İstanbulda azərbaycanlı rəssam və tələbələrin sərgisi açılıb - FOTO
İyunun 7-də İstanbulun Caddebostan Kültür Mərkəzində “Atölye Pervane” adlı sərgi açılıb. Sərgidə azərbaycanlı rəssam Pərvanə Əlizadə və onun tədris emalatxanasının türkiyəli tələbələrinin rəsmləri nümayiş olunur.
P.Əlizadə ANN.Az-ın müxbirinə bildirib ki, sərgidə yağlı boya, sulu boya, akril, pastel boya və s. ilə çəkilən 68 rəsm təqdim edilir. Bunlar portret, peyzaj, natürmort və kompozisiya janrlarında işlənən rəsmlərdir. Sərgi iyunun 14-dək davam edəcək.
Qeyd edək ki, P.Əlizadə Bakı şəhərində doğulub. 1989-cu ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun qrafika fakültəsini bitirib. Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. O, ailəsi ilə birlikdə 20 ildən artıqdır ki, Türkiyədə yaşayır və fəaliyyət göstərir. Həyat yoldaşı Tariyel Əlizadə də peşəkar rəssamdır.
ANN.Az