Azərbaycandan çay ixracı 55% azalıb - SƏBƏB

Azərbaycanda 2023-cü ilin dörd ayında çay ixracı ötən ilin eyni dövrü ilə müayisədə 55,4 faiz azalaraq 536, 31 ton təşkil edib. Bu barədə Dövlət Gömrük Komidətəsindən bildirilib.
İqtisadçı Natiq Cəfərlilin fikrincə, istehsalın azalmasının səbəbi Azərbaycanda yerli istehsalın az olması ilə əlaqəlidir.
"Bazarda yerli çayların əksəriyyəti xaricdən gətirilərək burada qablaşdırılır. Xaricdən alınan çayların qiyməti qalxanda yerli istehsal azalır. Qiymət artıqca bölgəyə alıb gətirilən çayın həcmi də azalır. Bu səbəbdən istehsalda azalma müşahidə olunur. Yerli istehsal ancaq Lənkəran, Astara bölgəsində həyata keçirilir və çaya olan təlabatın 5 faizini belə ödəmir. Yerli istehsalımız olan daha çox qablaşdırmadan ibarətdir. Son vaxtlar baş verən qiymət artımı və istehsalın həcminin azalması xaricdən alınan çayın həcminin azalması və qiymətinin artması ilə bağlıdır'', - iqtisadçı əlavə edib.
Masallının Sığaçola ərazisində yerləşən çay plantasiyasında çalışan Aynurə Bədəlova bildirir ki, 8 ildir çayçılıqla məşğul olur və aylıq maaşı 425 manatdır.
"İşçilərimizin çoxu Lənkərandan gəlir. Cəmi 2 nəfər Masallıdan işçi var. Buna səbəb isə Masallıda yaşayanların çoxunun burada ev tikib Rusiyada yaşamasıdır. Eyni zamanda çoxunun tanışları Rusiyada olduğu üçün pula ehtiyacları yoxdur. Ona görə də bura yaxın Lənkərandan işçilər cəlb olunub. 8 ildi burada işləyirəm. Maaşımız 425 manatdır. Əvvəl 200 manat idi, sonra artırdılar", - Bədəlova bildirib.
Aqronom Altay Abbasov deyir ki, çay plantasiyalalarında əsas problem su çatışmazlığıdır.
"Artıq istilər düşür, birazdan quraqlıq olacaq. Su üçün quyular qazdırmışıq. Çay plantasiyasının aşağı hissəsində 8500 kub metr, yuxarı hissəsində isə 4500 kub metrlik su çənləri qoyulub. Bu il hardasa 100 hektar ərazidən 15-20 ton çay yığılacaq", - aqronom vurğulayıb.
Aqronom deyir ki, Masallıda 2014 cü ildə Azersun Holdinq və "Azərçay"ın təşkilatçılığı ilə salınan 100 hektarlıq çay plantasiyasında bu il 15-20 ton çay yığılacaq.
"Artıq 9 ildir bu layihə var. Burada çalışan işçilərin maaşları kənd yeri üçün çox yaxşıdır. 8 saatlıq rejimdə işləyirlər. Hazırda 100 hektar ərazidə 35 nəfər işçi çalışır. Xarici çaylardan ancaq Gürcüstan sortu olan çaylar əkilir. Başqa yerlərdə becərilən çaylar bu ərazidə yetişmir. Üstünlüyü daha çox yerli çaylara vermişik. Çaya gübrə və başqa dərman vasitələri vurulmur. Çiləmə formasında suvarılır. Dağ suları yığılır göllərə o yolla su əldə olunur. Bu il hardasa 15-20 ton çay yığılacaq. Çayın dadının yaxşı olması ərazidə olan su qaynaqlarından asılıdır", - aqronom bildirib.

2018-ci ildə "Azərbaycan Respublikasında çayçılığın inkişafına dair 2018–2027-ci illər üçün Dövlət Proqramı" qəbul edilib. Məqsəd ölkədə quru çaya olan tələbatın əsasən yerli məhsul hesabına ödənilməsi, çay emalı müəssisələrinin xammal təminatının yaxşılaşdırılması, emal sənayesinin inkişaf etdirilməsi, çay məhsullarının ixracının artırılması və kənd əhalisinin məşğulluq səviyyəsinin yüksəldilməsi üçün çayçılığın inkişafını stimullaşdırmaqdır.

Ölkədə ümumilikdə 1063 hektar çay plantasiyası var.
Ən çox çay əkinləri Lənkəran, Astara və Masallı rayonları ərazisindədir. Çay əkinlərinin 1000 hektarı cənub bölgəsindədir. Çay əkinlərinin yarıdan çoxu Lənkəranda yerləşir.
Cənub bölgəsindən əlavə, Zaqatalada da çay plantasiyaları mövcuddur.
Çay əkinlərinin baza sığorta zərfi ilə sığorta tarifi ölkənin ayrı-ayrı regionları üzrə fərqlidir və 0,72%-1,99% aralığında dəyişir. Bu bitkinin ən çox əkildiyi Lənkəran-Astara bölgəsində sığorta tarifi 0,83% təşkil edir, Zaqatalada isə sığorta tarifi 1,99% təşkil edir. Bütün hallarda hesablanan sığorta haqqının 50%-ni fermerə dəstək üçün dövlət ödəyir.
Aytac Zeynalova
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox 