Dünya Rusiya neft və qazından nə dərəcədə asılıdır?
ABŞ prezidenti Co Bayden Rusiyadan neft, qaz və daş kömürün ölkəyə idxalına qadağa qoyulduğunu elan edib. Onun sözlərinə görə, bu addım ABŞ-ın amerikalıların Putin hakimiyyətinə vurduğu növbəti güclü zərbə kimi dəyərləndirilib.
Böyük Britaniya hökuməti də ABŞ-dan sonra Rusiya neft və neft məhsullarının idxalını 2022-ci ilin sonunadək dayandıracağını açıqlayıb.
Bazar və biznesə yeni reallıqlara uyğunlaşmaq və Böyük Britaniya istehlakının 8%-ni təşkil edən Rusiya neftini əvəz edəcək mənbələr tapmaq lazım gələcək.
Avropa İttifaqı da bu ilin sonuna qədər Rusiya enerji daşıyıcılarından asılılığını iki dəfə azaltmaq planını açıqlayıb.
Bununla belə, prezident Bayden etiraf edib ki, ABŞ-dan fərqli olaraq Avropada olan müttəfiqlər Rusiya qazından asılı olduqları üçün bu ölkənin enerjidaşıyıcılarının idxalından imtina edə bilməyəcəklər.
Almaniya və Hollandiya Rusiyadan neft idxalına qadağa qoyulması təklifini rədd edib.
Almaniya Rusiya qazından çox asılıdır. Rusiya onun satışına istənilən məhdudiyyət qoyarsa bu Almaniya iqtisadiyatının zəifləməsinə səbəb ola bilər.

Qərbin Rusiya neftinin idxalına qarşı sanksiyalar tətbiq edəcəyi təqdirdə Rusiya Almaniyaya gedən magistral qaz kəmərini bağlamaqla hədələyib.
Rusiyanın Ukraynaya təcavüzündən sonra Rusiyadan Almaniyaya gedən "Şimal axını-2” qaz kəmərinin sertifikatlaşdırılması dayandırıldı, lakin Rusiya qazı hələ də başqa marşrutlarla dünyaya ixrac edilir.
Rusiya nə qədər neft və qaz ixrac edir?
Rusiya neft hasilatına görə dünyada ABŞ və Səudiyyə Ərəbistanından sonra üçüncü yeri tutur. Rusiya orta hesabla gündə 4,5 milyon bareldən bir qədər çox neft ixrac edir. Bu həcmin yarıdan çoxu Avropaya gedir.
ABŞ Rusiya neftindən daha az asılıdır. 2020-ci ildə ABŞ-a idxal olunan neftin ümumi həcminin təxminən 3%-i Rusiyanın payına düşüb.
"Qazprom” 2021-ci ildə xaricə 185,1 milyard kubmetr qaz ixrac edib.
Avropanın böyük hissəsi Rusiya qazından çox asılıdır. Aİ ölkələrinin ümumi təbii qaz idxalının təxminən 40%-i Rusiyadan gəlir.

Rusiya qaz ixracını kəsərsə, ən çox İtaliya və Almaniya zərər çəkəcək, çünki bu ölkələr Rusiya qazından ən çox asılıdır.
Onlardan fərqli olaraq Böyük Britaniya Rusiyanın enerji daşıyıcılarından daha az asılıdır. Bu ölkənin idxal etdiyi neftin 8%, dizel yanacağının isə 18% Rusiyanın payına düşür.
ABŞ Rusiya qazını idxal etmir, lakin dünyanın digər yerlərində idxalın kəsilməsi səbəbindən həm Böyük Britaniyada, həm də ABŞ-da qazın qiyməti hələ də yetərincə yüksəkdir.
Rusiya baş nazirinin müavini Aleksandr Novak bildirib ki, Rusiya neftindən imtina "dünya bazarında "fəlakətli nəticələrə” gətirib çıxaracaq, bir barel neftin qiyməti 300 dolları keçəcək.
Bu halda ölkələr başqa yerlərdən idxalı təşkil etməli olacaqlar ki, bu da qaz idxalı məsələsində xüsusi çətinlik yaradacaq. Çünki neftdən fərqli olaraq qazı tankerlərlə daşımaq mümkün deyil. Bunun üçün xüsusi infrastruktur , yəni qaz boru xətləri tələb olunur.
Alternativ enerji mənbələrindən istifadə etmək olarmı?
Bruegel analitik mərkəzinin proqnozlarına görə, Rusiya Avropaya ixracı dayandırarsa, Avropa ABŞ-dan mayeləşdirilmiş təbii qaz (LNG) idxal edə bilər.
ABŞ və Böyük Britaniya Rusiya neftindən imtina edib. Bu ölkələrin iqtisadiyyatına ziyan dəyəcəkmi?
Yeni reallıqlar şəraitində bu ölkələr alternativ enerji mənbələrindən istifadə edə bilərlər. Lakin bu uzun müddət və xeyli əmək tələb edəcək.
"Bərpa olunan enerjinin tətbiqi vaxt tələb edir, ona görə də qısa müddətdə bu problemi həll etməyəcək", - Tədqiqatçı-analitik Simona Talyapietra deyib .
"Yaranmış durumu gələn ilin qışı üçün düzəltmək üçün başqa yanacaq növlərinə müraciət etmək lazım gələcək. Məsələn İtaliya və Almaniya fövqəladə vəziyyət zamanı daş kömürlə çalışan elektrik stansiyaları açmaq barəə düşünürlər”.
Neft və qazı başqa haradan idxal etmk olar?
ABŞ artıq bir neçə ildir ki, Səudiyyə Ərəbistanından neft hasilatını artırmağı xahiş edib, lakin neftin dünya bazarında qiyməti düşdüyündən bu ərəb ölkəsi amerikalıların istəyini rədd etmişdi.
Səudiyyə Ərəbistanı OPEK-in ən çox neft hasil edən üzvüdür. Bu təşkilat dünya neft ehtiyatlarının təxminən 60%-nə nəzarət edir, ona görə də OPEK neft qiymətlərinin müəyyən edilməsində əsas rol oynayır.
"Şimal axını-2” kayihəsi Almaniyaya qaz ixracını iki dəfə artırmağa imkan verə bilərdi
Rusiya OPEK-in üzvü deyil, lakin neft hasilatına məhdudiyyətlər qoymaq və beləliklə hasilatçıların gəlirlərinin azalmasıma imkan verməmək üçün 2017-ci ildə bu ölkə ilə əməkdaşlığa başlanılıb.
ABŞ həmçinin Venesuela neftinə tətbiq etdiyi sanksiyaları yumşaltmağı düşünür. Venesuela əvvəllər ABŞ-ın əsas neft ixracatçısı idi. Lakin ABŞ Venesuelaya sanksiya qoyduqdan sonra ölkə öz neftinin böyük hissəsini Çinə satmağa başlayıb.
Avropa Qətər, Əlcəzair və ya Nigeriya kimi mövcud qaz ixracatçılarına da müraciət edə bilər, lakin hasilatı sürətlə genişləndirmək üçün praktiki maneələr var.
Avropa üçün alternativ qaz kəmərlərindən biri də Azərbaycandan keçir.
Söhbət Transadriatik qaz kəmərindən (TAP) gedir. Bu il həmin kəmərlə Avropaya 10 milyard kubmetr qaz çatdırılacaq.
Azərbaycan prezidenti İlham Əliyev bildirib ki, Azərbaycan 2021-ci ildə 19 milyard kubmetr qaz ixrac edib, bunun 8,5 milyardı Türkiyəyə, 7 milyarda yaxını İtaliyaya, qalan hissəsi isə Gürcüstan, Yunanıstan və Bolqarıstana verilib.
"Azərbaycan qaz hasilatını və ixracını artıracaq. Qaz infrastrukturu tamamlandıqdan sonra Albaniya da Azərbaycan qazını ala biləcək. Hazırda bəzi Avropa ölkələrində Azərbaycan qazının istehlakdakı payı 80%-ə, bəzilərində isə 15-20%-ə çatır. 2022-ci ildə 2021-ci illə müqayisədə biz qaz ixracını artıracağıq, çünki qaz bazarının böyük potensial var”, - Əliyev bildirib.
Azərbaycanın təsdiq edilmiş qaz ehtiyatları 2,6 trilyon kubmetrdir.
TAP-ın ümumi uzunluğu 878 kilometrdir. O, "Şahdəniz” yatağından Yunanıstan və Albaniyadan keçməklə ildə 10 milyard kubmetr qazın Qərbi Avropaya nəqli üçün nəzərdə tutulub. Qaz kəmərinin illik ötürmə qabiliyyətini 20 milyard kubmetrə çatdırmaq imkanı var. Amma bunun üçün müəyyən texniki işlərin görülməsinə ehtyac var ki, bu da layihə icraçılarının fikrincə 4-5 il tələb edir.
Azərbaycan qazının TAP qaz kəməri ilə İtaliya, Yunanıstan və Bolqarıstana ixracı 2020-ci il dekabrın 31-dən başlayıb. Layihənin dəyəri 4,5 milyard avrodur.
Layihənin sahibləri SOCAR (20%), BP (20%), Snam (20%), Fluxys (19%), Enagas ( 16% və Axpo (5%) şirkətləridir.
N.Təbrizli
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox