• $ 1.7
  • € 1.9811
  • ₽ 0.022291
  • ₺ 0.04
  • £ 2.2672

Novruz bayramı ərəfəsində bazarlarda qiymətlər necədir? - ARAŞDIRMA

Novruz bayramı ərəfəsində bazarlarda qiymətlər necədir? - ARAŞDIRMA
14.03.2022 13:35
Azərbaycan xalqının Novruz bayramını qeyd etməsinə sayılı günlər qalıb. Ölkə əhalisi bayram bazarlığı üçün yarmarkalara, mağazalar üz tutub.

Anews.az 2022-ci ildə novruzu qeyd etmək üçün Azərbaycan ailəsinə nə qədər pul lazım olduğunu araşdırdı. 
 
Paytaxt sakini Asəf Abbasovun sözlərinə görə, bu il qiymətlərdə kəskin artım müşahidə olunur.
 

"Bayram bazarlığı etməyə sadə dildə desək məcburuq. Kasıbı isə düşünən yoxdur, hər şey bahadır. Hər Azərbaycan ailəsi kimi mən də bayramda süfrəmdə düyü, paytaxt salatı və balıq olsun istəyirəm. Hələ imkanım olsa daha da zəngin edərəm. Amma təəssüf ki, ancaq sadaladığım təamları bişirmək üçün lazım olan məbləğ büdcəmə zərbədir. Bu il təkcə 2 günlük bayram süfrəm üçün 200 manatdan çox pul xərcləmişəm. Təsəvvür edin Lerikdə olanda ilaxır çərşənbəni də bayram kimi keçirirdik. Bakıya gələndən Maddi duruma görə etmək mümkün deyil. Keçən il 400 qram mal ətinə 5 manat vermişdimsə, bu il 7, 50 vermişəm. Qoyun əti də bahalaşıb. Bu il 9 manata bir az ət ala bilmişəm. Meyvə-tərəvəzdə qiymət artımı çox deyil. Balığın balacası ucuzdur, o da 6 nəfərlik ailəyə çatmır. Evdə paxlava, şəkərbura belə bişirə bilmədik. Mağazadan hər şirniyyatdan 10-12 ədəd alacağıq ki, uşaqların gözü çöldə qalmasın. Amma ərzaqlar od tutub yanır. Bizim imkanımız bunları ödəməyə çatmır", - deyə o bildirdi.
 
Abbasov 400 manat maaş alır, bu da bayram günlərində onun dolanışığına və əhvalına mənfi təsir edir. Onun sözlərinə görə, bayram bazarlığına da keçən il ilə müqayisədə 20 faiz çox pul ödəyib. Belə ki, bayram bazarlığına Abbasovların ümumi xərci 270 manat olub. 
 
Bakıda yaşayan Leyla Mirəlləmli də qiymətlərdən narazıdır. 
 
"Ancaq bəzi ərzaqlardan ala bildik. Məsələn, qoz-fındıq ləpəsi aldıq, digər çərəzlərin yox. Çünki qiymətlər od bahasıdır. Şirniyyatlardan da eyni qaydada. Paxlava, şəkərbura aldıq, digərlərini ala bilmədik. Səməninin belə qiyməti qalxıb. Hər şeyi qaldırmaq olursa, maaşlar və pensiyalar da qalxsın. Aldığım pensiya ilə dolanışığa lazım olan vəsait arasında fərq böyükdür", o bildirdi.
 
2 uşaq anası Sevinc Əliyeva isə qiymətlərin normal olduğu qənaətindədir.
 
"Bu il də evimizin qapısına atılan papaqlar boş qalmayacaq. Çünki bazarlarda qiymətlər büdcəyə tam olmasa da, nisbətən uyğundur. Üstəlik mən hələ bayrama 15 gün qalmış bazarlıq etməyə başlamışdım. Ona görə də süni qiymət artımı olsa da bunun qurbanına çevrilmədim. Qiymətindən narazı olduğum məhsullar şirniyyatlardır. Onları əvvəlcədən almaq olmur. İndi isə bahadır. Şəkərburanın 1 ədədi 1 manat 20 qəpiyədir. Bu qədər ağ etmək olmaz" Əliyeva söylədi.
 
Sakinlər narazıdır, bəs qiymətlər necədir?
  
Martın 12-də Bakıda Novruz bayramı münasibətilə bayram yarmarkalarına start verilib. Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) Ticarət və Xidmət Departamentindən bildirilib ki, şəhərin müxtəlif yerlərində bayramla əlaqədar 15-ə yaxın çadır qurulub.  Qiymətləri öyrənməyə də bu yarmarkalardan başladıq. 
 
Qarşımıza çıxan ilk satıcı Novruz süfrəsini bəzəyəcək məhsulların satışı ilə məşğuldur. Satıcı Mələk Seyidovanın sözlərinə görə, səməni, şam kimi şeylərə tələbat həmişə var, amma hər ötən il satıcı sayı azalır.

"Səməninin qiyməti 2 manatdan 45 manata kimi dəyişir, ötən illə müqayisədə qiymət dəyişikliyi yoxdur. Sadə səmənilər daha ucuzdur, amma xüsusi bəzədilmişləri bahadır və onlara tələbat bu il daha azdır. Məsələn, keçən il bayrama kimi 30 böyük səməni satmışdımsa, bu il 7-i alınıb. Yumurtanı bəzəmək üçün rənglər 1, hazır yapışqan kağızlar 2.50-dən başlayaraq 4 manata kimi dəyişir. Əvvəlki bayram əhval-ruhiyyəsi olmadığı üçün demək olar ki, satılmır. Bayram şamlarının qiyməti illərdir dəyişmir. 1 manat 20 qəpiyə sadə şamı almaqdan hər kəs razıdır. Uşaqlı ailələr fiqurlu şamlara üstünlük verir ki, bunların da qiyməti minimum 3, maksimum 6 manatdır", o bildirdi. 

Quru meyvə satışı ilə məşğul olan 62 yaşlı satıcı Səriyyə Məmmədova  alıcıların az olduğundan gileylənir. 
 
"Şəki qozunun kiloqramı 5,  Qəbələ qozu 6 manatdır. Digər bölgələrin qozu 7-10 manat arası dəyişir. Qozun qiymətində bu il artım yoxdur.  Xaçmaz fındığı 6 manat 50 qəpiyə, Qazax fındığı 8 manat 50 qəpik, Zaqatala fındığı isə 7 manatadır. Fındıq qiymətində 50 qəpik- 1 manat arası bahalaşma var ki, buna da səbəb bu il məhsulun nisbətən az olmasıdır. Zaqatala şabalıdı 11, Qəbələ şabalıdı 10 manatadır. Şabalıdın qiyməti də ötən illərlə müqayisədə sabitdir. Badam bu il də bahadır. Saray badamı 17, Braziliya badamını isə 22 manata satırıq. Püstənin də bir kiloqramının qiyməti 23 manatadır. Göyçay innabını 3 manat 50 qəpiyə satırıq. Az tələbat olan iydə 7,  innabı 10 manata satılır. Ərik qurusu isə 16-17 manat arası dəyişir. Ağ kişmiş 7, qara kişmiş 11 manatdır. Fındıq ləpəsi 10, qoz ləpəsi 18 manatdan başlayır.  Misir badamı 19, Novxanı badamı isə 20 manatadır. Digər badam növlərininqiyməti 16-24 manat arası dəyişir. Bu məhsulların qiyməti bu il dəyişməyib. Amma məhsul azdır, bayrama 2-3 gün qalmış bahalaşması istisna edilmir", Məmmədova söylədi. 
 
Səriyyə Məmmədova alıcıların az olmasının səbəbini ölkədəki insanların maddi durumlarının zəifliyi ilə əlaqələndirir.
 
"Mən özüm bu məhsulları satıram, amma evimə lazımi qədər bazarlıq edə bilmirəm. Çünki qazancım azdır. Əvvəl 2 sini paxlava bişirirdiksə, bu il 1 sini bişirəcəm. Əvvəllər bayram süfrəmizdə 6 çeşid təam olurdusa, indi 3 çeşid. Bizi bu vəziyyətə salan imkansızlıqdır", satıcı təəssüfləndi. 
 
Bayramda meyvələrə də tələbat yüksəkdir. Bu səbəbdən yarmarkada ən çox meyvə satıcılarına rast gəlinir. 
 
Alma 60 qəpikdən 6 manat, armud 50 qəpikdən 4 manat 80 qəpiyə, nar 1 manatdan 3 manat 50 qəpiyə, heyva 1 manat-1 manat 20 qəpik, naringi 1 manat 80 qəpik-5 manat 20 qəpik, portağal 1 manat 80 qəpikdən - 7 manata kimi dəyişir.
 
Yarmarkada düyünü 3 manat 50 qəpiyə-4 manata, mal əti 9, qoyun əti 10 manata almaq olar. Kənd toyuğu 5-6 manat, hinduşka əti 13, qaz və ördək 9 manatadır. Kartof 60-70 qəpik, soğan 55 qəpik, kələm 45 qəpik, kök 50-70 qəpiyədir. Çuğundur 60 qəpiyə, pomidor 2manatdan 4 manat 50 qəpiyə, xiyar 2 manatdan - 5 manat 30 qəpiyə kimi dəyişir, brokkoli 2 manat 30 qəpikdir. Göyərtinin bir dəstəsi isə 15 qəpikdir. Kənd yumurtası 25 qəpik, kərə yağının ən ucuzu isə 15 manatdır. 
 
Novruz bayramı yarmarkasında balıq məhsullarına da tələbat var idi. Alıcılar bu il bu məhsulların bahalaşdığını düşünür. 
 
Balıq məhsulları satan Habil Əzimovun sözlərinə görə, yerli balıqlar xaricdən gələn balıqlara nisbətən ucuzdur.

"Qiymət artımı xaricdən gələn balıqlara təsir edib. Elə müştərilər də daha çox yerli balıqlara üstünlük verirlər.  Yerli balıqların qiyməti 6 manatdan başlayır, 10 manata kimi davam edir.  Məsələn, dəniz sazanının qiyməti 9 manatdır. Həmçinin, xanı və belamur balığı da 9 manata satılır. İri forel balığı  15 manatdır,  levrək balığı 25 manat, sivriquyruq 42 manat, somon balığı (qızılbalıq) isə 40  manatdır. Kütüm balığı  16 manatdır. Əvvəl isə kütüm balığının qiyməti 10-12 manat arası dəyişirdi. Balıqların qiyməti həm də ölçüsünə görə dəyişir. Balaca balıq həmişə ucuz olur. Alıcılar isə digər illərdən az olsa da, bu il də var", satıcı vurğuladı. 
 
Yarmarkadan çıxdıqdan sonra paytaxtdakı supermarketlərə üz tutduq. Burada təamların hazırlanması üçün lazım olan ərzaqların qiyməti ilə maraqlandıq. Marketlərdə yarmarka ilə müqayisədə bütün qiymətlər azı 10 faiz baha idi. 
 
Bayram süfrəsinin bəzəyi olan şirniyyatların qiymətləri:
 
1 şəkərburanın qiyməti 1,20 qəpik, bir bağlamada 5 dənə olmaqla paxlavanın qiyməti isə 4 manat 90 qəpikdən hesablanır. Şorqoğal və badambura kimi şirniyyatların  isə  1 ədədi 70 qəpikdən hesablanır. Ötən il şəkərbura və paxlava adi günlərdə 1 manat olduğu halda, bayramda isə 1, 20 qəpiyə satılıb. Bayramla əlaqədar olaraq sifarişlər 3 gün əvvəldən qəbul edilir. Mağazadan  verilən məlumata görə, şəkərbura istisna digər şirniyyatların qiyməti ötən ilki qiymətlərlə eynidir. Tortun bir kiloqramının minumum 10 manatdan başlayır. Konfetlərin isə bir kiloqramına azı 4 manat verməlisiniz. Keyfiyyət və firmasına görə qiymətlər dəyişir.  Paxlava, şəkərbura kimi Novruz nemətlərini evdə hazırlayanlar nisbətən daha aşağı qiymət təklif edir. Lakin bunun əksi olaraq məşhur şirniyyat mağazalarında sadə mağazalar ilə müqayisədə qiymətlər ən azı 20 faiz bahadır.

Standart 4-5 nəfərlik ailəyə növbəti günə qalmaq şərti ilə hazırlanan "Paytaxt" salatının xam çəkisi təxminən 2,7 kq olacaq və salatın qiyməti 15 manat təşkil edəcək. Bu ötən illə müqayisədə 1,8% azdır. Qiymət artımlarına gəldikdə, aylıq müqayisədə təzə xiyarın qiymətində 50 faizədək artım baş verib. Digər məhsulların qiyməti isə ötən ilin qiymətlərindən fərqlənmir. 

Ərzaqların qiymətləri aşağıdakı kimidir:
 
300 qram turşu xiyar - 2 manat
400 qram yaşıl noxud - 3 manat
500 qram kartof - 80 qəpik
400 qram kök - 90 qəpik
4 yumurta - 68 qəpik
300 qram toyuq filesi - 3 manat 30 qəpik
250 ml xama - 1,20 manat
400 ml mayonez - 2 manat 40 qəpik
400 qram təzə xiyar - 2 manat
2 dəstə şüyüd - 40 qəpik
 
Bazarlarda, marketlərdə hazır Novruz xonçaları, səbətləri də satılır. Paxlava, buta formalı ən balaca səbəti 25 manata ala bilərsiniz. İçərisində bir neçə şirniyyat olur. Nisbətən böyüklər isə 200-250 manata qədər təklif olunur ki, onlara bir çox şirniyyat qoyulur. 


Ərzaq məhsullarında qiymət bahalaşması nə ilə bağlıdır?
 
İqtisadçı ekspert Natiq Cəfərli bildirdi ki, 2022-ci ilin mayına kimi qiymətlərdə artım proqnozlaşdırılır. Yalnız mövsümi amillərin təsirindən, yerli məhsulların bazara çıxması ilə qiymət artımı cari ilin iyun-iyulunda səngiyəcək. Amma idxal məhsullarında qiymət artımı həmin dönəmdə də davam edəcək.  Onun sözlərinə görə, Azərbaycanda keçən ildən real gəlirlər azalıb və ərzaq qiymətləri inflyasiya nəticəsində artıb.
 
"Azərbaycanda çox pis bir ənənə var ki, bayramlardan öncə qiymətlərdə həmişə süni yüksəlmə olur. Əgər xarici ölkələrdə böyük bayram ərəfəsində endirim kampaniyaları baş tutursa, Azərbaycanda Yeni il və Novruz bayramlarında əks vəziyyətin baş verdiyinin şahidi oluruq. Bu həm təlabatın artıması və psixoloji təsirlə bağlıdır. Son zamanlarda təqaüdlərin, maaşların artırlması fonunda qiymətlərin daha da yüksəlməsi ilə bağlı gözləntilər də formalaşıb. Əlbəttə ki, bu da bazara psixoloji təsirlərini göstərir. Novruz bayramı tək bayram günündən ibarət deyil. Burada ən azı 4 çərşənbəni də nəzərə almaq lazımdır. Ailələr çalışır ki, bütün çərşənbələrdə bayram süfrəsi aça bilsin. İlaxır çərşənbə az qala Novruz bayramı səviyyəsində qeyd olunur. Bütün bunları nəzərə alsaq, 4 nəfərlik ailənin bayram boyunca süftə təşkil etməsi üçün ən azı 500-600 manat vəsaitə ehtiyac olacaq", Cəfərli bildirdi. 

Milli Məclisin Aqrar siyasət komitəsinin üzvü, deputat Azər Badamov bayram ərəfəsində bazarlarda məhsulların qiymətlərində müəyyən qədər artımların olmasının təbii hal hesab edir.

"Demək olar bu, bütün ailələr özlərinin alıcılıq qabiliyyətinə görə bazarlıq edir. Bayram qabağı bazarlardakı müştəri bolluğunu görən satıcılar da bundan istifadə edərək qiymətlərdə müəyyən artımlar edərək daha çox qazanc əldə etməyə çalışır. Bazarlarda kəskin bahalaşmanın baş verməməsi üçün dövlət müəyyən şəhərlərdə bayram yarmarkaları təşkil edərək daha uyğun qiymətlərlə kənd təsərrüfatı malları satışa çıxarır. Bu, bazarlardakı qiymətlərə kəskin təsir göstərməsə də daha ucuz qiymətlə məhsullar təqdim edilməklə alıcılara bayram mallarına əlçatanlığının təmin edilməsində müəyyən rol oynayır. Bayram yarmarkaların keçirlməsi ölkəmizdə ənənəvi hal alıb, hər il təkrarlanır. Bayram qabağı qiymət artımları müvəqqəti haldır. Bayramlardan sonra bazarda qiymətlərdə müəyyən qədər azalmaların olacağı gözləniləndir və qiymətlərin bayramlardan əvvəlki səviyyəyə qayıdacağını düşünürəm", millət vəkili bildirdi.

2022-ci ilk iki ayında istehlak qiymətləri indeksi 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 12,2 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 17,2 faiz artıb. Cari ilin fevralında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 1,1 faiz, əvvəlki ilin fevralı ilə müqayisədə 11,9 faiz artıb. Bu ilin fevralında ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 102,1 faiz, əvvəlki ilin eyni dövrünə nisbətən 17,2 faiz yüksəlib. Cari ilin fevralında əvvəlki aya nisbətən ayrı-ayrı ərzaq məhsullarından daha çox bahalaşma unun, çörəyin, peçenyenin, vaflinin, qoyun, mal və toyuq ətinin, kolbasa məmulatlarının, təzə balığın, qatılaşdırılmış şəkərli və pasterizə olunmamış üzlü südün, xamanın, kəsmiyin, yoqurtun, pendirin, kərə yağının, süfrə marqarinin, bananın, naringinin, narın, heyvanın, balqabağın, pomidorun, xiyarın, kartofun, soğanın, sarımsağın, kələmin, şokolad məmulatlarının və konfetlərin, qəhvə və kakao tozunun, kola içkisinin, meyvə şirəsinin, arağın, ucuzlaşma isə yumurtanın, çuğundurun və yerkökünün qiymətlərində müşahidə olunub. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
 
2022-ci ilin fevral ayında əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 0,4 faiz, əvvəlki ilin fevral ayına nisbətən 9,3 faiz təşkil yüksəlib. Cari ilin fevral ayında əvvəlki ayla müqayisədə əhaliyə göstərilmiş ödənişli xidmətlərdən daha çox bahalaşma ictimai iaşə, bərbərxana, tibbi və stomatoloji xidmətlərin qiymətlərində, ucuzlaşma isə hava nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma xidmətlərinin və respublikadan kənara istirahət turlarının qiymətlərində müşahidə olunub. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
 
Azərbaycan prezidenti 2022-ci il yanvarın 1-dən ölkədə minimum əmək haqqının 300 manat müəyyən edilməsi barədə sərəncam imzalayıb. Yaşa görə müavinət 130 manatdan 180 manata çatdırılıb.Əlilliyin hər üç dərəcəsinə görə birinci və ikinci qrupa görə müavinətlər 50 manat artırılaraq, müvafiq olaraq 200 və 180 manata, üçüncü qrupda isə 10 manat artırılaraq 120 manata çatdırılıb. Birinci qrup əlilliyi olan şəxslərin baxıcılarına verilən prezident pensiyasının aylıq məbləği 50 manatdan 80 manata qaldırılıb.Azərbaycanda 1 yaşadək uşağı olan aztəminatlı ailələrə verilən müavinət 55 manatdan 70 manata, övladlığa uşaq götürənlərə ödənilən müavinət isə 40 manat artırılaraq 200 manata çatdırılıb.
 





Ləman Qasımova
 
İSTİQAMƏT:6.3.11. regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi;
QEYD:Yazı Medianın İnkişaf Agentliyinin maliyyə dəstəyi çərçivəsində hazırlanıb.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bələdiyyələr özünü idarə etmir,  idarə olunur - ekspert ARAŞDIRMA
Cəmiyyət 08:36
Bələdiyyələr özünü idarə etmir, idarə olunur - ekspert ARAŞDIRMA
Müxalifət partiyaları bələdiyyə seçkilərində iştirak edəcəkmi?
Cəmiyyət 12:33
Müxalifət partiyaları bələdiyyə seçkilərində iştirak edəcəkmi?
Azərbaycan Cənubi Qafqazda IQ səviyyəsinə görə sonuncu yerdədir
Cəmiyyət 12:03
Azərbaycan Cənubi Qafqazda IQ səviyyəsinə görə sonuncu yerdədir
Rüfət Səfərovun həbsinin ailəsi ilə əlaqəsi yoxdur - Hüquq müdafiəçisinin anası
Cəmiyyət 16:21
Rüfət Səfərovun həbsinin ailəsi ilə əlaqəsi yoxdur - Hüquq müdafiəçisinin anası
“Tərtər işi” üzrə təqsirləndirilənlərin cəzası azaldılıb
Cəmiyyət 18:24
“Tərtər işi” üzrə təqsirləndirilənlərin cəzası azaldılıb
PMI gəlirinin 38%-ni tüstüsüz məhsullardan əldə edir
Cəmiyyət 14:28
PMI gəlirinin 38%-ni tüstüsüz məhsullardan əldə edir
“Exit poll” nəticələri açıqlayıb - SİYAHI
Cəmiyyət 20:46
“Exit poll” nəticələri açıqlayıb - SİYAHI
Seçkilərə gedən
Cəmiyyət 16:47
Seçkilərə gedən "Musavat" partiyasının qazandıqları - MÜSAHİBƏ/VIDEO
Azərbaycanın su resursları əsrin sonuna 40-50 % azala bilər
Cəmiyyət 14:28
Azərbaycanın su resursları əsrin sonuna 40-50 % azala bilər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol