Aydın Xan Əbilov: "Prezidentin sərəncamı lazımı səviyyədə yerinə yetirilmir"
"Biz nə qədər internetimizi zənginləşdirsək, gənclərimiz terrorçulara yox, erotik və pornoqrafik saytlara yox, məhz elektron kitabxanalara maraq göstərib geniş biliyə malik olacaqlar."
Anews.az-ın müsahibi Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, kitabxana.net milli virtual-elektron kitabxananın təsisiçisi yazıçı və kulturoloq Aydın Xan Əbilovdur.
- Sizcə kitablara maraq
niyə bu qədər azalıb?
- Hər dövrün öz texnologiyaları olur. Vaxtı ilə dünyada və Azərbaycanın özündə daş, gil, dəri kitabələr üzərində yazılmış avestalar və ya papiros mətnlər həmçinin ədəbiyyat, elmi yazılar nəsillərdən nəsilə ötürülürdü. Daha sonra bunu kağızda əlyazmalar formasında hazırladılar. Orta əsrlərin sonunda, maarifçilik dövrünün əvvəllərində artıq ilk maşın üsulu ilə kitab nəşri başlandı. Kağız formasında insanlar həm yazılarını ötürürdülər, eyni zamanda mütaliə edirdilər.
Müasir dövrdə artıq kağız mətn ötürücüləri (bura daxildi kitablar, müxtəlif bülletenlər, qəzetlər, jurnallar, dərgilər və s) tarixə
qovuşmaq üzrədir. Ona görə də müasir dövrün televiziya, radio, kino, internet,
sosial şəbəkələr, mobil telefon və smartfonlar, elektron kitablar olduğu bir
dövrdə klassik kağız kitablara və onlardan istifadə etməyə maraq get-gedə
azalır və hesablamara görə yaxın bir neçə ildə bunlar öz yerini eletron
daşıyıcılara verəcək. Bəşəriyyətin indiyə qədər yaratmış olduğu bütün mətnli
informasiya dünyanın bir çox ölkələrində elektronlaşdırılır. Elektron kitab və
ya PDF formatında, müxtəlif elektron formatlarda, həm internet kitabxanalarda
eləcə də ənənivi kitabxanalara, bilgisayarlara yerləşdirilir ki, insanlar
rahat ondan istifadə edə bilsin. Buna görə də internet resurslarına baxsanız
minlərlə elektron kitabxananın yaradıldığını və milyardlarla elektron kitabın
PDF və ya word formatda oluğunu görə bilərik.
- Elektron
kitabxanalara maraq necədir?
- İndiki dövrdə heç kim kağız kitablara həvəs göstərmir, nə də oxumağa
can atmırlar. Həm də kağız kitablar çox yer tutur . Amma bu elektron versiyada olarsa minlərlə kitab almaq
olar. İndi informasiyanın fomatı da dəyişib. Yəni əvvəllər yazı, mətn
üstünlük təşkil edirdisə, daha sonra radio, audio mətnlər, görüntülü vizual, indi
isə elektron sosial informasiyanın həm qəbulu,həm yayılması dövrünü yaşıyırıq.
İnformasiya texnologiyalarının belə sürətlə inkişaf etdiyi zamanda sözsüz
ki, insanlar informasiyanı daha çevik və mobil variant sayılan elektron məhsullardan
istifadə etməyə maraqlıdır. Biz elektron kitabı oxuya-oxuya orda birbaşa həm də
ensklopediya hər hansı bir anlayışı axtara bilirik. Kağız kitab ölü bir vasitəyə
çevrilib.
Əvvəllər bədii ədəbiyyata poeziyaya maraq çox idi.
Amma indi format dəyişib, hətta mütaliənin fəlsəfəsi də dəyişib. Yeni virtual
elektron vərdişlər yaranıb. O vərdişlər imkan verir ki, hər kəs öz sahəsinə aid kitablar oxusun.
Dünyanın hər yerində olduğu kimi Azərbaycanda da kitabların
elektronlaşması gedir. Prezidentin elektron kitabxanaların inkişafı ilə bağlı
dövlət proqramı var. Amma bu proqramın həyata keçirilməsi çox da ürəkaçan deyil. Çünki bu proqram lazımı səviyyədə yerinə
yetirilməyib və hələ də bizdə boşluqlar var. Biz 2009-cu ilin ikinci yarısından
etibarən QHT-lərə dövlət dəstəyi şurası , Prezident yanında Gənclər Fondu, Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə kitabxana.net ilk ictimai özəl
virtual eketron kitabxana yaratdıq. Artıq 6 milyondan çox insan o
kitabxanadan yükləmələr edib . Hardasa 4-5 minə yaxın kitab, yüzlərlə digər mətnlər yerləşdirmişik. Hər gün müxtəlif ölkələrdən
ora çoxlu giriş olduğunu görürük.
- Niyə Azərbaycanda
kitablar daha çox səsli deyil PDF formatında hazırlanır?
- Azərbaycanda və dünyanın çox yerində kitablar daha çox
universal bir format olan PDF və ya word
formatında olur. Çünki bütün bilgisayar və smartfonlarda bu pdf variantını rahatca oxuna bilir. Azərbaycanda bir çox milli elektron kitabxana var, hansı ki, Axundov adına
kitabxana tərəfindən yaradılıb. Müxtəlif rayonlardakı kitabxana sistemlərinin
elektron kitabxanaları var. Amma onlar Axundov adına kitabxananın ya bizim resursun bazasından kitabları
kopyalayıb istifadə edirlər. Müxtəlif universitetlərin elektron
kitabxanaları var. Bir çox təşkilatların da elektron kitabxanası mövcuddur. Ən
böyük resurslar Axunodov adına kitabxana, prezident kitabxanası, Yeni Yazarlar
və Sənətçilər İctimai Birliyi tərəfindən yaradılmış kitabxana.net portalı və
milli Elmlər Akademiyasının kitabxanasıdır. Təəssüf ki, bir çox kitablar
Axundov adına kitabxanadakı kimi açıq deyil. Bu absurd bir şeydir. Dövlət hesabına
buraxılmış kitablar qapalı saxlanılır. Bu zaman müəllif hüquqlarının qorunmasını səbəb gətirirlər. Biz vergi ödəyirik, Axundov adına kitabxana və Milli Elmlər
Akademiyasının kitabxanası dövlət büdcəsindən maliyyələşərək saxlanılır. Nə üçün
55 milyonluq dünya azərbaycanlıları Azərbaycan həqiqətlərini, Azərbaycan elmini,
Azərbaycan ədəbiyyatını öyrənmək istəyən, tariximizi öyrənmək istəyən əcnəbilərə
kitablarımızı qapalı saxlamalıyıq?. Bu zaman elektron kitabla kağız kitabın
arasında nə fərq oldu? Belə çıxır ki, dünyanın o başında yaşayan azərbaycanlı Azərbaycanla
bağlı hər hansı bir elektron kitabı oxumaqdan ötrü durub Azərbaycana gəlməlidir? Hətta rayonlarda Bakıya gələ bilməyən insanlarımızı başa düşməliyik.

Onu da qeyd edim ki, latın
qrafikalı kitabların nəşri ilə bağlı sərəncamda prezidentin xüsusi bir bəndi
var idi ki, bu kitabların həm də elektron variantı, internetdə rahat istifadə
üçün yerləşdirilsin. Təəssüflər olsun ki, bu proseslərin heç biri sona qədər
yerinə yetirilmir. Və biz çalışırıq ki, özümüz ictimai təşkilat olaraq Yazıçılar
birliyi ilə birlikdə dünya azərbaycanlılarının mədəniyyət mərkəzi ilə Azərbaycan
Gənclər fondu Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə dövlət dəstəyi
şurasından maliyyə dəstəyi alaraq müxtəlif vaxtlarda yüzlərlə öz istehsalımız
olan yeni elektron nəşrləri yerləşdirək.
-Biz aiddiyyatı dövlət qurumlarına, Mədəniyyət Nazirliyinə,
Yazıçılar Birliyinə, müəyyən məmurlara dəfələrlə müraciət etmişik ki, bizə dəstək
olun ki, biz internetin intellektual resurslarindan xüsusi layihələr
hazırlayaq. Əslində bu sahəyə aid qurumları məcbur etmək lazımdır ki, məsələn Təhsil
Nazirliyi artıq başlayıb dərsliklərin elektron variantını hazırlamağa. Bütün
ali məktəblərin və orta məktəblərin elektron kitabxanaları var. Müəlliflə əlaqəli
hüquqlar pozulmasın deyə kitabları elektron resurslarda yerləşən müəlliflərə müəyyən
qonarar vermək olar. O kitabların hüquqlarını dövlət özü də ala bilər və
elektron kitabxanalara verə bilər. İnsanlar mütləq maariflənməlidir, savadsız,
oxumuyan millət şərqin inqilabları içində boğulan millətlər sırasına enə bilər.
İntelektual millətlər dünyanı dəyişə bilən texnologiyalar hazırlayırlar. O millətlərdə
ki, elektron resurslar açıqdır, onların gələcəyi daha çox inkişaf edir. Bir çox
ölkələrdə kiminsə kitabı elektron variantda yerləşdirilirsə ona görə pul
alırlar. İnternetdə bütün bizim klassik ədəbiyyat, elmi və bədii əsərlərimiz
yerləşdirilməlidir. Biz nə qədər internetimizi zənginləşdirsək, gənclərimiz terrorçulara yox, erotik və pornoqrafik saytlara yox, məhz elektron kitabxanalara maraq göstərib geniş biliyə malik olacaqlar.
Gülnar Nazimqızı
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər