Bakı Metropoliteninin genişləndirilməsi üzrə 35,4 milyon manatlıq müqavilə imzalanıb

“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti ilə Türkiyənin beynəlxalq mühəndislik və layihələndirmə şirkəti “Yüksel Proje” arasında Bakı şəhərinin metro infrastrukturunun genişləndirilməsi üzrə 35,4 milyon manat dəyərində müqavilə imzalanıb. Bu barədə məlumatı AZCON Holding yayıb.
Layihə, 2025–2030-cu illəri əhatə edən “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair Dövlət Proqramı” çərçivəsində həyata keçirilir.
Müqaviləyə əsasən, aşağıdakı mühüm layihələr üzrə layihələndirmə işlərinə start verilib:
Yaşıl xətt üzrə Y14–Y17 və Bənövşəyi xətt üzrə B5–B8 stansiyaları və onların arasında yerləşəcək tunellərin layihələndirilməsi;
“28 May” stansiyasında Yaşıl və Qırmızı metro xətlərinin ayrılmasının layihələndirilməsi;
“İçərişəhər” stansiyasında keçid kamerası, geri dönüş tuneli və yeraltı avtomobil dayanacağının layihələndirilməsi.
Satınalma prosesi “Dövlət satınalmaları haqqında” Qanuna əsasən bir mənbədən satınalma üsulu ilə həyata keçirilib. Vergi və hüquqi öhdəliklərin Azərbaycan qanunvericiliyinə uyğun icrası üçün müqavilə “Yüksel Proje” şirkətinin Azərbaycandakı nümayəndəliyi – “Yüksel Proje” MMC ilə imzalanıb.
45 illik beynəlxalq təcrübəyə malik olan “Yüksel Proje” 2023-cü ildə “ENR Top 225” siyahısında 162-ci yerdə qərarlaşıb və dünyanın 30-dan çox ölkəsində nəqliyyat layihələrini uğurla reallaşdırıb.
Yeni layihələr Bakı şəhərinin nəqliyyat infrastrukturunun modernləşdirilməsinə və metronun sərnişin axınına cavab vermə qabiliyyətinin artırılmasına xidmət edəcək.
Gülnar