• $
  • £

Şuşa inauqurasiyası, mən, qarğalar…

Şuşa inauqurasiyası, mən, qarğalar…
29.05.2020 10:26
Yenə yuxum qaçıb. Yenə pəncərənin ağzındayam.

Dan yeri sökülhasöküldədir. Qarğalar oynaşan vədə. Alatoran! Günün ən qorxunc çağı!

Şəhər yatıb. Evdə mən oyağam, çöldə qarğalar.
***
Sinirə bilmirəm!

Sabah Şuşada Araik Arutunyan and içəcək. Adına qondarma dediyimiz ölkənin prezidenti kimi. Paşinyan da gələcək!
Xankəndində, işğal altında qalan rayon-şəhərlərin heç birində yox, məhz Şuşada!

Niyə Şuşada?

…Babam Qazıyev Həbib Əliş oğlunun cümhuriyyət ordusunun generalı Həbib bəy Səlimovun komandanlığı altında gedən Əsgəran döyüşündə yaralanmasından yazmışdım bir dəfə. Onun nənəmə, nənəmin də mənə danışdıqlarından bilirəm ki, o vaxt ordumuz Xankəndini, Şuşanı azad edibmiş.

Xankəndində qələbə paradı keçirilməsini o dövrün "Azərbaycan” qəzeti də yazıbmış. Bu yaxınlarda xəbər tutduq.

Şuşada qələbə atəşfəşanlığı haqda isə atam bunları danışıb mənə: "Erməni-müsəlman davasında bizimkilər erməniləri Şuşadan qovublar. Əsgərlərimiz şəhərdə qələbə bayramı ediblər. Ağam (atasına ağa deyirdi) erməni kilsəsinin qızılı xaçını göstərib deyirdi ki, bizim əsgərlər dilxoşluğa mərcə girib atırmışlar. Bəlkə 100 güllə dəyib o xaça”.

Qarabağda qələbənin baş memarı cümhuriyyətin ora general-qubernator təyin elədiyi Xosrov bəy Sultanovdur. Mayın 10-u ad günü idi. "Facebook” səhifəmdə onu belə yad etdim: "15 yanvar 1919-cu ildən cümhuriyyətin süqutunacan Qarabağın qubernatoru olmuş Xosrov bəy Sultanovu Qarabağın xilaskarı adlandırırlar. Onun komandanlığı altında Azərbaycan ordusu 1920-ci ilin Novruz günlərində baş qaldıran erməni qiyamlarını yatırıb, Xankəndini, Şuşanı azad edib. Xankəndində ordumuzun qələbə paradı, Şuşada qələbə atəşfəşanlığı keçirilib”.

10 mayda kimin xəbəri oldu Xosrov bəy Sultanovdan?.. Başqasına qarışmışdı başımız.

Büdcəsində "siçanlar oynaşan” bir dövlətin generalları 100 il əvvəl əsgərlərinə qələbə sevinci yaşatmışdılar. Bugünkü miskin durumu isə neft pulu təpəsindən xəzəl kimi tökülən dövlət yaşadır bizə.
Bir də ermənilər. Şuşada inauqurasiya mərasimi keçirərək.

***
Alatoran qarğalarla lap qorxunc olur. Nə pis qarıldaşırlar, cəhənnəm quşları kimi…

Görən ali baş komandan da oyaqdır? O da yata bilmir? Bəs sayını itirdiyimiz generallar necə?

…Evdə mən oyağam, çöldə qarğalar…

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Jelka Tsviyanoviçin Azərbaycana səfəri başa çatdı
Siyasət 13:38
Jelka Tsviyanoviçin Azərbaycana səfəri başa çatdı
Hikmət Hacıyev Aİ-nin xüsusi nümayəndəsi ilə görüşüb
Siyasət 12:36
Hikmət Hacıyev Aİ-nin xüsusi nümayəndəsi ilə görüşüb
Azərbaycan XİN Efiopiyaya başsağlığı verib
Siyasət 10:33
Azərbaycan XİN Efiopiyaya başsağlığı verib
Timor-Leste Prezidentinin Azərbaycana səfəri başa çatıb
Siyasət 22:43
Timor-Leste Prezidentinin Azərbaycana səfəri başa çatıb
Ceyhun Bayramov Hakan Fidanla telefon danışığı aparıb
Siyasət 20:06
Ceyhun Bayramov Hakan Fidanla telefon danışığı aparıb
Əli Əsədov Murat Kurumla görüşüb
Siyasət 18:30
Əli Əsədov Murat Kurumla görüşüb
Baş nazir deputatların qaldırdığı problemlərlə bağlı cavab verib
Siyasət 16:08
Baş nazir deputatların qaldırdığı problemlərlə bağlı cavab verib
Ceyhun Bayramov Tatyana Valova ilə görüşüb
Siyasət 13:01
Ceyhun Bayramov Tatyana Valova ilə görüşüb
Bu il Qarabağın bərpasına 3,5 milyard manat vəsait xərclənəcək
Siyasət 11:29
Bu il Qarabağın bərpasına 3,5 milyard manat vəsait xərclənəcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol