidimizin keçdiyi həyat yolu, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüşlərdə fəal iştirakından bəhs olunub. Rəsmi hissənin sonunda söz şəhidin yaxınlarına verilib.
Tədbirin sonunda məktəb rəhbərliyi tərəfindən qonaqlar və şəhidin ailəsi üçün çay süfrəsi təşkil olunub.
Kapitan R.Ağakişiyev 30 sentyabr 1960-cı ildə Goranboy şəhərinin Qarasüleymanlı kəndində anadan olmuşdur.Ailənin uzun illər həsrəti çəkilmiş, dünyaya gəlməsinə qurbanlar deyilən ilk övladı olub.. 1979-cu ildə hərbi xidmətə çağırılana qədər kinomexanik işləyib.. 1981-ci ildə Gəncədə hava- desant qoşunlarının hərbi hissəsində taqımın başçavuşu vəzifəsinə təyin olunub. Qulluq etdiyi müddətdə 103 dəfə(normadan artıq) paraşütdən tullandığına görə fərqlənib. Hərbi xidmətdə olarkən Litvanın Kaunas şəhərində yerləşən gizirlər kursunda 6 ay təlim görüb. 1983-cü ildə Leninqradda yerləşən hərbi-siyasi məktəbə oxumağa yollanıb. 1987-ci ildə ali hərbi təhsilini müvəffəqiyyətlə başa vurduqdan sonra SSRİ DİN DQ-nın hərbi hissəsində bölük komandirinin siyasi işlər üzrə müavini vəzifəsinə təyin olunub.
Ermənilər tərəfindən edilən hərbi təcavüzlər Rəsulun diqqətindən qaçmırdı, bu səbəbdən vətənin dar günlərində ölkəsinə qayıdıb düşmənə qarşı mübarizə aparmaq üçün dəfələrlə Azərbaycana gəlmək istəyini bildirən raport yazıb.
Çox çalışdıqdan sonra 1991-ci ilin dekabrında vətənə qayıdıb.Təyinatını Gəncədə yerləşən hərbi hissəyə verdilər.
1992-ci ilin sentyabrında tabor komandiri vəzifəsinə təyin edilmişdir.
Rəsul Ağakişiyev Ağdərə rayonunun bir çox yaşayış yerlərinin düşməndən azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmanlıqla iştirak edib.
Elə 1991-ci ilin sentyabr ayında aldığı qəlpə yarasından Ağdərə hərbi hospitalında 3 gün müalicə olunduqdan sonra həkimlərin təkidinə rəğmən yenidən döyüşlərə atılıb.
Ailəsinin dediyinə görə Rəsulun ən sevdiyi rütbə "Kapitan” hərbi rütbəsi idi. 1992-ci ilin oktyabrında ona "Kapitan” rütbəsi verilib.
Döyüşlərdə hər zaman ön sırada yer alan Kapitan Rəsul Ağakişiyev 1992-ci il 19 noyabrda Sırxavənd uğrunda gedən döyüşlərdə beyin nahiyəsindən aldığı güllə yarası nəticəsində şəhid olmuşdur.
Ondan geriyə 2 övladı və xatirələri qalmışdır. Döyüşçü yoldaşları danışırdılar ki, Rəsul hər zaman deyirdi: " Bircə şeyi dəqiq bilirəm, mən ölsəm belə arxayınam ki, mənim adım çəkiləndə oğlum fəxr edəcək”.
İndi onunla nəyinki oğlu, Goranboy şəhəri fəxr edir.
Ölümündən sonra şəhidimiz Azərbaycan Respublikası Prezidentinin 6 may 2005-ci il qərarı ilə "İgidliyə görə” ali dövlət mükafatına laiq görülüb.




www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox 