AVRO-2020: Bu gün 1/8 finalın iştirakçıları müəyyənləşə bilər

Bu gün futbol üzrə Avropa çempionatının qrup mərhələsində II turun növbəti 3 oyunu keçiriləcək.
Görüşlərdən ikisi D, biri isə E qrupunda oynanılacaq.
Günün ilk matçı E qrupunda İsveç və Slovakiya yığmaları arasında olacaq. Rusiyanın Sankt-Peterburq şəhərindəki eyniadlı stadionda baş tutacaq qarşılaşma Bakı vaxtı ilə saat 17:00-da başlayacaq. Oyunu almaniyalı referi Marko Frits idarə edəcək. İlk turda Polşanı 2:1 hesabı ilə məğlub edən slovakiyalılar qalib gələcəyi təqdirdə 1/8 finala vəsiqəni təmin edəcəklər. Skandinaviyalılar isə qrupun ilk matçında İspaniya ilə qolsuz heç-heçəyə razılaşıb.
D qrupunda ilk turda İngiltərəyə minimal hesabla uduzan Xorvatiya seçməsi birinci oyunda Şotlandiyanı 2:0 hesabı ilə məğlub edən Çexiya yığması ilə qarşılaşacaq. Şotlandiyanın Qlazqo şəhərindəki "Hempden Park" stadionunda keçiriləcək görüşün baş hakimi ispaniyalı Karlos del Serro Qrande olacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da start götürəcək. Qələbə çexiyalıları pley-offa yüksəldəcək.
Bu qrupun digər matçında İngiltərə millisi Şotlandiyanı sınağa çəkəcək. Londondakı "Uembli" stadionunda gerçəkləşəcək görüşü ispaniyalı Antonio Migel Mateu Laos idarə edəcək. Oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. İngilislər bu görüşdə də qalib gələrsə, vaxtından əvvəl 1/8 finala adlayacaqlar.
Avropa çempionatı
D qrupu, II tur
20:00. Xorvatiya - Çexiya
Baş hakim: Karlos del Serro Qrande (İspaniya)
Qlazqo şəhərindəki "Hempden Park" stadionu
23:00. İngiltərə - Şotlandiya
Baş hakim: Antonio Migel Mateu Laos (İspaniya)
London, "Uembli" stadionu
Xal durumu: Çexiya - 3, İngiltərə - 3, Xorvatiya - 0, Şotlandiya - 0
E qrupu
23:00. İsveç - Slovakiya
Baş hakim: Marko Frits (Almaniya)
Sankt-Peterburq, "Sankt-Peterburq" stadionu
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox 