Keçid balları niyə hər il daha da enir ? - Ekspert

Dövlət İmtahan Mərkəzi (DİM) 2023-cü il üzrə ali təhsil müəssisələrinə müəllimlik və mühəndislik ixtisasları üzrə keçid balını 200 bal müəyyən edib.
"Əvvəllər qəbul imtahanları köhnə sistemlə olanda müsabiqədə iştirak şərti 60% bal yığmaq idi. Sonralar TQDK müsabiqədə iştirak şərtini mərhələ-mərhələ yumşaltdı, keçid balları endi, çünki, məzunlar savadsız idi. Ali təhsil müəssisələrində xeyli yerlər boş qalırdı. İndi 700 mümkün baldan 150-200 bal toplayan və bəzi hallarda 100 bal yığan tələbə olur. Yəni 20-30% yığan qəbul olunur. Əslində 20-30-% bal yığana heç attestat da düşmür, çünki, o məktəb proqramının 50%-dən az hissəsini mənimsəmiş sayılır. Qəbul imtahanlarındakı problemi sonrakı illərdə keçid ballarını davamlı olaraq azaltmaqla həll edirdilər. Bu gün məktəb təhsilinin tənəzzül etdiyi bir vaxtda, xüsusən də 2019-cu ildən etibarən, Ali təhsil müəssisələrinə qəbul planlarının templə artması, eyni zamanda keçid balının ilbəil aşağı enməsi, təbii ki, onsuz da aşağı olan universitet təhsilinin keyfiyyətinə ciddi ziyan vuracaq. Zəif abituriyenti dünyanın hansı universitetinə yollasaq, orada oxuya bilməyəcək. Bu vəziyyət Ali təhsil müəssisələrində keçirilən və ya gələcəkdə keçiriləcək akkreditasiyaların obyektivliyinə də artıq şübhə yaradır. Bu qədər zəif məktəblinin universitetə qəbulundan sonra akkreditasiya prosesində tələbələrin qalıq biliklərinin yoxlanılması nəticələri təbii ki, çox aşağı olacaq. Onda akkreditasiya nəticəsi də qeyri kafi olmalıdır. Yəni, 20 il təhsil islahatlarındakı sistemsizlik, anarxiya, səriştəslik, tamahkarlıq, səhv kadr siyasəti və qüsurlu idarəetmə təhsilimizi acınacaqlı hala gətirib, çıxış yolunu heç kim bilmir, heç cəhd də edilmir ki, vəziyyət yaxşılığa salınsın”, - İlham Əhmədov açıqlayıb.
O həmçinin bildirib ki, ilbəil keçid ballarının aşağı enməsi, zətən aşağı olan universitet təhsilinin keyfiyyətinə ciddi ziyan vuracaq.
"78 balla tələbə olan şəxs, ali təhsil almaq potensialına malikdirmi? Bu əslində universitetə də, orada işləyən müəllimlərə də, yüksək balla qəbul olunan tələbələrə də sayqısızlıqdır. İndi ATM-nin müəllimi bunlara kvadrat tənliyin həllinimi öyrətsin, kəsrləri toplamağımı, yoxsa ali riyaziyyatı? Onsuz da 100-200 balla universitetə girən, o səviyyə ilə də universiteti bitirəcək, amma ən böyük pisliyi özünə və ailəsinə edəcək. Çünki, həyatının ən yaxşı illərini, təhsil haqqı kimi ödədiyi pulları havaya sovrulacaq. Elm və Təhsil Nazirliyindən başqa hamı bu vəziyyətdən narazıdır. Bu halda susmaq qızıl deyil, dövlətin və xalqın gələcəyinə biganəlikdir”, - Əhmədov vurğulayıb.
Dosent bildirib ki, universitet məktəb proqramını yüksək səviyyədə bilənlərin təhsil aldıqları məkandır, tərcümeyi-halını yazanda 10 səhv edən uşaqların yox. Belələri kollecə də yox, peşə liseyinə gedə bilərlər.
Təhsil üzrə ekspert Kamran Əsədov indiki müəllimlərin fəaliyyətinin zəifliyinin onların keçmiş qəbul imtahanı ballarında deyil, ali təhsil müəssisələrində gördükləri zəif bilik və bacarıqlarında olduğunu deyib.
"Qəbul imtahanında yüksək bal toplamaq, mütəxəssis olduğun anlamına gəlməməlidir. Mütəxəssislər ali məktəblərdə, auditoriyalarda yetişirlər. Bu gün bizim müəllimlərimizin bilik və bacarıqlarının zəif olmasının səbəbi onların ali məktəblərə qəbul imtahanlarında az bal toplamaları deyil. Bu onların ali təhsil müəssisələrində yetərli bilik və bacarıqlara sahib olmaması ilə bağlıdır. Biz problemin kökündə onların qəbul imtahanları nəticələrini yox, onların ali təhsil müəssisələrindəki bilik və bacarıqlarını gördük. Mən hesab edirəm ki, strateji ixtisaslara DİM kompyuter mühəndisliyi və yaxud da digər mühəndislik ixtisaslarına şərti olaraq 250 bal keçid balı qoyub ki , balı daha aşağı olanlar girə bilməsin. Birmənalı şəkildə, müəllimlik ixtisası da strateji ixtisas olduğuna görə, keçid balı qoyulmalıdır”, - Kamran Əsədov açıqlayıb.
Əsədov həmçinin qeyd edib ki, bütün ixtisaslara deyil amma strateji ixtisaslara müəyyən keçid balının qoyulması lazımdır.
"Heç kim ADA Universitetinə və ya Aviasiya Akademiyasına 450 baldan aşağı yığıb girə bilməz. Bunu biz, müəllimlik ixtisasları üçün də tətbiq etməliyik. Müəllimlik də strateji ixtisasdır. Subbakalavrlar yəni heç bir imtahan verməyib, 2 il məktəbəqədər təhsil oxuyanlar da bu il qəbul oluna biliblər. Yəni minimum balla bir sıra universitetlərin ixtisaslarına qəbul olunublar. Biz ali təhsil müəssisələrinin onların əmək bazarının tələbinə və müasir standartlara cavab verən kadr hazırlamaq baxımından çətinlik çəkdiyini bilirik. Bəs bu amili nəzərə alaraq, strateji ixtisaslarda müəyyən keçid balı nəzərdə olmalıdır ki, ən azından minimum bal toplamış şəxslər bu ixtisaslarda təhsil alsınlar. Elm və Təhsil Nazirliyinin gördüyü işlər nəticəsində müəllimlik insanların gözündən düşüb. Müəllim ixtisası ciddi şəkildə nüfuzdan düşüb. Balların da aşağı düşməsinin səbəbi plan yerlərinin sayının artmasıdır. Misal üçün, 2010-cu illərdə ali məktəblərə 10 min nəfər sənəd verirdi və onlar 29 min plan yeri üçün mübarizə aparırdılar. İndi isə plan yeri 55 min 800 olub. Təsəvvür edin, bu ciddi bir rəqəmdir. Plan yeri artdıqca ballar aşağı düşür və biz daha da aşağı ballarla ali məktəblərə kadrların qəbulunu görə bilirik. Ali məktəblər qəbul plan yerlərini müəyyən ediblər, tələbələr də dövlətin müəyyən etdiyi minimum balı toplayıb ixtisas seçimi ediblər. Dövlət hesab edir ki, bu minimum keçid balını toplayanlar bu ixtisaslar üçün potensial tələbə görüb. Məhz onlar da, bu fürsətdən istifadə edib, tələbə adını qazanıblar. Təbii ki, biz onlara deyə bilmərik ki siz səhv etmisiniz. Dövlət ümumi keçid balını müəyyən edib və tələbələr də bu balı toplayıblar. Amma yenə də qeyd etmək istəyirəm ki, stratejik ixtisaslarda, müəllimlik ixtisası da daxil olmaqla, müəyyən keçid balına malik olmalıdır”, - ekspert söyləyib.
İbtidai sinif müəllimliyi ixtisası 2010-cu illərin başlarında 350-450 keçid balı arasında dəyişib. 2015-ci ildən sonra isə bu ixtisasa keçid balı daha da enərək 300-400 bal arası olub.
İstiqamət: 6.3.16. elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması;
Qeyd: Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəsətəyi çərçivəsində hazırlanıb.

Rabia Hale Seferoğlu
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox 