SOCAR, TAP və Avropa komissarı qaz ixracı məsələsini müzakirə edib

Avropa İttifaqının (Aİ) Genişlənmə və Qonşuluq Siyasəti üzrə komissarı Oliver Varhelyi SOCAR və TAP rəsmiləri ilə görüşüb və bu görüşü məhsuldar adlandırıb. Bu barədə o, şəxsitvitter hesabında yazıb.
"Avropaya və qonşu ölkələri müxtəlif mənbələrdən daha böyük həcmdə qazla təmin etmək, qaz təchizatı marşrutlarımızı şaxələndirmək üçün SOCAR və TAP rəhbərliyi ilə məhsuldar danışıqlar apardıq", Oliver Varhelyi yazıb.

Azərbaycan Avropaya qaz ixracına 2020-ci ilin dekabrından başlayıb. İxrac TAP boru kəməri ilə həyata keçiirilir. Bu il ölkə Avropaya 10 milyard kubmetr qaz ixrac edəcəyini bildirib.
Azərbaycan prezidenti İlham Əliyev cümə axşamı keçirilən forumda bir sıra Avropa ölkələrinin Azərbaycana qaz almaq üçün müraciət etdiyini bildirərək əlavə edib ki, Azərbaycanın əlavə ixracı təmin etmək üçün ilk növbədə hasilatı artırması gərəkdir.
Hazırda Azərbaycan Rusiyadan yan keçən boru kəmərləri ilə Türkiyə, Gürcüstan, Yunanıstan, Bolqarıstan və İtaliyaya qaz satır.
Hələlik Avropa İttifaqı ənənəvi olaraq qaza olan tələbatının 40%-ni Rusiya hesabına ödəyir. Lakin Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən sonra Avropa alternativlər axtarır.Belə ki Rusiya onun qaz pulunu rublla ödəmə tələbini rədd edən Avropa ölkələrinə qaz ixracını dayandırıb. Bu da Avropa ölkələrini istər istəməz alternativ marşrutlar üzərində düşünməyə vadar edir.
"Son aylarda bir neçə Avropa ölkəsi bizə qaz almaqla bağlı müraciət edib. Amma bu asan deyil, çünki ilk növbədə biz qazı hasil etməliyik", - Əliyev deyib. Amma o, heç bir ölkənin adını çəkməyib.
Əliyev bildirib ki, Avropada Azərbaycandan enerji resurslarına tələbat artır və Azərbaycan artan tələbatı ödəmək üçün hər şeyi edir.
"Biz hazırda bu məsələ ilə bağlı Avropa Komissiyası ilə əməkdaşlıq edirik", - Azərbaycan prezidenti bildirib.
Azərbaycan hazırda Türkiyə və Cənubi Avropaya ildə 16,2 milyard kubmetr qaz ixrac edən Trans-Anadolu boru kəmərinin gücünü dörd-beş il ərzində iki dəfə artırmağı planlaşdırır.
Ölkə 2022-ci ildə qaz ixracını keçən il 22 milyard kubmetrdən 24 milyard kubmetrə çatdırmağı və Avropaya 10 milyard kubmetr qaz göndərməyi planlaşdırır. Azərbaycan rəsmiləri 2026-cı ilə qədər qaz hasilatını ildə 50 milyard kubmetrə çatdıracaqlarını proqnozlaşdırırlar.
N.Təbrizli
www.anews.az
Son xəbərlər
Daha çox 