Ermənistan Rusiyadan rəsmi cavab gözləyir - Vaan Kostanyan

Ermənistan iyunun 15-da Həkəri körpüsü yaxınlığında Azərbaycan hərbçilərinin bayraq qaldırılması ilə bağlı yaranan gərginliyə görə Rusiyadan rəsmi cavab gözləyir. Ermənistan mətbuatının yazdığına görə bu barədə Ermənistanın xarici işlər nazirinin müavini Vaan Kostanyan bildirib.
İyunun 15-də Ermənistan silahlı qüvvələri Laçın dəhlizində 2023-cü il aprelin 23-də quraşdırılmış Azərbaycan sərhəd-buraxılış məntəqəsini atəşə tutub. Nəticədə Dövlət Sərhəd Xidmətinin (DSX) hərbçisi yaralanıb. Azərbaycan Xarici İşlər Nazirliyi baş verən hadisəni pisləyib və "beynəlxalq ictimaiyyəti Ermənistan tərəfinin bu təxribatını qətiyyətlə pisləməyə və Ermənistanı bölgədə sülh və sabitliyə hədə olan təcavüzkar hərəkətlərdən çəkinməyə" çağırıb.
Baş verən insidentdən sonra Laçın sərhəd-keçid məntəqəsində avtomobillərin keçidi tam dayandırılıb.
Azərbaycan Respublikası Baş Prokurorluğunun məlumatında görə, "baş verənlərlə bağlı hərtərəfli təhqiqat aparılmayınca, eyni zamanda Ermənistan təxribata görə bütün məsuliyyəti öz üzərinə götürməyənə qədər bu, belə davam edəcək".
Azərbaycan Baş Prokurorluğunda faktla bağlı Cinayət Məcəlləsinin 29,120.2.1, 29,120.2.3, 29,120.2.4 və 29,120.2.11, 29,120.2.12-ci (bir qrup şəxs tərəfindən xidməti vəzifəsini yerinə yetirən şəxsi ümumi təhlükəli üsulla, terrorçuluqla əlaqədar və milli düşmənçilik niyyəti ilə öldürməyə cəhd), 214.2.1. 214.2.3 və 214.2.4-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən odlu silahdan istifadə etməklə ağır nəticələrə səbəb olan terrorçuluq) maddələrilə cinayət işi başlayıb.
Gülnar Nazimqızı
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər