• $ 1.7
  • € 1.9697
  • ₽ 0.0208
  • ₺ 0.0419
  • £ 2.2692

Moskvanın inkar siyasəti Xəzəri məhvə sürükləyir

Moskvanın inkar siyasəti Xəzəri məhvə sürükləyir
30.05.2025 08:38

Azərbaycan və Rusiya rəsmiləri çərşənbə günü Sankt-Peterburqda Xəzər dənizinin sürətlə dayazlaşmasının yaratdığı ekoloji və iqtisadi riskləri müzakirə edib. Lakin Moskva Volqa çayı üzərindəki təsirini etiraf etməyib və dayazlaşmanı yalnız iqlim dəyişiklikləri ilə izah edib.

2024-cü ilin avqustunda Bakıda Azərbaycan prezidenti İlham Əliyevlə Rusiya prezidenti Vladimir Putinin görüşü vaxtı Azərbaycan prezidenti Xəzər dənizinin ekoloji  fəlakətlə üz-üzə olması barədə bəyanat verib və Rusiyanı günahlandırıb. 

Xəzər hövzəsinin əsas su mənbəyi olan Volqa çayı Rusiya tərəfindən onilliklər ərzində 11 iri su anbarı və bənd kompleksi vasitəsilə tənzimlənib. Beynəlxalq ekspertlər dayazlaşmanın artmasını məhz bu təsirlərlə əlaqələndirsə də, Moskva məsuliyyəti iqlim amillərinə yönəltməyə çalışır.

Volqa faktoru: Moskva məsuliyyəti bölüşməkdən imtina edir

Xəzər dənizi bağlı su hövzəsidir və su balansının 80 faizindən çoxu Volqa çayının hesabına formalaşır.

Lakin Volqa üzərində inşa edilən Volqoqrad, Saratov, Kuybışev, Ulyanovsk və digər su anbarları çayın axın rejimini ciddi şəkildə dəyişib və illik axının azalmasına səbəb olub.

Ekspertlərin hesablamalarına görə, Volqa hövzəsində bəndlərin tikilməsi nəticəsində çayın Xəzərə tökülən su həcmi son 50 ildə təxminən 20 faiz azalıb. Suvarma məqsədi ilə götürülən su həcmi isə ildə 50 milyard kubmetrə yaxınlaşır.

Rusiya rəsmiləri bildirir ki, Xəzərin səviyyəsinin enməsi əsasən qlobal istiləşmə və azalan yağıntılarla bağlıdır.

Dövlət Hidroloji İnstitutunun məlumatına görə, 2024-cü ildə Xəzərin səviyyəsi kritik həddə — mənfi 29 metrə enib. Ən ciddi dəyişikliklər isə dənizin dayaz şimal hissəsində, xüsusilə Dərbənd və Həştərxan sahillərində qeydə alınıb.

Təhlükə sahil infrastrukturuna və regionun iqtisadiyyatına zərbə vurur

Ekspertlər xəbərdarlıq edir ki, dayazlaşmanın davam etməsi milyonlarla insanı risk altına salacaq. Xəzər boyunca yerləşən Aktau, Kurık və Bakı limanlarının sahildən 5-7 kilometr geri çəkilməsi Mərkəzi Asiya və Qafqazı Avropaya birləşdirən Orta Dəhliz layihəsinə ciddi zərbə vura bilər.

Beynəlxalq Dəniz Təşkilatının (IMO) məlumatına görə, Xəzər bölgəsində daşımaların 30 faizi məhz bu limanlar üzərindən həyata keçirilir. Limanların sahil xəttindən uzaqlaşması yeni infrastruktur layihələri tələb edir ki, bu da milyardlarla dollarlıq əlavə investisiya və logistika xərcləri deməkdir.

İclasda tərəflər gəmiçiliyin pisləşməsi, ticarət imkanlarının azalması, balıqçılıq sektorunun zəifləməsi və biomüxtəlifliyin tənəzzülü barədə razılığa gəliblər. Həmçinin monitorinqin gücləndirilməsi, su ehtiyatlarının idarə edilməsinin təkmilləşdirilməsi və balıq ehtiyatlarının bərpası üzrə tədbirlər təklif edilib.

Volqa bəndləri: Moskvanın susqun siyasəti

Federal Su Ehtiyatları Agentliyinin rəhbəri Dmitri Kirillov dayazlaşmanın yalnız Volqa ilə əlaqələndirilməsini “sadə yanaşma” adlandırıb və iqlim amillərinin təsirini önə çəkib.

O bildirib ki, Xəzərə axan 130-dan çox çay beş ölkənin — Rusiya, Azərbaycan, Qazaxıstan, Türkmənistan və İranın ərazisindən keçir və regional səviyyədə koordinasiya olunan tədbirlər lazımdır.

Buna baxmayaraq, Moskva Volqa üzərindəki bəndlərin təsiri məsələsinə toxunmur. Həştərxan  vilayətinin vitse-qubernatoru Denis Afanasyev dayazlaşmanı “təbiətin qanunauyğun prosesi” kimi qiymətləndirib və insan müdaxiləsinin məhdud imkanlarına diqqət çəkib.

Federasiya Şurasının sədr müavini Andrey Yatskin isə bildirib ki, “Xəzərin səviyyəsi son 400 ilin ən aşağı səviyyəsinə düşüb” və bu, xüsusilə şimal və şərq sahillərində sahil xətlərinin radikal dəyişməsinə səbəb olub.

Regional ekoloji təhlükəsizlik sual altındadır

Ekoloqlar xəbərdarlıq edir ki, Volqa çayı üzərindəki bəndlərin genişmiqyaslı fəaliyyəti iqlim dəyişikliyinin təsiri ilə birləşərək Xəzər hövzəsində ekoloji balansı pozur.

Əgər Moskva su ehtiyatlarının idarə olunması siyasətini yenidən nəzərdən keçirməzsə, Xəzərin dayazlaşmasının qarşısını almaq mümkün olmayacaq.

Beynəlxalq Enerji Agentliyi (IEA) və BMT-nin Ətraf Mühit Proqramı (UNEP) da bu prosesi qlobal iqlim riskləri siyahısına daxil edib. İqtisadi təsirlərlə yanaşı, regionun ekoloji təhlükəsizliyi də sual altına düşür.

Analitiklərin fikrincə, Xəzər regionunda dayazlaşma prosesi davam edərsə, növbəti onillikdə təkcə iqtisadi deyil, humanitar nəticələr də qaçılmaz olacaq.

 

N.Təbrizli

Oxşar xəbərlər
Oxşar xəbərlər
Vüqar Qurbanovdan yeni təyinatlar
Cəmiyyət 21:08
Vüqar Qurbanovdan yeni təyinatlar
Gürcüstanda saxlanılan Azərbaycan vətəndaşı ölkəyə gətirilib
Cəmiyyət 19:42
Gürcüstanda saxlanılan Azərbaycan vətəndaşı ölkəyə gətirilib
Azərbaycanda nadir xəstəlikdən əziyyət çəkən şəxslərə verilən dərmanların sayı artırılıb
Cəmiyyət 19:23
Azərbaycanda nadir xəstəlikdən əziyyət çəkən şəxslərə verilən dərmanların sayı artırılıb
Naxçıvanda ildə cəmi 7 nəfər ipoteka kreditindən yararlana bilir
Cəmiyyət 17:38
Naxçıvanda ildə cəmi 7 nəfər ipoteka kreditindən yararlana bilir
Maliyyə Nazirliyi bu il 27 vəzifəli şəxsi cərimələyib
Cəmiyyət 16:58
Maliyyə Nazirliyi bu il 27 vəzifəli şəxsi cərimələyib
bp Azərbaycanda bərpa olunan enerji sahəsində peşə bacarıqlarının inkişafına yönəli layihəni tamamlayıb
Cəmiyyət 16:20
bp Azərbaycanda bərpa olunan enerji sahəsində peşə bacarıqlarının inkişafına yönəli layihəni tamamlayıb
Rus bölməsi üzrə məktəbəqəbul göstəriciləri dəyişməz qalıb
Cəmiyyət 15:56
Rus bölməsi üzrə məktəbəqəbul göstəriciləri dəyişməz qalıb
Dövlət Turizm Agentliyi 13 milyon manat vəsaiti büdcəyə qaytarmayıb
Cəmiyyət 15:53
Dövlət Turizm Agentliyi 13 milyon manat vəsaiti büdcəyə qaytarmayıb
150 bağçada keyfiyyət sistemi qurulub, 41 müdir işdən çıxarılıb - Agentlik rəsmisi
Cəmiyyət 15:40
150 bağçada keyfiyyət sistemi qurulub, 41 müdir işdən çıxarılıb - Agentlik rəsmisi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol