"YAŞAT" Fondu tərəfindən kütləvi imtinalar verilir - Deputatlardan təklif/VİDEO
"Yaşat” Fondunda vəsaitin az olması səbəbindən müraciət edən qazi və şəhid ailələrinə imtinalar edilir. Bunu Milli Məclisin aprelin 11-də keçirilən plenar iclasında deputat Razi Nurullayev deyib.
"Fonda müraciət çoxdur və artıq kütləvi imtinalar edilir ki, bu da haqlı narazılıq yaradır. Səbəb "Yaşat” fondunda vəsaitlərin çox az olmasıdır. Amma hələ də həm İkinci, həm də Birinci Qarabağ müharibəsindən minlərlə müalicə istəyənlər var. Hər gün qapımızı onlarla qazi və onların valideynləri döyür. Təklif edirəm ki, Neft fondundan hər il birdəfəlik vəsait "Yaşat” fonduna köçürülsün. İmkanlı şəxslərə də müraciət edirəm ki, "Yaşat” fonduna vəsait köçürməkdə davam etsinlər", - deputat söyləyib.
Deputat Qənirə Paşayeva da təklif edib ki, deputatlar bu ay əmək haqqlarının yarısını "YAŞAT" Fonduna köçürsünlər.
"Bununla bağlı mənə də şəhid ailələri və qazilər müraciət edib. Təklif edirəm biz də dəstəyimizi göstərək. İmkanları şəxsləri dəstək olmağa dəvət edirəm", - deputat vurğulayıb.
Milli Məclisin sədr müavini Əli Hüseynli bildirib ki, "YAŞAT" FOnduna davamlı dövlət qurumları tərəfindən maliyyə dəstəyi göstərilir. Əgər belə bir problem varsa bunu araşdırmaq lazımdır.
"YAŞAT" Fondu 2020-ci il prezidentin fərmanı ilə yaradılıb. Fondun yaradılmasında məqsəd Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək olmaqdır.
Gülnar Nazimqızı
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox