Birinci mərhələdə Sarıcalı kəndinə 895 nəfərin köçürülməsi planlaşdırılır

"Böyük Qayıdış" proqramı çərçivəsində Ağdamın Sarıaclı kəndinə birinci mərhələdə 895 nəfər olmaqla 203 ailənin köçürülməsi planlaşdırılır. Bu barədə Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin mətbuat katibi Leyla Sarabi jurnalistlərə məlumat verib.
"Evlərin 63-ü iki, 91-i üç, 45-i dörd, 4-ü isə beşotaqlıdır. Məskunlaşdırılacaq əhalinin gələcək sayı nəzərə alınaraq, kəndin salınmasının birinci mərhələsi üçün 54 hektar torpaq sahəsi ayrılıb", - o bildirib.
Siyasi məsələlər üzrə ekspert Tural İsmayılov deyir ki, ən çox dağıntılara məruz qalan Ağdam yaxın zamanlarda Qarabağın ən gözəl bölgəsinə çevriləcək.
"Artıq Ağdamın bəlli bölgələrinə köç prosesi davam edir. Özəlliklə bayram günlədində prezidentin Ağdamın Sarıcalı kəndində vətəndaşlarla görüşməsi önəm kəsb edir. Azərbaycan bu gün böyük qayıdış üzrə dövlət proqramını elə edib və çox uğurla da bütün şərtləri Azərbaycan tərəfindən həyata keçirilir. Ağdam şəhərinin özünə də köç prosesi yaxın zamanlarda baş tutacaq. Ümumiyyətlə yaxın zamanlarda işğaldan azad olunan torpaqlardan ən çox dağıntılara məruz qalan Ağdamdır. Hazırda orda yüksək səviyyədə abadlıq işləri görülür. Ağdama bir çox səyyahlar səfərlər təşkil edirlər. Bu da Qarabağdakı işğal dönəmindəki Ağdama qarşı olan geniş dağıdıcılıq dünyaya çatdırılır. Ağdamın şəhər infrasukturuna vurulan zərbələr nümayiş olunur. Lakin Azərbaycan dövlətinin qətiyyəti nəticəsində Ağdam digər azad olunan bölgələrimiz kimi sıfırdan qurulur. İnkişaf edən modelimizi görürük. Təbii ki böyük qayıdış prosesi uğurlu formada baş verir", - ekspert bildirib.
2025-ci ilin sonuna kimi Ağdam və üç kəndinə 10 minə yaxın əhalinin köçürülməsi planlaşdırılır.
Ümumilikdə Ağdamda 11 kəndin təməli qoyulub.
Dekabrın 12-də Qarabağ iqtisadi rayonunun xüsusi nümayəndəsi Emin Hüseynov mətbuata bildirib ki, proqram çərçivəsində 2026-ci ilə qədər Qarabağa 16 min ailənin köçürülməsi planlaşdırlıb.
Prezident İlham Əliyev oktyabrın 10-da Şuşada keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının 27-ci iclasının iştirakçılarına ünvanladığı müraciətdə bildirib ki, yaxın üç ildə Qarabağa Qayıdış proqramı çərçivəsində 100 min əhalinin azad olunmuş ərazilərə köçürülməsi nəzərdə tutulub.
Son 4 ildə Qarabağın bərpası və yenidənqurulmasına 17,6 milyard manat vəsait xərclənib.
Cari il üçün isə Qarabağa 4 milyard manat ayrılması planlaşdırılır.
İstiqamət: 6.3.7. işğaldan azad olunmuş ərazilərə “Böyük Qayıdış”;
Qeyd: Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi çərçivəsində hazırlanıb.
Gülnar Nazimqızı