Azərbaycan Qazaxıstana neftini Bakı-Supsa ilə ixrac etməyi təklif edib

Azərbaycan və Qazaxıstan 2023-cü ildə Bakı-Supsa neft kəməri ilə 5 milyon ton Qazaxıstan neftinin nəqli imkanlarını müzakirə edir. Bu barədə Anews.az-a danışıqlar prosesinə yaxın olan 3 mənbə məlumat verib.
"Azərbaycan tərəfi beş milyon ton neftin Bakı-Supsa neft kəməri vasitəsilə nəqlini təklif edib... bu məsələ danışıqların predmetidir", - mənbə bildirib.
Mənbələrin bildirdiyinə görə, bu neft kəməri ilə "Kaşaqan" yatağından hasil edilən neftin nəql ediləcəyi düşünülür.
Azərbaycan Qazaxıstana neftin Gürcüstandakı Qara dəniz limanları vasitəsilə nəqlini də təklif edib.
Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev 2022-ci ilin yayında Qazaxıstann neft ixracını diversifikasiya etmək istədiyini və Rusiyadan yan keçərək neft ixracını artırmağa çalışdığnı bildirib.
Bununla belə, hələlik Xəzər Boru Kəməri Konsorsiumu Qazaxstan üçün əsas ixrac marşrutu olaraq qalır. Bu kəmər vasitəsilə Qazaxıstan Rusiyanın Novorossiysk yaxınlığındakı Yujnaya Ozereevka dəniz terminalından neftini dünya bazarına çıxardır.
"Kaşaqan" neft yatağından hasilat NCOC, Eni, ExxonMobil, CNPC , Royal Dutch Shell, Total, Inpex Holdings şirkətlərinin birləşdiyi konsorsiumu və Qazaxıstanın Kasmunayqaz şirkəti tərəfindən həyata keçirilir.
N.Təbrizli
www.anews.az