Ermənistanın danışıqlar masasına qayıtması gözlənilir - Ceyhun Bayramov
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Ermənistanın tezliklə sülh müqaviləsi üzrə danışıqlar masasına qayıdacağını açıqlayaraq rəsmi Bakının bu məsələdə İrəvanın qeyri-konstruktiv siyasət yürütdüyünü hesab etdiyini deyib.
"Təəssüf ki, Ermənistan qeyri-konstruktiv siyasət aparır. Eyni zamanda, Azərbaycan danışıqlara və sülh müqaviləsi imzalamağa hazırdır. Ermənistanın yaxın vaxtlarda danışıqlar masasına qayıtması gözlənilir”, - Bayramov cümə axşamı Bakıda Fransanın xarici işlər naziri Ketrin Kolonna iləbirgə mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası, regionda nəqliyyat kommunikasiyalarının açılması kimi məsələləri daha tez həll etmək olardı.
O bildirib ki, Kolonnaya regiondakı mövcud vəziyyət barədə məlumat verib.
Bayramov Laçın yolu ətrafındakı vəziyyətə toxunaraq Ermənistanın bu məsələdə manipulyasiya etdiyini və yolun hərəkət üçün açıq olduğunu vurğulayıb.
Azərbaycanın xarici işlər naziri həmçinin əlavə edib ki, Ermənistan Laçın yolundan başqa məqsədlər üçün istifadə edib, xüsusən də hərbi qulluqçuların qanunsuz köçürülməsi, onun boyu minaların atılması həyata keçirilib. "Bunun nəticəsində (2020-ci ilin noyabrından) 294 Azərbaycan vətəndaşı mina qurbanı olub.
Ceyhun Bayramovun fikrincə, Bakı heç vaxt Parislə münasibətlərin pisləşməsinin təşəbbüskarı olmayıb.
"Azərbaycan heç vaxt Fransa ilə münasibətlərin pisləşməsinin təşəbbüskarı olmayıb. Azərbaycan ən çətin dövrlərdə belə təmaslardan yayınmayıb”, - Bayramov deyib.
O, Fransa xarici işlər nazirinin Azərbaycana səfərini müsbət qiymətləndirib.
"Uzun illərdir ki, Azərbaycan və Fransa bir çox sahələrdə uğurla əməkdaşlıq edir, strateji layihələri, xüsusilə neft-qaz sektorunda uğurla həyata keçiriblər. Qarşılıqlı investisiyaların həcmi milyardlarla avro ilə hesablanır”, - nazir vurğulayıb.
N.Təbrizli
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox