ÜST-dən xəbərdarlıq: Dünyada vəba riski artır
İlin əvvəlindən 25 ölkədə vəba xəstəliyinə yoluxma halları qeydə alınıb. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 9 ölkə artıb.
Bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.
Məlumata görə ilin əvvəlindən iyulun 15-dək ən azı 25 dövlət vəba xəstəliyinə yoluxma halları barədə məlumat verib. Bu xəstəliyin müəyyən edilməsi barədə son tarixli məlumat may ayının ortalarında Hindistandan daxil olub. Ötən ilin müvafiq dövrü ərzində vəba xəstəliyinə yoluxma halları 16 ölkədə qeydə alınmışdı. "Yoluxma hallarının sayının artmasını və coğrafi yayılmasını, vaksin və digər resursların çatışmazlığını nəzərə alaraq, ÜST qlobal səviyyədə riskin çox yüksək olduğunu qiymətləndirməkdə davam edir”, - deyə Təşkilatın Cenevrə mənzil-qərargahından bildirilib.
ÜST planetin bəzi ölkələrində və regionlarında vəba xəstəliyinin yayılmasına səbəb olan amillər kimi xüsusilə Qərbi Afrikada may ayından oktyabr ayına qədər davam edən yağışlar mövsümünün adını çəkir. Təşkilat Cənubi Amerika və ABŞ-ın cənubunda, Afrika Buynuzunda və Mərkəzi Asiyada yağıntıların artmasına səbəb olan El-Ninyo təbii fenomeninin də vəba xəstəliyinə yoluxma hallarının dinamikasını dəyişəcəyini istisna etmir. Çünki yağıntıların miqdarının, daşqınların, qasırğaların, siklonların və quraqlıqların artması təmiz su və səhiyyə resurslarına çıxışı məhdudlaşdıra bilər. El-Ninyo ilə əlaqədar olan suyun daha yüksək temperaturu da su mühitində vəba vibrionunun çoxalmasına səbəb ola bilər ki, bu da vəba xəstəliyinə yoluxma hallarını artırır.
Hazırda xəstəlik ən çox xüsusilə Afrikaya təsir edib. İlin əvvəlindən bəri 14 Afrika ölkəsi vəba xəstəliyinə yoluxma halları barədə məlumat verib. Xəstəliyə yoluxma halları, xüsusilə Konqo, Kamerun, Malavi, Mozambik, Somali, Efiopiya və Cənubi Afrika Respublikasında qeydə alınıb.
Suriyanın şimal-qərbində 109 min, bu ölkənin qalan hissəsində 74 min, Əfqanıstanda 98 min, Malavidə 58 min, Haitidə 55 min və Mozambikdə 33 mindən çox vəba xəstəliyinə yoluxma halları qeydə alınıb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox