Dövlət başçıları İlham Əliyevi təbrik edir – Yenilənir

Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
Məktubda deyilir:
Doğum gününüz münasibətilə səmimi təbriklərimi qəbul edin.
Siz haqlı olaraq həmvətənləriniz arasında və ölkə hüdudları xaricində böyük hörmətə maliksiniz. Sizin rəhbərliyinizlə dost Azərbaycan iqtisadi və sosial sahələrdə əhəmiyyətli uğurlara nail olur, regional və beynəlxalq məsələlərdə mühüm rol oynayır. Sizin ölkələrimiz arasında müttəfiqlik münasibətlərinin möhkəmlənməsinə töhfəniz misilsizdir.
Konstruktiv dialoqun və sıx birgə əməkdaşlığın davam etdirilməsinə şad olardım.
***
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev :
Sizi mübarək doğum gününüz münasibətilə ürəkdən təbrik edir, ən xoş və səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram.
Biz Sizi Azərbaycan xalqının vətənpərvər və fədakar övladı, bizə qardaş xalqın müdrik rəhbəri, zəmanəmizin görkəmli dövlət və siyasi xadimi kimi tanıyır və bunu xüsusi olaraq etiraf edirik.
Sizin adınız Azərbaycanda sosial-iqtisadi inkişafın təmin edilməsi, müstəqil dövlətçiliyin əsaslarının hərtərəfli möhkəmləndirilməsi istiqamətində aparılan sistemli islahatlar və genişmiqyaslı dəyişikliklər, ölkənizin sürətli inkişafına yönəlmiş böyük quruculuq işləri ilə sıx bağlıdır.
Xüsusən də Sizin güclü iradəniz sayəsində ölkənizin ərazi bütövlüyünün tam bərpası və tarixi ədalətin bərqərar olunması, sözün əsl mənasında, reallığa çevrildi.
Heç şübhəsiz ki, cari ilin avqust ayında bənzərsiz Azərbaycana dövlət səfərim əsnasında Sizinlə qarşılıqlı etimad və səmimilik ruhunda apardığımız danışıqlar, əldə etdiyimiz mühüm razılaşmalar, Füzuli şəhərində Mirzə Uluqbəy adına məktəbin açılış mərasimində birgə iştirakımız genişmiqyaslı ikitərəfli münasibətlərimizdə parlaq iz buraxmışdır.
Fürsətdən istifadə edərək, bu yaxınlarda gözəl Bakıda Sizin təşəbbüsünüzlə Birləşmiş Millətlər Təşkilatının Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının birinci Zirvə görüşünün yüksək səviyyədə keçirilməsi münasibətilə Zati-alinizi bir daha təbrik edərək xüsusi vurğulamaq istərdim ki, həmin beynəlxalq tədbir regionumuzun ümumi inkişafının təmin olunmasına xidmət edəcəkdir.
Əminəm ki, birgə səylərimizlə çoxşaxəli və uzunmüddətli strateji tərəfdaşlığımız qardaş xalqlarımızın ümumi mənafeyi naminə gələcəkdə də səmərəli şəkildə inkişaf edəcəkdir.
***
Belarus Prezidenti Aleksandr Lukaşenko:
Doğum gününüz münasibətilə səmimi təbriklərimi qəbul edin.
Şəksiz rəhbər istedadınız sayəsində milli lider kimi Siz Azərbaycanın səmərəli iqtisadi inkişaf modelini həyata keçirmiş, dövlətin beynəlxalq arenada nüfuzunu möhkəmləndirmisiniz.
Fürsətdən istifadə edərək, Sizi Qoşulmama Hərəkatında uğurlu sədrliyiniz münasibətilə təbrik edirəm.
Məmnuniyyətlə qeyd edirəm ki, Minsk ilə Bakının hörmətə və qarşılıqlı anlaşmaya əsaslanan strateji tərəfdaşlığı həm iqtisadi-ticari sahədə, həm də əməkdaşlığın digər istiqamətləri üzrə mühüm nəticələr əldə etməyə imkan verir.
Dostluğumuzu, ölkələrimiz arasında yaranmış münasibətlərin etimada əsaslanan xarakterini yüksək qiymətləndirir, yeni görüşləri və müxtəlif sahələrdə maraqlı birgə layihələri nikbinliklə gözləyirəm.
***
Türkmənistanın Prezidenti Sərdar Berdiməhəmmədov:
Doğum gününüz münasibətilə səmimi təbriklərimi və ən xoş arzularımı qəbul edin.
Azərbaycan Respublikası Sizin rəhbərliyinizlə hərtərəfli inkişaf yolunda inamla irəliləyir və beynəlxalq məsələlərdə öz nüfuzunu möhkəmləndirir.
Əminəm ki, Türkmənistan ilə Azərbaycan Respublikası arasında möhkəm və qədim əlaqələr daim inkişaf edəcək, xalqlarımıza və ölkələrimizə fayda gətirəcəkdir.
***
Tacikistan Prezidenti Emoməli Rəhmon:
"Hörmətli İlham Heydər oğlu.
Doğum gününüz münasibətilə səmimi təbriklərimi və xoş arzularımı qəbul edin.
Qardaş Azərbaycan Sizin rəhbərliyinizlə sosial-iqtisadi inkişaf yolunda irəliyə doğru inamla addımlamaqda davam edir, regional və beynəlxalq məsələlərdə getdikcə artan rol oynayır.
İnanıram ki, Sizin siyasi kursunuzla irəliləyən Azərbaycan Respublikası qüdrətli və inkişaf edən dövlət quruculuğunda yeni zirvələr fəth edəcək.
Qarşıdan gələn ilin əvvəli Azərbaycan cəmiyyəti üçün xüsusi əhəmiyyətli hadisə - prezident seçkiləri ilə əlamətdar olacaq. Bu çox mühüm siyasi tədbirin uğurla keçirilməsi ilə bağlı səmimi arzularımı çatdırıram.
Tarixə qovuşan 2023-cü ildə möhkəm dostluq ənənələrinə, qarşılıqlı hörmətə və dəstəyə əsaslanan Tacikistan-Azərbaycan münasibətləri bir sıra mühüm hadisələrlə əlamətdar olub. Onların arasında Sizin Tacikistana dövlət səfərinizi qeyd etmək istərdim. Sizin ölkələrimiz və xalqlarımız arasında dostluq və əməkdaşlıq münasibətlərinin ardıcıl möhkəmləndirilməsinə daimi xüsusi diqqətinizi yüksək qiymətləndirirəm.
Xalqlarımızın köklü maraqları məcrasında iki ölkənin etimada əsaslanan dövlətlərarası dialoqunun davam etdirilməsinə şad olacağam.
***
Qırğız Respublikasının Prezidenti Sadır Japarov:
Doğum gününüz münasibətilə səmimi təbriklərimi qəbul edin.
Qeyd etmək istərdim ki, Sizin strateji baxışlarınız və rəhbərliyiniz ilə həyata keçirilən səmərəli siyasi və iqtisadi islahatlar Azərbaycanın beynəlxalq nüfuzunu və sabitliyini möhkəmləndirib, xalqın rifahını əhəmiyyətli dərəcədə yüksəldib.
Əminəm ki, Cənubi Qafqazda yeni geosiyasi reallıq, həmçinin nəqliyyat-logistika imkanlarının genişlənməsi gələcəkdə də Qırğız Respublikası ilə Azərbaycan Respublikası arasında dostluq və strateji tərəfdaşlıq münasibətlərinin daha da möhkəmlənməsinə şərait yaradacaqdır. Bu münasibətlər bizim ötən ilin aprel və oktyabr aylarındakı ikitərəfli səfərlərimizin yekunları nəticəsində misli görünməmiş səviyyəyə yüksəlib.
***
İordaniyanın Kralı II Abdullah ibn Al Hüseyn:
Hörmətli cənab Prezident.
Doğum gününüz münasibətilə Zati-alinizə ən səmimi təbriklərimi və xoş arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram.
İcazə verin, Sizə cansağlığı və xoşbəxtlik diləyi ilə ən xoş arzularımı çatdırım”.
***
Xorvatiya Prezidenti Zoran Milanoviç:
Doğum gününüz münasibətilə səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyur, Sizə möhkəm cansağlığı, xoşbəxtlik və ali dövləti fəaliyyətinizdə uğurlar arzu edirəm.
Cənab Prezident, Sizə ən xoş diləklərimi yetirir və ölkənizin rifahının daha da yaxşılaşdırılması istiqamətindəki fəaliyyətinizdə yeni nailiyyətlər arzulayıram.
Əminəm ki, Xorvatiya və Azərbaycan bundan sonra da ikitərəfli əməkdaşlığı dostluq ruhunda möhkəmləndirəcək və dərinləşdirəcəkdir. Bunun üçün iqtisadi əlaqələrin inkişaf etdirilməsi istiqamətində birgə fəaliyyətimiz xüsusi əhəmiyyət kəsb edir.
***
Rusiya Federasiyasının Dağıstan Respublikasının rəhbəri Sergey Məlikov:
Doğum gününüz münasibətilə səmimi təbriklərimi qəbul edin.
Həyatda baş verən hadisələr hər bir insanın taleyini müəyyən edir – böyük şair Rəsul Həmzətovun bu sözləri Sizin şəxsi taleyinizi, Vətənə xidmət üçün seçdiyiniz həyat yolunuzu tam şəkildə təsdiqləyir. Siz 20 ildən artıq müddətdə Azərbaycan Respublikasına rəhbərlik etməklə, atanız - görkəmli dövlət xadimi Heydər Əlirza oğlu Əliyevin kursunu layiqincə davam etdirərək xalqınızın əsl liderinə çevrilmisiniz.
Bu illər ərzində müdrik və uzaqgörən siyasətiniz nəticəsində Azərbaycan ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatın bütün sahələrində böyük uğurlara imza atıb, beynəlxalq arenada qlobal gündəlikdəki məsələlərin həllində öz mövqelərini qətiyyətlə möhkəmləndirib.
Dağıstan çoxəsrlik mehriban qonşuluq və dostluq ənənələrini yüksək dəyərləndirir. Biz ürəkdən inanırıq ki, ümumi səylərimiz Dağıstan və Azərbaycan xalqları arasında dialoqun, qarşılıqlı etimadın bundan sonra da möhkəmlənməsinə şərait yaradacaqdır.
***
Rusiya Federasiyası Tatarıstan Respublikasının Rəisi Rüstəm Minnixanov:
Doğum gününüz münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm. Sizə və yaxınlarınıza möhkəm cansağlığı, xoşbəxtlik və uğurlar arzulayıram.
Sizin Azərbaycanın Prezidenti vəzifəsində çoxillik səmərəli fəaliyyətiniz doğma ölkənizə sevginizin, onun təhlükəsizliyinin və hərtərəfli inkişafının, xalqın əmin-amanlığının təmin edilməsi səylərinizin parlaq təzahürüdür.
Bu gün də çox mürəkkəb qlobal çağırışlar şəraitində Sizin zəhmətinizin nəticələri, zəngin təcrübəniz və nüfuzunuz yeni genişmiqyaslı dövləti vəzifələrin həllinin, Azərbaycan Respublikasının vətəndaşları üçün zamanın tələb etdiyi faydalı konseptual layihələrin reallaşmasının bünövrəsidir.
***
Serbiyanın Prezidenti Aleksandar Vuçiç:
İcazə verin doğum gününüz münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırım. Sizə möhkəm cansağlığı, firavanlıq, həmçinin şəxsi və peşəkar fəaliyyətinizdə uğurlar arzulayıram. Ölkələrimiz və xalqlarımız arasında qurduğumuz əlaqələr və əməkdaşlığımızla, o cümlədən gündən-günə inkişaf edən şəxsi münasibətlərimizlə fəxr edirəm.
Serbiya Respublikası Azərbaycan Respublikasının beynəlxalq hüququn və BMT-nin Nizamnaməsinin prinsiplərinə əməl etməsi ilə bağlı mövqeyini yüksək qiymətləndirir və bunu həm də ölkənizin bizim ölkəmizin suverenliyi və ərazi bütövlüyünə hörmətinin göstəricisi kimi dəyərləndirir. Əmin ola bilərsiniz ki, bu mövqe qarşılıqlıdır və Serbiya daim Azərbaycanın sadiq və etibarlı tərəfdaşı və dostu olacaqdır.
***
Bolqarıstan Prezidenti Rumen Radev:
Doğum gününüz münasibətilə ən səmimi təbriklərimi və xoş arzularımı qəbul etməyinizi xahiş edirəm.
Mən bu yaxınlarda Bolqarıstan və Serbiya arasında qaz interkonnektorunun açılışı mərasimindəki görüşümüzü xoş xatirələrlə yada salıram. Bu görüş ölkələrimiz arasında həm ikitərəfli, həm də çoxtərəfli formatda səmərəli təması və fəal siyasi dialoqu daha da genişləndirməyə sadiqliyimizi bir daha təsdiq etdi.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox 