İlham Əliyev “Bakı KOB evi”nin açılışında iştirak edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Bakı KOB evi”nin açılışında iştirak edib.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov paytaxtın Nərimanov rayonunda yerləşən "Bakı KOB evi” barədə dövlətimizin başçısına məlumat verib.
"Bakı KOB evi”ndə sahibkarlara 29 dövlət qurumu tərəfindən 150-dən çox, 20 özəl qurum tərəfindən isə 100-dən çox adda xidmətlər göstəriləcək. Sahibkarlar fəaliyyət üçün zəruri olan biznesin qeydiyyatı, lisenziya və icazələrin alınması, biznes planın hazırlanması, güzəştli maliyyə vəsaitlərinə çıxış, vergi, gömrük, kommunal xidmətlərə qoşulma, bank, sığorta və digər məsələlərlə bağlı "Bakı KOB evi”nə müraciət edə bilərlər. Bununla yanaşı, "Bakı KOB evi”ndə yaradılmış Beynəlxalq Ticarət, İnkişaf və Logistika Zonasında gömrük və idxal-ixrac əməliyyatları ilə bağlı geniş spektrli xidmətlər də təqdim ediləcək.
Diqqətə çatdırılıb ki, KOB evləri sahibkarlara dövlət və biznes xidmətlərinin mərkəzləşdirilmiş qaydada təqdim edildiyi vahid məkandır. Burada xidmətlər operativlik, şəffaflıq, nəzakətlilik və rahatlıq prinsipləri əsasında həyata keçirilir. Biznes xidmətlərinin bir məkanda toplanması, vaxta və xərclərə qənaət, operativlik KOB evlərinin əsas üstünlükləridir.
Qeyd edək ki, Azərbaycanın davamlı iqtisadi inkişafının təmin edilməsində sahibkarlığın, xüsusilə kiçik və orta biznesin rolunun artırılması Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi siyasətin prioritet istiqamətlərindəndir. Ölkəmizdə özəl sektorun inkişafı sahəsində həyata keçirilən sistemli tədbirlərin davamı olaraq dövlətimizin başçısının 2017-ci il 28 dekabr tarixli Fərmanı ilə İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) yaradılıb.
Bundan başqa, KOBİA tərəfindən mikro və kiçik sahibkarlıq subyektlərinə onları innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və gəlir vergisindən 3 il müddətinə azad edən "Startap” şəhadətnaməsi verilir, daxili bazar araşdırmasının aparılmasına, təhsil, elm, tədqiqat və dəstək layihələrinə maliyyə dəstəyi göstərilir, onların ödənişsiz olaraq sərgilərdə iştirakına və ticarət şəbəkələrinə çıxışına dəstək təmin olunur.
www.anews.az