• $
  • £

2023-cü il hansı hadisələrlə yadda qalıb? - SİYASİ İCMAL

2023-cü il hansı hadisələrlə yadda qalıb? - SİYASİ İCMAL
25.12.2023 16:28
2023-ci ildə Azərbaycanın siyasi həyatında bir çox yadda qalan hadisələr baş verib. Bunların arasında ən çox ictimaiyyəti narahat edən əlbəttə ki, Azərbaycan və Ermənistan arasında münasibətlər, Qarabağ regionunda gərginlik və sülh müqviləsinin bağlanması istiqamətində aparılan işdir. 
 
Fevralın 18-də Münhendə Prezidenti İlham Əliyevin Amerika Birləşmiş Ştatlarının Dövlət katibi Antoni Blinken və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyanın iştirakı ilə birgə görüşü keçirilib. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın da iştirak etdiyi görüşün təfərrüatları barədə məlumat paylaşılmayıb.

Bundan sonra mayın 1-i Azərbaycan və Ermənistan XİN başçıları Ceyhun Bayramov və Ararat Mirzoyan arasında 4 günlük görüş keçirilib. Nazirlər iki dəfə ABŞ Dövlət katibi Antoni Blinkenlə görüşüb. Danışıqların sonunda  Blinken Azərbaycan və Ermənistanın sülh müqaviləsinin imzalanması yolunda əhəmiyyətli irəliləyiş əldə etdiyini bəyan edib.

Eyni zamanda Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyanın Avropa Şurası Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə mayın 14-də Brüsseldə görüşüb.  4 saat çəkən görüşdə Azərbaycan-Ermənistan münasibətləri ilə bağlı baş verən hadisələr, Vaşinqton danışıqları, Azərbaycan-Ermənistan sərhədində vəziyyət müzakirə edilib

Bundan sonra mayın 24-də Nikol Paşinyan Azərbaycanla Ermənistan arasında növbəti addım olaraq sərhədlərlə bağlı xəritələrin hazırlanmasının vacibliyindən danışıb. Bunun üçün 1975-ci il xəritələrinin əsas götürülməli olduğunu vurğulayan Nikol Paşinyan Azərbaycanın 86,6 min kvadrat kilometr sərhədlər daxilində ərazi bütövlüyünü tanıdığını təsdiqləyib.

Daha sonra mayın 25-də Moskvada liderlər arasında üçtərəfli görüş keçirilib və Azərbaycan-Ermənistan arasında həllini tapmamış məsələlər müzakirə edilib.

Azərbaycan-Ermənistan  münasibətlərində kuliminasiya 2023-cü ilin sentyabrına təsadüf etdi. 

Sentyabrın 1-i səhər saatlarından başlayaraq Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonunun Zod yaşayış məntəqəsi istiqamətində yerləşən bölmələri Azərbaycan Ordusunun Kəlbəcər istiqamətində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlar, minaatanlar, artilleriya qurğuları və  PUA-lardan atəşə tutmaqla bölgədə vəziyyəti gərginləşdirib. Bunun qarşısını almaq, Ermənistan silahlı qüvvələri birləşmələrinə məxsus döyüş mövqeləri, hərbi təyinatlı avtomobillər, artilleriya və zenit-raket qurğuları, radioelektron mübarizə stansiyaları və digər hərbi təyinatlı vasitələri zərərsizləşdirmək məqsədilə sentyabrın 19-u lokal xarakterli antiterror tədbirləri başlayıb.

Sentyabrın 20-də antiterror tədbirləri sonlandırılıb, Qarabağdakı separtçı qurum silahı yerə qoyaraq təslim olmağa və Azərbaycanın şərtləri altında Yevlax şəhərində görüşməyə hazır olduğunu bildirib.

Daha sonra separatçıların  rəhbəri Samvel Şahramanyan sentyabrın 28-i qondarma "Dağlıq Qarabağ Respublikası”nın mövcudluğuna xitam verilməsi haqqında "qərar" imzalayıb və beləliklə   Azərbaycanın Qarabağ bölgəsindəki qanunsuz rejim özünü buraxdığını elan edib.
 
Antiterror tədbirləri nəticəsində Azərbaycan Ordusu Xankəndi şəhərini və Kərkicahan qəsəbəsini separatçılardan azad edib. Daha sonra İlham Əliyev oktyabrın 15-də Xankəndi şəhərində Azərbaycanın Dövlət Bayrağını ucaldıb.
 
Daha sonra İlham Əliyev xalqa müraciətində separatçıların Bakının şərtlərini qəbul etməyə məcbur vəziyyətə gəldiyini vurğulayıb. 

Sentyabrın 21-i və 29-u Yevlaxda Qarabağın erməni sakinlərinin nümayəndələri ilə baş tutan görüşdə Qarabağda yaşayan erməni sakinlərin Azərbaycan cəmiyyətinə reinteqrasiyası məsələləri müzakirə olunub.
 
Qarabağda cinayət törətmiş erməni separatçılarının həbsi

Ermənistan vətəndaşı Vardanyan Ruben Karlenoviçin Azərbaycan Cinayət Məcəlləsinin 214-1 (terrorçuluğu maliyyələşdirmə), 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların yaradılmasında və fəaliyyətində iştirak etmə) və 318.1-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməsinə əsaslı şübhələr müəyyən edilib.


Törətdiyi qeyri-qanuni əməllərə görə, Ruben Vardanyan sentyabrın 27-i saxlanılaraq, ittiham elan edilməklə təqsirləndirilən şəxs qismində cinayət məsuliyyətinə cəlb olunub, barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.


2013-2023-cü illərdə erməni separatçı qurumun "prezidenti aparatının rəhbərinin müavini, prezidentin xarici siyasət məsələləri üzrə köməkçisi, xarici işlər naziri və xüsusi tapşırıqlar üzrə prezidentin köməkçisi vəzifələrində” işləmiş, Babayan David Klimoviç 2020-ci il oktyabrın 28-də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100.1, 100.2 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 32.3, 114.1 (muzdlular yığma, onlara təlim keçmə, maliyyələşdirmə və başqa cür maddi təminat vermə, habelə onlardan hərbi münaqişədə və hərbi əməliyyatlarda istifadə etməni təşkil etmə), 32.3, 116.0.1, 32.3, 116.0.6, 32.3, 116.0.7, 32.3, 116.0.8, 32.3, 116.0.9, 32.3, 116.0.10 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 117.2-ci (silahlı münaqişə zamanı hərəkətsizlik etmə və ya cinayətkar əmr vermə), 32.3,214.2.1, 32.3,214.2.3, 32.3,214.2.4 (terrorçuluğu təşkil etmə), 283.2.1, 283.2.3-cü (milli düşmənçiliyin salınmasını təşkil etmə) və digər madələrilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, barəsində məhkəmənin qərarı əsasında həbs qətimkan tədbiri seçilərək beynəlxalq axtarışa verilib və 2023-cü il sentyabrın 29-da David Babayan Azərbaycan Respublikasının hüquq-mühafizə orqanları tərəfindən saxlanılarq istintaqa təqdim olunub və qeyd olunan maddələr üzrə ittiham olunub.


Bundan başqa, istintaqla Ermənistan Respublikasının sabiq hərbi qulluqçusu, 2015-2018-ci illərdə qondarma rejimin "müdafiə naziri” vəzifəsində işləyib, eləcə də, Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərənş qanunsuz hərbi silahlı qrupun üzvü olan Mnatsakanyan Lyova Henrixi qabaqcadan əlbir olduğu şəxslərlə birgə 2002-ci il mayın 8-də beynəlxalq humanitar hüquqla müdafiə olunan Məmmədov İlham Yusif oğlunu və digər əsir düşmüş azərbaycanlıları Füzuli rayonunun Alxanlı kəndi ərazisində əsir götürərək Füzuli şəhərində yerləşən hərbi hissədə milli ədavət zəminində çoxsaylı işgəncələr verib və həmin il noyabrın 19-dək onu əsirlikdə saxlamalarına əsaslı şübhələr müəyyən edilib.


Lyova Mnatsakanyanın 2006-cı il noyabrın 8-də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 113-cü (işgəncə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb ediməsi barədə qərar qəbuil edilmiş və həmin il noyabrın 14-də barəsində müvafiq məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilməklə İnterpolun Milli Mərkəzi Bürosu vasitəsilə beynəlxalq axtarışa verilib.


2023 -cü il sentyabrın 29-da Mnatsakanyan Laçın Sərhəd Buraxılış məntəqəsindən Ermənistana keçmək istəyərkən saxlanılaraq istintaqa təqdim olunub və qeyd olunan maddə ilə ittiham edilib.Hər iki şəxs barəsində həbs qətiman tədbirinin seçilməsinə dair məhkəmə qərarı icra olunaraq Dövlət Təhlükəsizliyi Xİdmətinin istintaq təcridxanasına göndərilib.
 

Xocalı rayonun Meşəli kənd sakinlərinə qarşı qırğın törətmişXaçatryan Vaqif Çerkezoviçsentyabrın 22-də saxlanıb. Sentyabrın 29-da isəCinayət Məcəlləsinin 103-cü (soyqırımı) və 107-ci (əhalini deportasiya etmə və ya məcburi köçürmə)maddələri ilə ittiham olunaraq15 il müddətə azadlıqdan məhrum edilib. O, cəzasının ilk 5 ilini həbsxanada, qalanını isə ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir.


Oktyabrın 3-ü Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları Qarabağda separatçıların keçmiş "prezidenti” Araik Arutyunyanı, Arkadi Qukasyan (1997-2007) və Bako Saakyan (2007-2020), "Daşnakasutyun” partiyasının "Qarabağ təmsilçisi” və separatçı rejimin keçmiş parlament sədri David İşxanyan törətdikləri cinayət əməllərinə görə barələrində aparılan cinayət işləri üzrə saxlanılaraq Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən Bakıya gətirilib.


Qagik Aşotoviç Voskanyan avqustun 16-da Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər rayonu ərazisindən keçən hissəsində Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupu tərəfindən terror-təxribat əməliyyatları həyata keçirmək məqsədilə Azərbaycan Respublikasının dövlət sərhədinin pozulması faktı ilə bağlı Baş Prokurorluq tərəfindən cinayət işi başlanaraq ibtidai istintaq aparılıb.Ona qarşı Cinayət Məcəlləsinin 206.3.2 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən odlu silah və döyüş sursatının qaçaqmalçılığı), 214.2.1, 214.2.3 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən odlu silahdan istifadə etməklə terrorçuluq), 228.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah əldə etmə, daşıma, saxlama), 283.2.1 (zor tətbiq etməklə milli düşmənçiliyin salınmasına aşkar surətdə yönələn hərəkətlər etmə) və 318.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən zor tətbiq etməklə Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ittiham irəli sürülüb. Dekabrın 7-i Gəncə Ağır Cinayətlər Məhkəməsində o 18 il azadlıqdan məhrum edilib.


İlham Əliyev Avropa İttifaqı, Azərbaycan, Fransa, Almaniya və Ermənistan liderlərinin iştirakı ilə oktyabrın 5-də İspaniyanın Qranada şəhərində keçirilməsi planlaşdırılmış görüşdə iştirak etməkdən imtina edib. 

Buna səbəb Fransanın destruktiv mövqeyi, eləcə də Paris və Berlinin Türkiyənin bu görüşdə iştirakı ilə bağlı narazılığıdır. 

Noyabr ayı həmçinin Azərbaycan və ABŞ arasında münasibətlərin gərginləşməs ilə də yadda qaldı. Belə ki, ABŞ dövlət katibinin köməkçisi Ceyms O’Braynın  Nümayəndələr Palatasının Xarici İşlər Komitəsinin Avropa üzrə alt komitəsində keçirilən dinləmələrdə verdiyi açıqlamalar rəsmi Bakının qəzəbinə səbəb oldu. 

Azərbaycan buna cavab olaraq noyabrın 16-da Vaşinqtonda keçiriləcək görüşdən imtina etdi. 

Rəsmi Bakı bundan sonra danışıqları hansısa üçüncü tərəfin iştirakı ilə deyil ikitərəfli qaydada davam etdirməyin tərəfdarı olduğunu dedi. Bunun nəticəsi olaraq Azərbaycan və Ermənistan Sovet İttifaqı dağılandan və Qarabağ münaqişəsi başlayandan bəri ilk dəfə dekabrın 7-də birgə bəyanat imzaladı. Bəyanat heç bir vasitəçi və ya üçüncü tərəf olmadan, Azərbaycan və Ermənistanın baş siyasi qurumları tərəfindən verildi.  Onlar əsirlərin dəyişdirilməsinə  və Ermənistanın ekoloji sammitdə  öz namizədliyini Azərbaycanın xeyrinə geri çəkməsi barədə razılığa gəlib. 

Razılaşmanın nəticəsi olaraq 32 erməni hərbçi  2 azərbaycanlı hərbçiyə dəyişdirildi. 

Dəyişmə prosesi dekabrın 13-də Qazaxın sərhəd bölgəsindəbaş tutdu. 

Nəticədə Ermənistan sərhədini qanunsuz keçmədə ittiham olunan, bu ilin aprelində həbs olunan  Azərbaycan əsgərləri Aqşin Bəbirov və Hüseyn Axundov azad edildi. 
 
Qarabağla bağlı tarixi anlar
 
Lokal xarakterli antiterror tədbirləri nəticəsində azad edilən Xankəndində noyabrın 8-i Zəfər Günü ilə əlaqədar Zəfər Paradı keçirilib. Daha sonra, Noyabrın 21-i Prezident Şuşanın 2024-cü il üçün "İslam dünyasının mədəniyyət paytaxtı” elan edilməsi məqsədilə sərəncam imzalayıb.

Bununla yanaşı Xankəndi stadionunda 30 ildən  sonra ilk dəfə Qarabağ komandası ilə MOİK klubu Azərbaycan Kubokunun 1/8 finalında görüşüb. Dekabrın 21-i başlayan oyunun 1:0 ilə qalibi "Qarabağ” olub. "Köhlən atlar” bu nəticə ilə 1/4 finalda "Sabah” klubuna rəqib olublar.

Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum

2023-cü il Azərbaycan-İran nübasibətlərində gərginliklə də yadda qaldı. 

2023-cü il yanvarın 27-i Azərbaycanın İranın Tehranda yerləşən səfirliyinə silahlı hücum edilib, hücum edən şəxs, İran vətəndaşı Yasin Hüseynzadə "Kalaşnikov" markalı avtomat silahla mühafizə postunu yarmış, səfirlik əməkdaşlara atəş açması nəticəsində diplomatik nümayəndəliyin mühafizə xidmətinin rəhbəri Orxan Əsgərov həlak olub. Hücumun dəf edilməsi zamanı iki mühafizəçi yaralanıb. O çox keçməmiş, İran hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Hücum aktı ilə bağlı Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətində cinayət işi başladılıb və hadisəni törədən Hüseynzadə istintaqa cəlb olunub. 

Səfirliyə hücum Prezident Əliyev tərəfindən ciddi tənqid edilib, Azərbaycan tərəfi məsuliyyətin İranın üzərinə düşdüyünü vurğulayıb. Odur ki, Azərbaycan tərəfi hücumu "terror aktı" kimi qiymətləndirib. Bundan sonra Azərbaycan səfirliyin əməkdaşları Tehrandan evakuasiya edilib və səfirliyin fəaliyyətini dayandırılıb.

İran rəsmiləri isə  hücumun siyasi motiv daşımadığını bildirib.  İran hüquq-mühafizə orqanlarını hücumun şəxsi zəmində törədildiyini, Hüseynzadənin əraziyə iki azyaşlı uşaqla gəldiyini iddia edib. Buna baxmayaraq, təhlükəsizlik kameralarının lentə aldığı görüntülərdə onun tək olduğu müşahidə edilib.

BMT Baş Katibi Antoni Quterreş, Avropa İttifaqı, NATO, GUAM, 60-dan çox ölkənin dövlət başçısı, xarici işlər nazirləri və səfirləri bu hücumu terror aktı kimi adlandırıb.  Hücumdan sonra İran azərbaycanlıları Azərbaycanın Təbrizdəki Baş konsulluğunun binası qarşısına gələrək gül dəstələri qoyub. Cənubi Azərbaycanda Şimali Azərbaycana dəstək kampaniyaları yer alıb. 

İlin qalmaqallı kadr dəyişiklikləri
 
Naxçıvan Müxtar Respublikası Ali Məclisinin rəhbəri Vasid Talıbovun işdən uzaqlaşdırılmasını  ilin ən qalmaqallı kadr dəyişikliyi adlandırmaq olar.  
 
2022-ci ilin dekabrın 21-də Vasif Talıbov Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri vəzifəsindən istefa verib. Sədr vəzifəsindən istefa verməsinə baxmayaraq, o Ali Məclisin deputatı kimi fəaliyyətinə xitam verilməsi ilə bağlı müraciət etməyib. 

2023-cü il yanvarın 5-də onun şirkəti- "Gəmiqaya şirkəti” Məhdud Məsuliyyətli Cəmiyyətinə valyuta qaydalarını pozduğu üçün 8 protokol tərtib edilib.Şirkət İnzibati Xətalar Məcəlləsinin (İXM) 430.4-cü (avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə) maddəsi üzrə təqsirli bilinib. Bu inzibati xətaya görə, hüquqi şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaitinin 20 faizindən 30 faizinədək məbləğdə cərimə edilir. Protokollar baxılması üçün adiyyatı üzrə Naxçıvan şəhər Məhkəməsinə göndərilib. Yanvarın 6-da isə şirkət onun əlindən alınaraq "Arkoz Holdinq” adı verilib.

Talıbov istefasından sonra yanvarın 9-da Yeni Azərbaycan Partiyasının (YAP) Naxçıvan MR təşkilatının sədrliyindən də çıxarılıb. rəsmi açıqlama verilməsə də, YAP-ın rəsmi veb-səhifəsində Naxçıvan MR təşkilatı ilə bağlı bölümdə sədr vəzifəsi boş göstərilib.

Bunun ardından yanvarın 24-də o,  "Naxçıvanbank” ASC-ni də itirib.

Bundan öncə, yanvarın 12-də "Naxçıvan Bank” ASC-nin Müşahidə Şurası (MŞ) yenidən formalaşdırılıb və qədər Şuranın üzvləri olan Baharxanım Talıbova (Naxçıvan MR Ali Məclisinin keçmiş sədri Vasif Talıbovun qızı) və Rifat Mahmudov da vəzifələrindən azad ediliblər. Eyni zamanda MŞ-ya sədrlik edən Əsədulla İsgəndərov vəzifəsindən azad edilib, onun yerinə Binnət Novruzov təyin olunub. Keçmiş sədr və Rüfət Məmmədov Şuranın üzvü kimi fəaliyyət göstərməyə başlayıb.

Avqustun 1-i  Naxçıvan Muxtar Respublikası Ali Məclisinin komitələrinin yeni tərkibi təsdiqlənib və deputatların sayı 5-dən 10-a çatdırılıb. Həmçinin, 6 komitədən 2-si ləğv edilib, 4 komitə -Hüquq siyasəti, İqtisadi siyasət, Sosial siyasət və Humanitar siyasət komitələri isə saxlanılıb. Naxçıvan Ali Məclisinin deputatları Vasif Talıbov Sosial siyasət komitəsinin, oğlu Seymur Talıbov isə Hüquq siyasəti komitəsinin üzvü seçiliblər. Seymur Talıbov bundan əvvəl İnsan hüquqları, beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü olub.
 
İlin  həbsləri
 
2023-cü il iyulun 23-də Azərbaycan Demokratiya və Rifah Hərəkatının sədri Qubad İbadoğlunun saxlanılması böyük əks səda doğurub. Türkiyə Daxili İşlər Nazirliyinin (DİN) məlumatı əsasında Azərbaycan DİN ölkədə FETO təşkilatı ilə əlaqəli şəxslərə qarşı əməliyyat tədbirləri keçirərək 5 nəfər saxlayıb, saxlanan şəxslərdən birinin Qubad İbadoğlu ilə əlaqəsinin olması barədə ifadə verməsi  ilə onun ofisində axtarış aparılıb, iş üzrə zəruri əhəmiyyət kəsb edən sənədlər aşkarlanaraq İbadoğlu saxlanılıb. İyulun 24-ü o, Cinayət Məcəlləsinin 204.3.1 (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə ittiham verilib və təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilib və barəsində 3 ay 26 gün həbs qətimkan tədbiri seçilib.
 
Avqustun 25-də ona qarşı Cinayət Məcəlləsinin 167-3.1-ci (dini ekstremist materialları hazırlama, saxlama və ya yayma) maddəsi ilə yeni ittiham irəli sürülüb. Noyabrın 16-da isə həbs müddəti 3 ay uzadılıb.
 
Daha sonra, araşdırmaçı, iqtisadçı, gənc alim Fazil Qasımov Qubad İbadoğlunun işi ilə əlaqədar avqustun 8-i Türkiyədə saxlanılaraq ölkəyə gətirilib, Cinayət Məcəlləsinin 204.3.1 (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə ittiham edilərək 3 ay 12 gün müddətinə həbs edilib. Noyabrın 17-i onun həbs müddəti daha 3 ay uzadılıb.
 
Bununla yanaşı dekabrın 14 Müsavat Partiyasının üzvü Tofiq Yaqublu dələduzluqla ittiham edilərək saxlanılıb və evində axtarış aparılıb. O Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq-külli miqdarda ziyan vurmaqla törədildikdə) və 320.1-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama və ya satma) maddələri ilə ittiham olunaraq 4 aylıq həbs edilib. 
 
2023-cü il jurnalistlərin həbsi ilə də yadda qaldı. 

Belə ki, noyabrın 20-i "Abzas Media"nın direktoru Ülvi Həsənli saxlanılıb və onun ofisində axtarış aparılıb. Axtarış nəticəsində ofisdən 40 min avro pul aşkarlanan Ülvi Həsənli Cinayət Məcəlləsinin 206.3.2 maddəsi ilə (qabaqcadan əlbir olan bir qrup şəxslə ölkəyə xarici valyutada qaçaq yolu ilə pul keçirtmə) ilə ittiham olunaraq noyabrın 21-də barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib. Daha sonra, noyabrın 21-i "Abzas Media” saytının baş redaktoru Sevinc Abbasova da (Vaqifqızı)  eyni maddə ilə ittiham irəli sürülüb və 3 ay 29 gün müddətinə həbs olunub.
 
Onların ardınca noyabrın 24-ü "Abzas Media”-nın direktor müavini, ictimai fəal Məhəmməd Kekalov saxlanılaraq eyni maddə ilə ittiham olunub və barəsində  3 ay 27 gün müddətinə həbs qətimkan tədbiri seçilib. 
 
Eyni zamanda  "Abzas Media"nın əməkdaşı Nərgiz Abssalamova da həmin maddə ilə ittiham edilərək 3 aylıq həbs olunub.

Dekabrın 13-də Turan agentliyinin iqtisadiyyat şöbəsinin redaktoru, jurnalist Hafiz Babalı da "Abzas Media”-nın işi ilə əlaqədar olaraq 3 aylıq həbs edilib.
 
"Kanal 13” internet televiziyasının rəhbəri Əziz Orucov noyabrın 28-i Cinayət Cinayət Məcəlləsinin 188.2 (Mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti və ya quraşdırma işləri aparma) maddəsilə cinayət işi açılıb və 3 aylıq həbs edilib. Ona dekabrın 19-u inayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq-qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə əlavə ittiham irəli sürülüb.
Onun ardınca  "Kanal 13” internet televiziyasının aparıcısı, Azərbaycan Demokratiya və Rifah (ADR) partiyasının İdarə Heyətinin üzvü Rüfət Muradlı İnzibati Xətalar Məcəlləsinin 510 (xırda xuliqanlıq) və 535.1 (polisin qanuni tələbinə tabe olmama) maddələrilə ittiham olunaraq 30 sutka müddətinə həbs edilib. 

Növbədənkənar Prezident seçkiləri
 
2023-cü il dekabrın 7-i ilk  növbədənkənar prezident seçkisinin keçirilməsi ilə bağlı İlham Əliyev sərəncam imzalayıb. Bundan sonra ümumilikdə 15 nəfər namizədliyini irəli sürüb, 7 namizədin müraciəti artıq təsdiqlənib, 8-nin müraciətinin təsdiqi üçün işlər görülür. Yeni Azərbaycan Partiyasındam İlham Əliyev, Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustaf, Sosial Tədqiqatlar Mərkəzinin (STM) sədri, deputat  Zahid Oruc, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, deputat Qüdrət Həsənquliyev, Böyük Azərbaycan Partiyasının sədri Elşad Mustayev, Milli Cəbhə Partiyasının sədri (MCP), deputat Razi Nurullayev, Fuad Əliyev, Azərbaycanın sabiq maliyyə naziri Fikrət Yusifov prezident seçkilərində namizədliklərini irəli sürüblər. Eyni zamanda Xankəndində işğaldan azad olunduqdan sonra səsvermə keçiriləcək.

Beləliklə, Xankəndində Azərbaycan bayrağının qaldırılması, Ermənistanla bağlanmamış sülh müqaviləsi, jurnalistlərin həbsi  və növbədənkənar prezident seçkilərinə hazırlaşan Azərbaycan 2024-cü ilə keçid edir. 
 
İstiqamət: 6.3.5. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük "Vətən Müharibəsi”ndə
qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə
cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə
çatdırılması;
Qeyd: Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb. 
 


Aygün Mirakif

Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabah pensiyalar artımla birgə veriləcək
Cəmiyyət 14:49
Sabah pensiyalar artımla birgə veriləcək
Elektron siqaretlər təhlükəlidir! - Birgə məlumat
Cəmiyyət 13:37
Elektron siqaretlər təhlükəlidir! - Birgə məlumat
Əfv Komissiyasının iclasları başlayır - Yenilənib
Cəmiyyət 12:21
Əfv Komissiyasının iclasları başlayır - Yenilənib
Hərbi hissələrdə görüşə müvəqqəti məhdudiyyət qoyulub
Cəmiyyət 09:49
Hərbi hissələrdə görüşə müvəqqəti məhdudiyyət qoyulub
Prezident və xanımı yeni yaradılan parkın açılışında iştirak edib
Cəmiyyət 20:12
Prezident və xanımı yeni yaradılan parkın açılışında iştirak edib
Qarabağ Universitetinin klinikası yaradılıb - Fərman
Cəmiyyət 13:19
Qarabağ Universitetinin klinikası yaradılıb - Fərman
Cəmiyyət 10:13
"Ali təhsil haqqında" qanun hazırda müzakirə predmeti deyil - Nazir
Qarabağ universitetində tibb fakültəsi yaradılacaq -  nazir
Cəmiyyət 15:41
Qarabağ universitetində tibb fakültəsi yaradılacaq - nazir
Bu il ilk dəfə hansı fənn müəllimləri imtahan verəcək? - Siyahı
Cəmiyyət 15:17
Bu il ilk dəfə hansı fənn müəllimləri imtahan verəcək? - Siyahı
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol