Türkiyədə zəlzələ baş verən ərazilərdə tikilən binaların sayı açıqlanıb
Türkiyənin zəlzələ bölgəsində yeni tikilən binların hündürlüyünə nəzarət ediləcək. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Adıyamandakı brifinqi zamanı deyib.
Bildirilir ki, tikinti prosesi zamanı hündürmərtəbəli binaların inşasına və sıxlığa yol verilməyəcək.
"Artıq inşasına başlanılan mənzil sayı isə 14 500- bərabərdir. 9130 kənd evi tikib, zərərçəkənlərə təhvil verəcəyik. Qaziantepin tarixi simasını və demoqrafik quruluşunu qoruyaraq şəhəri daha güclü şəkildə ayağa qaldıracağıq. Hazırda Qaziantepdən 87 min vətəndaş başqa vilayətlərə təxliyə edilib. 100 minə yaxın şəxsə çadırlarda, 4500-ə yaxın insana isə konteynerlərdə sığınacaq verilib.”, - Ərdoğan vurğulayıb.
Türkiyə dövlət başçısı zəlzələ bölgəsində 185 345 binanın ya tamamilə uçduğunu, ya da ciddi zərər gördüyünü qeyd edib.
Təxminən 45 minə yaxın insanın ölümünə səbəb olan güclü zəlzələdən iki həftə sonra Türkiyə və Suriyanın sərhəd bölgəsində baş verən daha bir zəlzələ zamanı azı 8 nəfər ölüb.
Bazar ertəsi baş verən 6,4 bal gücündə zəlzələnin mərkəzi fevralın 6-da Türkiyədə dağıdıcı zəlzələdən ciddi zərər çəkən Hatay vilayətinin Defne qəsəbəsi olub.
Yeni zəlzələ Suriya, İordaniya, Livan və Misir də daxil olmaqla, bir çox ölkədə hiss olunub. Bu zəlzələnin ardınca 5,8 bal gücündə daha bir zəlzələ baş verib.
Suriyanın dövlət xəbər agentliyi SANA-nın bildirdiyinə görə, Hələbdə 6 nəfər yaralanıb.
BMT-nin sözçüsü Stefan Dejarrik bildirib ki, hazırda BMT-nin Suriyaya daxil olması üçün tam fəaliyyət göstərən üç sərhəd-keçid məntəqəsi fəaliyyət göstərir.
Onun sözlərinə görə, BMT hazırda Suriyanın şimal-qərbində üsyançıların nəzarətində olan ərazilərə 227 yük maşını göndərib və bildirib ki, hər üç sərhəd-keçid məntəqəsinə daha çox yük maşını göndərmək üçün hazırlıqlar gedir.
Bazar ertəsi Ərdoğan Ankarada səfərdə olan ABŞ dövlət katibi Antoni Blinkenlə də görüşüb. Blinken bir gün əvvəl ABŞ-ın Türkiyə və Suriyaya 100 milyon dollarlıq əlavə yardım vəd etdiyini açıqlayıb.
Yeni yardım ABŞ-ın ümumi yardımını 185 milyon dollara çatdırır ki, bu yardım xilasetmə və bərpa işlərində iştirak etmiş beynəlxalq və qeyri-hökumət qruplarına veriləcək.
Aytac Zeynalova
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox