Azərbaycanda doğulan qız uşaqlarının sayı azalır - Səbəb nədir?
2023-cü ilin səkkiz ayında Azərbaycanda doğulan uşaqların 46,7% qız, 53,3% oğlandır. Bu barədə Dövlət Statistika Komitəsinin oktyabrın 11-də açıqladığı hesabatda qeyd olunub.
2022-ci il Dövlət Statistika Komitəsinin açıqladığı rəqəmlərə görə, Azərbaycanda 100 qıza 112 oğlan düşür. 2021-ci ilвэ isə bu rəqəm 100/116 nisbətində olub. Bioloji göstəricilərə görə isə hər 100 qıza 102 oğlan düşməsi normal göstərici olmalıdır.
Azərbaycanda abort etdirən qadınların sayı 2021-ci ildə 2020-ci illə müqayisədə 35% və ya 12 min 158 nəfər artaraq 46 min 877-yə yüksəlib. Bu, indiyə kimi ölkədə qeydə alınan ən yüksək göstərici olub.
2022-ci ildə ötən il ilə müqayisədə 15-17 yaşlı qızlar arasında abort etmə hallarında da artım var. Belə ki, 2021-ci ildə 16 qız abort etmişdisə 2022-ci ildə bu rəqəm 57 nəfərə kimi yüksəlib.
30-34 yaşlı qadınlar arasında aborta üz tutma daha çox artıb. Belə ki, bu rəqəm 2021-ci ildə 13742 nəfər idisə, 2022-ci ildə 17844 nəfərə çatıb.
2021-ci ildə Azərbaycan selektiv aborta üstünlük verən ölkələr arasında birinci yerdə olub.
BMT-nin Əhali Fondunun hesablamalarına görə, Azərbaycanda doğulan uşaqlar arasında cinsə görə nisbətin ciddi şəkildə pozulması davam edərsə, 2050-ci ilə qədər hər il doğulan oğlan uşaqlarının sayı qız uşaqlarının sayından 12 000-15 000 nəfər çox olacaq.
Bu gün Azərbaycanda abortların hüquqi tənzimlənməsi məsələsi sovet dövründən qalan (12 həftəlik hamiləlik dövrünədək abortlara icazə verən) qanunlar vasitəsilə təmin olunur. Hazırda dünyada təqribən hər il 50-60 milyon, hər gün 150 min, bir saat ərzində 6 mindən çox doğulmamış körpə və ya canlı embrionlar abortlar vasitəsilə məhv edilir. Hamiləliklərin 21 faizi abortla nəticələnir ki, onlardan inkişaf etmiş ölkələrin 26%, inkişaf etməkdə olan dövlətlərin payı 20 faizdir. Beynəlxalq Planlaşdırılan Valideynlik Federasiyasının (IPPF) 2014-cü il göstəricilərinə görə, dünyada abortların sayı ən çox əhali sayına malik Çində daha yüksəkdir (9.173100 yəni, ümumi əhalinin sayına görə 6.7 faiz).
Sosial məsələlər üzrə ekspert Elçin bayramlı hesab edir ki, selektiv abortların artmasında 2 səbəb (sosial-iqtisadi və mənəvi-psixolojik) var.
"Selektiv abortların artmasının 2 səbəbi var - Sosial-iqtisadi səbəblər və mənəvi-psixolojik səbəblər. Bəzi yoxsul ölkələrdə ailələr qız uşağının dünyaya gəlməsində maraqlı olmurlar, çünki oğlan uşağı böyüyəndə ailəyə dəstək olur, işləyir, pul-qazanır, asan yaşamaq üçün kömək edir , daha sonra isə ailənin himayəçisinə çevrilir. Qız uşağı isə bunu edə bilmir. Onun evlənməsi üçün cehiz lazımdır. Sonda da ərə verirlər və bununla da o ailədən ayrılıb gedir. Ata- ana tək qalır. Buna görə yoxsul ölkələrdə böyük əksəriyyət oğlan uşağına üstünlük verir. Bu sosial-iqtisadi səbəbdir.Mənəvi-psixolojik səbəblərə baxdıqda görürük ki, son dövrlərdə insanlar oğlan uşağını nəslin davamçısı hesab edirlər və bunun daha vacib olduğunu düşünürlər. Bununla yanaşı indiki dövrdə qız uşaqlarını böyütmək evləndirmək daha çətindir”, - o əlavə edib.
Ekspert hesab edir ki, həm sosial, həm də psixoloji baxımdan insanların baxışları dəyişib.
"İnsanlar burada bir çox problem görürlər, ona görə də qız uşaqlarını ardıcıl surətdə abort etdirirlər. Hətta hər dəfə qız uşağı olanda bir neçə dəfə abort etdirirlər ki, məhz oğlan uşağı dünyaya gəlsin. Bununla yanaşı oğlu olmayanı sonsuz sayırlar, kişinin oğlu olar kimi təzyiqlər edirlər. Hamı çalışır ki, onun nəslində bir oğlan uşağı olsun. Bunların hər biri selektiv abortun yayılmasını artırır”, - Bayramlı qeyd edib.
Gender məsələləri üzrə ekspert Aynur Veysəlova bildirir ki, doğulan uşaqlar arasında cins nisbətinin pozulması bütövlükdə həm demoqrafik prosesə, həm də genofonda mənfi təsir göstərə bilər.
Ekspert hesab edir ki, insanların xışlarının dəyişilməsi vacibdir.
"Qız övladının ailədə, cəmiyyətdə özünü təsdiq etməsinə, eyni zamanda oğlan və qız uşaqları arasında ayrı-seçkiliyin aradan qaldırılmasına ehtiyac var.
Əsas odur ki, dünyaya gələn uşaq sağlam doğulsun, sağlam, təhsilli yetişdirilsin, ona şəxsiyyət kimi yanaşılsın. Həm ailəsinə, həm cəmiyyətinə, həm də özünə fayda verən varlığa çevrilə bilsin. Bu gün yanaşma bundan ibarət olmalıdır. Əlbəttə ki, ataların, xüsusilə gənc ataların təlimə cəlb olunması onların ata kimi, həyat yoldaşı kimi məsuliyyəti və vəzifələri, eyni zamanda qadınların ana və həyat yoldaşı kimi məsuliyyəti, vəzifələri ilə bağlı xüsusi olaraq maarifləndirici tədbirlərin keçirilməsinə böyük ehtiyac var. Müvafiq dövlət qurumları bu istiqamətdə ardıcıl iş aparırlar. Xüsusi ilə də, bu məsələyə Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın çox böyük diqqəti var. Həyata keçirilən bütün sosial islahatların mərkəzində insan həyatı, amili, faktoru dayanır. Son illər əhalinin gender balansının normal səviyyədən (100-107), qeyri-normal səviyyəyə (100-115) qalxmasına səbəb olmuşdur. Hazırda azalma tendensiyası müşahidə olunur. Bəzi nüanslar elmi-sosioloji təhlillər, araşdırmalar tələb edir, zamanla bu təhlillər və araşdırmalar yenilənir, çünki cəmiyyət, insanların düşüncələri həyat tərzi dəyişir. Bu cür konseptual məsələlər hər 5 ildən bir təhlil və araşdırmaların aparılmasına, mövcud vəziyyətin qiymətləndirilməsinə ehtiyac duyur.Bu zaman biz problemin səbəblərini və əsas mahiyyətini aça və qarşıdakı illərdə hansı tədbirlərin həyata keçirilməsi ilə bağlı təkliflər layihəsi hazırlaya bilərik”, - o əlavə edib.
Azərbaycan bir uçağı böyütmək necəyə başa gəlir? Bu barədə kiçik bir araşdırma apardıq.
Sorğumuzda iştirak edən Bakı sakini Nailə Məmmədli qeyd edir ki, 5 aylıq qızı üçün aylıq 300-400 manat pul xərcləyir, ən çox pul isə uşaq qidası və pamperslərin alınmasına sərf olunur.
Məktəbyaşlı övladı olan valideyin bildirir ki, aylıq 150-200 manata yaxın xərci olur, gəlirinin çox hissəsi qızının kitablarının alınmasına, repetitor hazırlıqlarına istifadə edilir.
11-ci sinifdə oxuyan övladı olan digər valideyin qızı üçün aylıq 500 manata yaxın pul xərclədiyini, gəlirinin çox hissəsinin isə repetitor hazırlıqlarına və hər il dəyişən yeni vəsaitlərin alınmasına sərf etdiyini deyir.
Yeni evlənmiş qız bildirir ki, 600 manata yaxın aylıq xərcləri olur, gəlirin çox hissəsi qida və maşın üçün istifadə edilir.
Hər il 11 oktyabr Beynəlxalq Qızlar Günü kimi qey olunur. 193 üzvlü Birləşmiş Millətlər Təşkilatı (BMT) Baş Assambleyasında qəbul edilən qərar Türkiyə, Kanada və Peru tərəfindən hazırlanan qətnamə əsasında verilib və 2012-ci ildən etibarən 11 oktyabrın Beynəlxalq Qızlar Günü olaraq qəbul edilməsinə bütün üzv ölkələr səs verib. Qərarda iqtisadi inkişafda BMT-nin Minilliyin İnkişaf Proqramına nail olunması və qız uşaqlarının onlarla bağlı qərarların verilməsində iştirakının dəstəklənməsi və digər məqamlar öz əksini tapıb.

İstiqamət:6.3.18. gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması;
Qeyd: Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi çərçivəsində hazırlanıb.
Aygün Mirakif
www.anews.az