Könül Ələkbərov: Həm 300, həm 12000 manat maaş alan həkimlər var

300 manat maaş alan bəzi mama-ginekoloqlar var ki, onların son 6 aydakı əməliyyat sayı sıfırdır. Deməli, bu həkimlərə qohumları da inanmır, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İşçi qrupunun rəhbəri, Kliniki Tibbi Mərkəzin direktoru Könül Ələkbərov deyib.
"Bəzi həkimlər İcbari Tibbin Sığorta üzrə Dövlət Agentliyi ilə bağlı doğru olmayan xəbərlər verirlər. Bildirirlər ki, agentlik suallara cavab vermir, maliyyə çatışmır. Lakin icbari tibbi sığorta sisteminin işləkliyi ilə bağlı maliyyə vəsaiti kifayət qədərdir.Özəl tibb müəssisələri ilə kifayət qədər müqavilələr imzalanıb. O həkimə yüksək əmək haqqı verilir ki, onun tibbi fəaliyyəti qənaətbəxşdir. Misal olaraq, Kliniki Tibbi Mərkəzdə bu gün 12 min manat əmək haqqı alan cərrah, 5 min manatdan artıq maaş alan mama-ginekoloq var. Hətta bəzi 300 manat maaş alan mama-ginekoloq da var. Hansı ki, onun son 6 aydakı əməliyyat sayı sıfırdır. Həmin həkimə deyirəm ki, sənin bir qohumun belə yoxdur ki onu müayinə edəsən?! Deməli öz qohumları belə ona etibar etmir. Belə olan halda başqası onun yanına niyə gəlsin?! Vətəndaşlar məmnun olmalıdır", - deyə o əlavə edib.
Əlkbərovun sözlərinə görə,Kliniki Tibbi Mərkəzdə 6 ay müddətində gün ərzində urologiya şöbəsinin əməkdaşları 12-15, neyrocərrahiyə şöbəsinin cərrahları 4-5 əməliyyat icra edir.
"Lakin əvvəlki 6 ayın statistikasına baxanda mərkəzdə rayon xəstəxanasında olduğu kimi gün ərzində cəmi 5-6 əməliyyat həyata keçirilirdi. Bu gün isə gündəlik olaraq 35 əməliyyat icra olunur. Gələcək üçün texniki avadanlıqların yenilənəcək və əməliyyat sayı artacaq", - deyə o bildirdi.
Ləman Qasımova
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər