Azərbaycanda koronavirusun“omikron” ştampı yayılır

Azərbaycanda son günlər əhali arasında yüksək hərarət, boğaz ağrısı, halsızlıq və burun axması kimi simptomlarla müşahidə olunan virus infeksiyası geniş yayılıb. Mütəxəssislər bu halların əsas səbəblərindən birinin COVID-19-un “Omikron” ştamının altnövləri ola biləcəyini bildirirlər.
Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov Lent.az-a açıqlamasında qeyd edib ki, ölkədə və digər ölkələrdə “Omikron” variantının bəzi formaları hələ də dövriyyədədir.
“Bu ştamlar yüksək yoluxuculuq qabiliyyətinə malik olsa da, sağlam və immun sistemi normal olan şəxslərdə yüngül gedişlə müşahidə olunur,” – Eyvazov bildirib.
Onun sözlərinə görə, hazırda yayılan simptomlar müxtəlif respirator virus infeksiyalarına da aid ola bilər. Bu infeksiyalar əsasən hava-damcı yolu ilə ötürülür və sıx toplaşma olan yerlərdə sürətlə yayılır.
Ekspert əhaliyə maska taxmaq, əlləri mütəmadi yumaq və qapalı məkanlardan uzaq durmaq kimi profilaktik tədbirlərə əməl etməyi tövsiyə edib.