• $ 1.7
  • € 1.9409
  • ₽ 0.021107
  • ₺ 0.0418
  • £ 2.2433

Yeni qanun "dron qadağasına" son qoyacaqmı? - ARAŞDIRMA

Yeni qanun
30.06.2022 22:59
Azərbaycanda partladıcılar  ilə pilotsuz hərəkət edə bilən uçuş aparataları, yəni dronlardan istifadə qaydası eynidir.
 
Bir neçə il öncə daxilində pilotsuz hərəkət edə bilən uçuş aparatalarının gələcəkdə müxtəlif sahələrdə insanların işini asanlaşdıracağı  müzakirə edilirdi. Dünyanın bir çox ölkəsi bu müzakirələrə dərhal reaksiya verib söhbətin nədən getdiyini araşdırmağa və bu aparatları tətbiq etməyə başladı.
Söhbət pilotsuz uçuş aparatlarından (PUA)  və əksər vaxt elə dron kimi qeyd edilən texnologiyadan gedir.

Pilotsuz hərəkət edə bilən uçuş aparataları nədir?

Dron uzaqdan və yaxud proqramla idarə edilən pilotsuz hava vasitəsidir. Proqramla çox asan şəkildə idarə edilən dronlardan əsasən hava çəkilişləri zamanı istifadə edilir. Xüsusən hərbi sahələrdə istifadə olunan dronlar artıq  video- çəkilişlərin aparılması, kənd təsəssrüfatında suvarma işlərində mütəxəssislərin üz tutduqları texnoloji cihazlara çevrilib.

2030-ci ilə qədər 100 milyard dollara qədər artacağı ehtimal olunan PUA bazarına Azərbaycan hələki uzaqdan baxır.

Təkcə Avropa Birliyinə daxil olan ölkələrin 2030-da dron gəlirlərinin 10 milyard olacağı gözlənilir.
 
Ölkəmizdə dronlarla bağlı məsələ illərdir ekspertlərin tənqidləri və vətəndaşların narazılıqlar fonunda müzakirə edilir. Buna səbəb isə Azərbaycanın hələ də bu texnologiya ilə "barış”a bilməməsidir.

"Popular Mechanics” portal Azərbaycanın kamikadze dronlarından ilk dəfə ikinci Qarabağ müharibəsi zamanı real döyüş əməliyyatlarında uğurla istifadə edildiyini yazır.

Müəllif qeyd edir ki, dronların İkinci Qarabağ müharibəsi zamanı Azərbaycan tərəfindən uğurlu istifadə təcrübəsindən sonra bu gün Ukraynada döyüş əməliyyatları zamanı PUA-lardan istifadə olunur.

Bu gün dünya Azərbaycanın müharibədəki PUA  təcrübəsinə üz tutur.
 
Bəs bunu mülki sahədə niyə dronlarla bağlı demək mümkün deyil? Azərbaycanda mülki dronlardan istifadəni müşkül məsələyə çevirən qaydalar nəyə əsaslanır?

Azərbaycanda məsafədən idarə edilən pilotsuz uçan aparatları  mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə 2016-cı il 17 may tarixli 251-VQD nömrəli Azərbaycan Respublikasının Qanununun 18-ci maddə kimi dövriyyəsi məhdudlaşdırılan əşyalar siyahısına əlavə edilib. Əslində, elə  narazılqların əsası bu qanunla başladı. 
 
Partladıcıladan istifadəyə dair icazə qaydası ilə dronlardan istifadə qaydası eynidir.
 
Qeyd edilən qanunu şərh edən ekspetlər bildirir ki, ölkəmizdə dronların dövriyyəsinə icazə qaydası hansısa silah və partladıcı vasitələrin, kosmik vasitələrin, pul çap edən avadanlıqlardan istifadə prosedurası ilə eynigüclüdür və bu qaydalar kifayət qədər sərtdir.
 
Qanunda hər bir xüsusi avadanlıqdan icazəyə konkret dövlət qurumu və ya qurumları cavabdehdir və onların siyahısı təsdiqlənib.
 
Dron gətirmək üçün isə mülki dövriyyəsi məhdudlaşdırılan əşyaların siyahısına uyğun olaraq 6 dövlət qurumundan icazə alınmalıdır.
 
Yəni, adi bir məktəbli məktəbin və ya evinin həyətində dron uçurtmaq istəsə, bir məktəb və universitet dronlarla innovativ həllər yaratmaq istəsə, bir turist şəhərin görməli yerini çəkmək fikrinə düşsə, bir media qurumumuz xəbər hazırlamaq üçün drondan istifadə etsə bu böyük dövlət qurumlarından icazə almalıdır.
 
Qaydalara əsasən xüsusi icazə hüquqi və fiziki (yalnız fərdi sahibkar olanlar) şəxslərə verilə bilər. Xüsusi icazənin verilməsi Fərmanla təsdiq edilmiş "Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların dövriyyəsinə xüsusi icazə verən mərkəzi icra hakimiyyəti orqanlarının Siyahısı”nın (Əlavə 2) 17-ci hissəsinə əsasən Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti və Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti  rəyləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən verilir (bu səlahiyyət Nazirliyin yanında fəaliyyət göstərən Dövlət Mülki Aviasiya Agentliyi tərəfindən həyata keçirilir).

Cinayət Məcəlləsininin 156-cı maddəsində şəxsi həyatın pozulması maddəsində dronlardan istifadəyə görə məsuliyyət nəzərdə tutulub.
 
Karqo şirkətləri dron daşımalarını qəbul etmir

Araşdırma üzərində işləyərkən Azərbaycandakı bəzi karqo şirkətlərindən ölkəyə dron gətirilməsi ilə bağlı maraqlandıq. Əksər daşınma şirkətinin sorğumuza "xeyr, dron daşınması qadağandır” cavabını verdilər.
 
Görünən odur ki, rəsmi qaydada istifadəsinə icazə verildiyi vurğulansa da,  vətəndaşlar üçün bu qadağan mənasına gəlir. Yəni, dövlətin özünə maraqlı sahələri çıxmaq şərti ilə mülki məqsəd üçün vətəndaşlar drondan istifadə edə bilməz.
 
Hüquqşünas Ələsgər Məmmədli qanunu saytımıza şərh edərkən bildirib ki,  yuxarıda sadalanan 6 qurumun hamsından icazə almaq  mümkün deyil.  Onun sözlərinə görə, elə daşıma şirkətləri də başları ağrımasın deyə məsələyə kökündən yanaşıb, dron daşımasını qəbul etmirlər.
 
Məsələni belə çətinləşdirən nədir?
 
Araşdırmalarımız göstərir ki, Azərbaycanda hələ də dronlarla bağlı qeydiyyat və istifadə qaydası mövcud deyil.
 
Məsələnin əslində necə tənzimlənməli olduğunu anlamaq üçün dünya təcrübəsinə nəzər saldıq. İstifadəsi qanunla müəyyən edilən ölkələrin hamsında dronlardan istifadə, qeydiyyat ilə bağlı təlimatlar var və qonşu ölkələrlə müqayisədə dronlarla bağlı ən sərt qanun Azərbaycandadır.
 
Qeyd edilən 6 qurumun rəsmi saytlarını da nəzərdən keçirdik, amma hələ də dronların istifadəsi ilə bağlı təlimat gözə dəymir.
 
Dünyanın dron çərçivələri

Avropa İttifaqı (Aİ) "2019/947 və 2019/945” saylı qaydalarında  dronlardan Avropa Birliyinə daxil olan ölkələrin səmasında təhlükəsiz istifadə üçün bəzi təlimatlar hazırlayıb və bu istifadə müəyyən çərçivələrə dayanır. Qaydalarda ticarət və mülki məqsədlə istifadə edilən dronlar arasında fərq qoyulmur.  Dron istifadəsində aparatın çəkisinə, spesifikasiyası və həyata keçirdiyi fəaliyyətlər əsas götürülür.  Bu barədə məlumat Avropa İttifaqının Aviasiya Təhlükəsizliyi Agentliyi rəsmi saytında yer alıb.

2020-ci ilin dekabrın 30-dan etibarən Aİ-ə  üzv dövlətlərində, o cümlədən Norveç və Lixtenşteyndə tətbiq olunan (Aİ) 2019/947 saylı qaydada (onun tezliklə İsveçrə və İslandiyada da tətbiq ediləcəyi gözlənilir) mülki dron əməliyyatlarının əksər növlərini və onların risk səviyyələrini müəyyən edir.
 Aİ mülki dron əməliyyatlarını üç kateqoriyasını müəyyən edib: "açıq”, "xüsusi” və "sertifikatlı” kateqoriya.

"Açıq” kateqoriya mülki pilotsuz uçan aparat operatorunun nəzərdə tutulan əməliyyat üçün müvafiq tələblərə cavab verməsi şərti ilə təhlükəsizliyin təmin edildiyi daha az riskli mülki dron əməliyyatlarını əhatə edir. Bu kateqoriya üç alt kateqoriyaya bölünür, yəni A1, A2 və A3. "Açıq” kateqoriya üzrə əməliyyat riskləri aşağı hesab olunur və buna görə də uçuşa başlamazdan əvvəl heç bir əməliyyat icazəsi tələb olunmur.

"Xüsusi” kateqoriya daha riskli mülki dron əməliyyatlarını əhatə edir, burada təhlükəsizlik əməliyyata başlamazdan əvvəl milli səlahiyyətli orqandan əməliyyat icazəsi alaraq pilotsuz təyyarə operatoru tərəfindən təmin edilir. Əməliyyat icazəsi almaq üçün aparat operatorundan dronların təhlükəsiz istismarı üçün zəruri olan tələbləri müəyyən edəcək risklərin qiymətləndirilməsi tələb olunur.

"Sertifikatlaşdırılmış” kateqoriyada təhlükəsizlik riski xeyli yüksəkdir; buna görə də təhlükəsizliyin təmin edilməsi üçün pilotsuz təyyarə operatorunun və onun dronunun sertifikatlaşdırılması, eləcə də pilot(lar)ın lisenziyası həmişə tələb olunur.

Türkiyədə dron istifadəsinə cəmi 2 qurum cavabdehdir

Türkiyədə də mülki və biznes məqsədi ilə istifadə edilən dronların istifadə qaydası var. Türkiyənin Mülki Aviasiya Baş İdarəsinin (SGHM)  dronlarla bağlı təlimatına əsasən mülki və biznes istifadəso üçün ayrıca hesab açmalıdır. Yəni, ticarət məqsədli hesabla mülki məqsədli açılan hesab fərqli olur.  Bu məsələdə bütün proseslər onlayn aparılır və SGHM mail ilə təsdiq cavabı göndərdikdən sonra  uçuşa icazə verilir.
 
Mülki istifadə üçün dronlara icazə almaq asandır. Əgər dron barədə bütün məlumatlar yerləşirilibsə, SGHM buna təsdiq verir. Mülki məqsədli istifadədə sadəcə dron sahibi yaşıl ilə qeyd edilən ərazilərdə uçuş edə bilər, qırmızı ilə qeyd edilən ərazilərdə isə FR19 formu ile SGHM-yə müraciət etmək lazımdır.
Digər bölgələrdə kommersiya məqsədli uçuşlar üçüm SGHM-ə müraciət edilir və dronun  sığorta məlumatlarını daxil edilir.
 
Bu qurum 120 metr uçuş hündürlüyündən aşağı uçuş icazələrini  təsdiq edə bilər. 120 metrdən yuxarı uçuş icazələri Baş Qərargah və Türkiyənin Dövlət Hava Limanları Baş İdarəsi təsdiq edərsə, mümkündür. Uçuş icazəsi üçün müraciətin nəticəsi barədə ərizəçi elektron poçt vasitəsilə məlumatlandırılır.

Ermənistan və Gürcüstana öz dronunuzla sərbəst keçə və istifadə edə bilərsiniz

Ermənistan və Gürcüstanda da  dron istifadəsi ilə bağlı qaydalar mövcuddur və dronla ölkəyə daxil olmaq mümkündür.
 
250 qramdan çox olmayan dronunuzla asanlıqla Gürcüstana səyahət edə və heç bir lisenziya, icazə almadan Tiflis səmalarında drondan istifadə edə bilərsiniz. Bundan öncə Gürcüstan Mülki Aviasiya İdarəsinin (GCAA) dron qaydaları ilə tanış olmaq  və onlara əməl  etməlisiniz. Məsələn, Gürcüstanda dronun çəkisi 250 q-dan 25 kq-a qədərdirsə, bir neçə qaydaya əməl etməlisiniz. Bunlardan biri  odur ki, maksimum 122 metr yüksəklikdə uça bilərsiz və dronunuzu hər zaman göz önündə saxlamalısınız. Dronu hava limanlarından, heliportlardan 6 km uzaqda tutmaq və bütün digər kateqoriyalı təyyarələrə üstünlük vermək lazımdır. Uçuş zamanı təyyarə görsəniz, dərhal yerə enməlisiniz. 
 
Gürcüstanda yalnız hava yaxşı olanda maksimum 54 km/saat sürətlə uçmağa icazə verilir.  Dronları şəhərin mərkəzi yerlərindən, o cümlədən küçələrdən, tıxaclı və izdihamlı yerlərdən  50 m məsafədə idarə edib , insanların şəxsi həyatına , məxfiliyinə hörmətlə yanaşmaq tələb edilir.
Tiflisdə hansı texnoloji mağazaya daxil olsanız, mütləq dron satışına rast gələcəksiniz. Dronları ölkəyə idxal edən əsas şirkət isə CopterTech-dir. Şirkətin rəsmi saytından qiymətlərlə tanış olub, dron ala bilirsiniz.
 
Dünya təcrübəsi də onu göstərir ki, dronla bağlı qaydalar əslində dron sahibləri ilə dronun səbəb ola biləcəyi təhlükələrə qarşı anlaşma sənədidir. Yəni, bu qaydalar həm dron sahibi, həm də digər insanları qoruyur. Azərbaycanda qadağan kimi qəbul edilən məsələlərə dünya bir əsaslandırma gətirərək konkret çərçivələr müəyyən edir.
 
"Fikirləşirlər ki, dron qalxacaq və 3-5 metrlik  hasarımızın üzərindən gizlədiyimiz villamızın ərazisini çəkəcək”

 Hüquqşünas Ələsgər Məmmədli hesab edir ki, Azərbaycanda bu tip tənzimlənməsi xüsusi olan sektora birdəfəlik klid qoyulub.  Onun sözlərinə görə, ölkəmizdə tənzimləmək deyəndə qadağan etmək, nələrisə məhdudlaşdırmaq deyəndə ümumiyyətlə birbaşa yolverməmək kimi qəbul edilir.
Ə. Məmmədli dronlardan doğru formada istifadə edilərsə, cəmiyyətə əlavə dəyər qatacağı fikirindədir. Ekspert bununla bağl tənzimlənmə üzərində işləyənlərin drona daha çox strateji təhlükəsizlik obyekti kimi yanaşdıqlarını  bildirir.

"Dronlarla bağlı məsələdə strateji obyektlərin şəklini çəkmək, paylaşmaq qorğusu ilə qadağan etmək və yaxud da  məhdudlaşdırmaq yolu seçilib. Bizdə bu tip avadanlıqların istifadəsi barədə o saat fikirləşirlər ki, dron qalxacaq və 3-5 metrlik  hasarımızın üzərindən gizlədiyimiz villamızın ərazisini çəkəcək”-deyə, o vurğulayıb.
 
Dronlarla bağlı qaydalar texnoloji inkişafı ləngidir

Onun sözlərinə görə, Azərbaycanda bu sahədə qanunvericilik təkmilləşdirilməlidir. Əks halda bu, Azərbaycanda innovasiyaların inkişafını gecikdirir, gənclərin bu texnologiya üzərində işləmələrinə əngəl törədir:
 
"İstər dronun ölkəyə daxil olması, istərsə də istifadəsi ilə bağlı sərhədlər müəyyən edilməlidir. Bu sahə beynalxalq təcrübə də nəzərə alınaraq yenidən tənzimləməlidir. Ölkəyə dron gətirmək imkanı olsa , bəlkə gənclər onlar üzərində yeni nələrsə kəşf etməyə başlayar. Amma bu,  yalnız internetdə, televiziyada görməklə  mümkün deyil. Bu texnologiyanın əlçatımlı olmaması bu sahədən startapların ləngiməsinə, təşəbbüslərin gecikməsinə aparıb çıxa bilər. Bunun hüquqi  bazasını təkmilləşdirməli, məhduddiyəti aydın tətbiq etmək lazımdır. Əsas məsələ harada olmazı müəyyən etməkdir, harada olar is
qanunun məqsədi ola bilməz”.
 
"Məktəblilərimiz "primitiv”  robotlar üzərində çalışmaq məcburiyyətində qalır”

Azərbaycan İnternet Formunun Prezidenti, ekspert Osman Gündüz illərdir bu sahə ilə bağlı fikirlərini bölüşür, sahənin təkmilləşdirilməsi ilə təkliflərini qeyd edir.

Osman Gündüz də bu qaydaların sərt olduğu fikirindədir.  O, bu formada yanaşmanın  son dövrlərdə dövlət başçısı tərəfindən innovasiyalarla və rəqəmsallaşma ilə bağlı qəbul edilən sənədlərlə, təhsil sahəsində aparılan islahatlarla da ziddiyyət təşkil etdiyini vurğulayır.

Ekspert bu qadağalara görə  məktəblilərimizin adi "primitiv”  robotlar üzərində çalışmaq məcburiyyətində qaldıqlarını deyir:

"Fikrimcə, bu sahədə qanunvericiliyin yumşaldılması və dronların yalnız hansısa ərazilərdə istifadəsinə məhdudiyyətlər qoyulması doğru yanaşma olardı.  Adi dronlar üçün isə heç bu tip yanaşmaya da ehtiyac yoxdur. Əslində peyk xidmətləri olan qlobal resursların istənilən obyekti izləmək imkanı olduğu bir zamanda bu tip qadağalar da mənasız görsənir”.
 
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə (RİNN) dronların dövriyyəsi ilə bağlı qaydaların sadələşdirilməsi və istifadəsinə dair təlimatların hazırlanması ilə bağlı sorğu ünvanladıq.
 
Sorğumuzda qeyd etmişdik ki, bu sahə ilə bağlı hansısa yeniliklər gözlənilirmi və ümumiyyətlə, dronların qeydiyyatı hansı qurumda aparılır? İndiyə kimə qeydiyyata alınan dronların sayı ilə də maraqlandıq.
 
Nazirlik sorğumuzu Mülki Aviasiya Agentliyinə yönləndirdi. Agentlik isə sorğumuza cavabında yuxarıda qeyd etdiyimiz rəsmi qanun barədə birdaha xatırlatma edərək yalnız ona əlavə edib ki, PUA-ların dövriyyəsinə xüsusi icazə almış şəxslər Agentliyə müraciət edərək  Agentliyin 2019-cu il 25 yanvar tarixli 3 nömrəli Əmri ilə təsdiq edilmiş "Mülki pilotsuz uçan aparatların qeydiyyatı və uçuşlarına icazəyə dair Müvəqqəti Prosedur”a əsasən PUA-nı qeydiyyata ala bilərlər.("Müvəqqəti Prosedur” Agentliyin rəsmi saytının (www.caa.gov.az) "Qaydalar” bölməsində məlumat üçün yerləşdirilib).
 
İndiyə qədər qeydiyyatı aparılan dronların sayına gəlincə isə nazirlik və agentlik bu sualı cavablandırmaq istəmədi. 
 
Agentliyin qeyd etdiyi ""Mülki pilotsuz uçan aparatların qeydiyyatı və uçuşlarına icazəyə dair Müvəqqəti Prosedur”da  yalnız dronlarla bağlı müraciət edən ərizəçinin prtokol olaraq nələrə əməl etməli  və ərizəni necə hazırlamalı olduğu  qeyd edilib. Yəni, burada dronların istifadəsinə dair qayda və təlimatlar mövcud deyil.

Araşdırmamızı tamamladığımız vaxt, Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev innovasiya ekosistemi nümayəndələri ilə görüşü zamanı dronlar məsələsinə də toxunub.
 
Nazir qeyd edib ki, "Azərbaycanda aviasiya haqqında" Qanun layihəsinin işlənilməsi tamamlanıb və burada hətta dronların qeydiyyatı ilə bağlı qaydalar var. Onun sözlərinə görə, "Aviasiya haqqında" Qanun qəbul edilən kimi, dronların qeydiyyatı elektronlaşdırılacaq. Bu barədə APA agentliyi yazıb. 
 
Rəşad Nəbiyevin açıqlamasından bir gün öncə də bizim sorğumuza Aviasiya Agentliyindəm  rəsmi münasibət gəlmişdi və orada bu qanun layihəsi barədə məlumat qeyd edilməyib.
 
Necə deyərlər, indiyə qədər gözləmişik, bir az da gözləyək. Ümid edirik, qeyd edilən qanun layihəsi dronların istifadəsinin məhdudlaşdırılmasına deyil, daha çox ekosistemin inkişafına dəstək göstərəcək.
 
Məltəm Şahbazova
 

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda Hərbi Donanma Günü qeyd olunur
Cəmiyyət 10:12
Azərbaycanda Hərbi Donanma Günü qeyd olunur
Faktiki hava açıqlanıb - 41 dərəcə isti var
Cəmiyyət 09:55
Faktiki hava açıqlanıb - 41 dərəcə isti var
Biləcəri və Kürdəxanı qəsəbələrində qaz olmayacaq
Cəmiyyət 09:30
Biləcəri və Kürdəxanı qəsəbələrində qaz olmayacaq
Səbail rayonunda yanğın başlayıb
Cəmiyyət 23:52
Səbail rayonunda yanğın başlayıb
Bu ərazilərdə qaz olmauacaq
Cəmiyyət 23:17
Bu ərazilərdə qaz olmauacaq
Bakıda köşklərdən oğurluq edən şəxslər saxlanılıb
Cəmiyyət 21:30
Bakıda köşklərdən oğurluq edən şəxslər saxlanılıb
Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılır
Cəmiyyət 21:00
Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılır
Qəbələdə turistlər qəzaya düşüb
Cəmiyyət 19:51
Qəbələdə turistlər qəzaya düşüb
Şahin Şıxlinski həbs edilib
Cəmiyyət 19:50
Şahin Şıxlinski həbs edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol