• $ 1.7
  • € 1.9581
  • ₽ 0.020781
  • ₺ 0.0445
  • £ 2.2754

Vardanyanın məhkəməsində mina qurbanları danışdı: Bir gündə iki oğlumu itirdim

Vardanyanın məhkəməsində mina qurbanları danışdı: Bir gündə iki oğlumu itirdim
22.04.2025 20:07

Azərbaycan Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində cinayət işi üzrə məhkəmə prosesi aprelin 22-də davam etdirilib.

AZƏRTAC xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Anar Rzayevdən və Camal Ramazanovdan ibarət tərkibdə keçirilən açıq məhkəmə iclasında (ehtiyat hakim Günel Səmədova) təqsirləndirilən şəxs bildiyi dildə, yəni, rus dilində tərcüməçi, habelə müdafiəsi üçün özünün seçdiyi vəkillə təmin olunub.

Məhkəmə prosesi zərərçəkmiş şəxslərin dindirilməsi ilə davam etdirilib. Onların əksəriyyəti bədən əzalarının bir hissəsi amputasiya edilmiş mina qurbanları olub. İfadə verən zərərçəkmiş şəxslərin əksəriyyəti məhkəməyə qoltuqağacı və əsa ilə gəlib.

Hakim Zeynal Ağayev dindirmədən əvvəl məhkəmə prosesində ilk dəfə iştirak edən zərərçəkmiş şəxslərə qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarını və vəzifələrini izah edib.

Zərərçəkmiş şəxs Həsənəli Əliyev ifadəsində 2024-cü il fevralın 4-də Tərtər rayonunun Qızıloba kəndi ərazisində yerləşən sahədə mal-qara otararkən Ermənistan hərbçilərinin basdırdıqları minanın partlaması nəticəsində xəsarət aldığını bildirərək deyib: “Nəticədə sol ayağımın aşağı üçdəbir hissəsi amputasiya olunub”.

Digər zərərçəkmiş Elnur Əsgərov isə 2023-cü il aprelin 18-də Tərtər rayonunun Borsunlu kəndində mal-qara otaran zaman Ermənistan hərbçilərinin basdırdıqları minanın partlaması nəticəsində xəsarət aldığını deyib.

Zərərçəkmiş Akif Hüseynov ifadəsində bildirib ki, yaşadıqları Ağdam rayonunun Yusifcanlı kəndi Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildikdən sonra Əfətli kəndində məskunlaşıb. O, oğlanları Anar, Razi və Bayram, nəvəsi Hüseynin işğaldan azad edilmiş ərazilərdə olan əkin sahəsinə baxmağa gedərkən minaya düşdüklərini bildirib. Hadisə barədə xəbər tutan A.Hüseynov özü də əraziyə gedib. Yaralı vəziyyətdə olan şəxslər ərazidən çıxmaq istəyərkən daha bir mina partlayıb.

Dövlət ittihamçısı Fuad Musayevin suallarına cavab olaraq A.Hüseynov deyib ki, mina partlayışları nəticəsində oğlanları Razi və Bayram həlak olub, özü, digər oğlu Anar ağır xəsarətlər alıb, nəvəsi Hüseyn yüngül yaralanıb və güclü psixoloji travma alıb. “Bir gündə iki oğlumu itirdim”, - deyə o qeyd edib.

Hadisə zamanı onlarla birlikdə olan qonşusu Bəhruz Abdulov da yaralanıb.

Zərərçəkmiş şəxs qismində ifadə verən A.Hüseynovun oğlu Anar Hüseynov və qonşusu Bəhruz Abdulov da ifadə verərək hadisənin necə baş verdiyini danışıblar.

Zərərçəkmiş şəxslər Nicat Cabbarov və qohumu Rafael Bayramov isə ifadələrində Tərtər rayonunun işğaldan azad olunmuş hissəsində eyni vaxtda minaya düşdüklərini, ayaqlarının bir hissəsinin amputasiya edildiyini bildiriblər.

Alışan Səfərov və Faiq Səfərov isə yol istismarı idarəsinin işçiləri olublar. Onlar Tərtərdə yola basdırılmış minaya düşərək yaralandıqlarını deyiblər.

Məhkəmədə ifadə verən zərərçəkmiş şəxs Hikmət Abdullayev isə hərbi xidmətini yerinə yetirərkən yaralandığını bildirib. O, dövlət ittihamçısı Vüsal Abdullayevin suallarına cavab olaraq deyib ki, Vətən müharibəsindən sonra Ermənistan ordusunun qalıqları və qeyri-qanuni erməni silahlı dəstələri Azərbaycanın işğaldan azad edilmiş suveren ərazilərinə mütəmadi olaraq müxtəlif tipli iriçaplı silahlardan atəş açaraq təxribatlar törədib. Azərbaycan Ordusu isə təxribatların qarşısını alaraq düşmənin planlarını darmadağın edib.

ANAMA-nın əməkdaşları Yadigar Şükürov, Qəhrəman Rzayev, Nəcməddin Hüseynov, Mahir Mustafayev, Samir Gözəlov, Əli Şükürov, Fərid Cəbrayıllı, Telman Zeynalov, Bəhruz Nəsirov, Ələsgər Quliyev minatəmizləmə işləri zamanı minaya düşdüklərini, müxtəlif bədən xəsarətləri aldıqlarını deyiblər. Ə.Quliyev dövlət ittihamçısının suallarını cavablandırarkən minatəmizləmə zamanı PMN minalarına və tank əleyhinə minalara, habelə “sürpriz mina”lara çox rast gəldiyini deyib. O, Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi Tuqay Rəhimlinin suallarını cavablandırarkən bildirib: “Bu minaların ən qorxulusu tank əleyhinə və qəlpəli minalardır. OZM-72 minalarını da çox görmüşəm. O, havada qəlpələrə bölünür, ən təhlükəli minalardandır”.

Zərərçəkmiş İlham Salmanov da Füzuli rayonunun işğaldan azad edilmiş Aşağı Seyidəhmədli kəndi ərazisində piyada əleyhinə minaya düşməsi nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri aldığını və ayağının amputasiya olunduğunu qeyd edib.

İlknur Əliyev hərbi xidmət zamanı Ermənistan silahlı qüvvələrinin təxribatının qarşısını alan zaman üzərinə atılan əl qumbarasının partlaması nəticəsində yaralandığını deyib.

Natiq Mamedov, Elnur Abbaszadə, Vüsal Quliyev, Ramin Babayev və digərləri mina partlaması nəticəsində xəsarət aldıqlarını diqqətə çatdırıblar.

Prosesdə, həmçinin zərərçəkmiş şəxslərlə bağlı məhkəmə-tibbi ekspertizanın rəyləri açıqlanıb.

Məhkəmənin növbəti iclası aprelin 29-na təyin olunub.

Ruben Vardanyan Azərbaycan Respublikası CM-in 100.1, 100.2 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 107 (əhalini deportasiya etmə və məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrum etmə), 113 (işgəncə), 114.1 (muzdluluq), 115.2 (müharibə qanunlarını və adətlərini pozma), 116.0.1, 116.0.2, 116.0.10, 116.0.11, 116.0.16, 116.0.18 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 120.2.1, 120.2.3, 120.2.4, 120.2.7, 120.2.11, 120.2.12 (qəsdən adam öldürmə), 29,120.2.1, 29,120.2.3, 29,120.2.4, 29,120.2.7, 29,120.2.11, 29,120.2.12 (qəsdən adam öldürməyə cəhd), 192.3.1 (qanunsuz sahibkarlıq), 214.2.1, 214.2.3, 214.2.4 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218.1, 218.2 (cinayətkar birlik yaratma), 228.3 (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1.2, 270-1.4 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 278.1 (hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279.1, 279.2, 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ittiham olunur.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Şərurda üç yaşlı uşaq kanala düşüb
Cəmiyyət 22:20
Şərurda üç yaşlı uşaq kanala düşüb
Vardanyanın məhkəməsində mina qurbanları danışdı: Bir gündə iki oğlumu itirdim
Cəmiyyət 20:07
Vardanyanın məhkəməsində mina qurbanları danışdı: Bir gündə iki oğlumu itirdim
Sabah bu ərazilərdə qaz olmayacaq
Cəmiyyət 19:15
Sabah bu ərazilərdə qaz olmayacaq
Dövlətə xəyanətdə ittiham olunan İvan Svetliçnıy 16 il azadlıqdan məhrum edilib
Cəmiyyət 18:59
Dövlətə xəyanətdə ittiham olunan İvan Svetliçnıy 16 il azadlıqdan məhrum edilib
Regional Təhsil İdarəsi məktəblilər arasında dava ilə bağlı məlumat yayıb - Yenilənib
Cəmiyyət 18:35
Regional Təhsil İdarəsi məktəblilər arasında dava ilə bağlı məlumat yayıb - Yenilənib
Sumqayıtda 7500 abonentin qazı kəsiləcək
Cəmiyyət 18:07
Sumqayıtda 7500 abonentin qazı kəsiləcək
COVID-19-la mübarizədə iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin vaxtı uzadılıb
Cəmiyyət 17:47
COVID-19-la mübarizədə iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin vaxtı uzadılıb
Qonşuları narahat edən tövlə qoxusu: Qanun nə deyir?
Cəmiyyət 16:50
Qonşuları narahat edən tövlə qoxusu: Qanun nə deyir?
Samuxda vətəndaşın 154 baş xırdabuynuzlu heyvanı oğurlanıb
Cəmiyyət 15:24
Samuxda vətəndaşın 154 baş xırdabuynuzlu heyvanı oğurlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol