Qurban Qurbanovdan qələbə şərhi

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin cavab matçında “Şkendiya”ya qalib gəldikləri oyundan sonra keçirilən mətbuat konfransına qatılıb.
Mütəxəssis əvvəlcə oyun haqda fikirlərini bildirib, daha sonra jurnalistlərin suallarını cavablandırıb:
"Futbolçularımı təbrik edirəm. Çox vacib və yaxşı qalibiyyət əldə etdilər. Azarkeşlərə təşəkkür edirəm. Əsl futbol ab-havası var idi. Get-gedə oyunumuz daha da keyfiyyətli olur, futbolçular bir-birini başa düşür. Normal prosesdir. Daha da artığını etməli və düşünməliyik. Çünki daha keyfiyyətli, bacarıqlı rəqiblər gəlir. Yaxşı oyun oldu. Rəqibə də uğurlar arzulayıram. Baş məşqçisi və futbolçuları özlərini çox intizamlı, alicənəb aparırdılar".
- Matçdan əvvəl bu cür böyükhesablı qələbə gözləyirdiniz?
- Düşünə bilmərəm, amma istəyə bilərəm. Futbol indi o səviyyəyə çatıb ki, istənilən oyunda 3-5 qolluq oyun ola bilər. Bu cür qalibiyyətlər xoş olur. İstəyirdim deyim, amma gözləyirdim deməyim.
- Hikmət Cəbrayılzadə haqda hansı fikirdəsiniz?
- Bir neçə aydır ki, bizimlədir. Aftandil Hacıyev onu bizə təklif etmişdi. Biz də öz akademiyamızdan 3-4 futbolçunu məşqlərə cəlb edirik. Onların potensialına baxırıq, Hikmət gəldiyi gündən ustalığını, qabiliyyətini göstərdi. Yaxşı, fiziki göstəriciləri var. Daha çox çalışmaq lazımdır. Amma ansambla uyğun futbolçu olub. Qarşıdakı matçlarda imkan olduqca, meydana buraxacağıq. Amma inanın ki, onu tam əminliklə komandaya götürmüşəm. Əsas odur ki, özü daha da işgüzar olsun, futbol haqda düşünsün. Hikmət kimi digər oyunçulara da şans yaradacağıq.
- Bu matç sizə "Lex"lə matçı xatırlatdı? Ssenari eyni idi sanki...
- Belə oyunlar olur. 2-3 ildən bir, belə matçlar olur. Qol buraxdıqdan sonra qalib gəlmək futbolda vacib elementdir. Belə olanda, futbolçu özünə daha çox inanır. Əgər sona kimi oyun intizamını qoruyub-saxlasaq qələbə əldə edərik.
- Sami Mmaenin oyununu necə şərh edərdiniz?
- Onun oyununu hansısa fikir söyləməyə ehtiyac yoxdur. Futbol qabiliyyəti və intelekti cəlbedicidir. Ötürmələri, oyunu idarə etməsi bu kimi şeylər bizi daha çox cəlb edib. Oyuna çıxandan sonra lazımı anda oyunu sakitləşdirə bilirdi, pressinqdən çıxmaq qabiliyyəti var idi. Razı qaldım. İdman formasından uzaq olsa da, məşqlərdə daha çox çalışır və istəklidir.
- Marko Yankoviçin start heyətinə dönməsi, Kadi Borgesin adət etdiyimiz mövqeyinə qayıtması barədə fikriniz nədir?
- Futbolçuların sağlam olması önəmlidir. Fərqi yoxdur futbolçu ilk dəqiqədən oynadı, yoxsa sonradan. Hər bir futbolçunun öz keyfiyyəti var. Bir neçə il birlikdə oynayanlar bir-birini tamamlayırlar. Kadi və Yankoviç bir-birini daha yaxşı başa düşür. Təcrübə və bəzi ustalıq keyfiyyətli belə oyunlarda daha çox vacib olur. Yankoviçin əsas heyətə dönməsi bizi tam razı salır.
- Pley-off-da “Ferentsvaroş", yoxsa "Ludoqorets". "Qarabağ" üçün hansı rəqib daha yaxşıdır?
- İnanın ki, heç düşünmürəm. Onları bir-birindən ayırmaq istəmirəm. ÇL-in pley-off mərhələsi artıq elə qrup deməkdir. Arzuladığım rəqib yoxdur. Xeyirlisi hansıdırsa, o da olsun. Kim olsa hazırlaşacağıq.
- Premyer Liqanın 1-ci turunun oyunu təxirə salınacaq. Komandaya necə təsir edəcək?
- İnamıram, nə mənfi, nə müsbət təsir etsin. Çempionatda oynamaq da fikrindəydik. Hazır idik. Sadəcə gün fərqi var. Biz "Sabah"ı gözləsək, 2 gün sonra səfərə getməliyik. "Sabah" bizi gözləsə, onlar 2 gündən sonra bizimlə oynamalıdır. Texniki nüansdır. "Sabah"a da uğurlar arzulayıram. "Araz-Naxçıvan"a da.
- “İmişli” və “Karvan-Yevlax” da Şamaxıdakı süni örtüklü meydançada oynayacaq. “Qarabağ”ın avrokuboklarda oynayacağını nəzərə alsaq, orqda səfər görüşlərini keçirmək sizin komandanıza necə təsir edəcək?
- Maksimum təsir edir. Təsəvvür edin ki, hər dəfə müzakirələr gedir. Meydança amilləri, azarkeş amilləri. Təsəvvür edin ki, başqa ölkələrdə çempionatda bu ab-hava olur. Xorvatiya, Polşada, başqa ölkələrdə. Hər oyunda bu qədər atmosfer olur. Bu, futbolçunu daha məsuliyyətli, həvəsli edir. Bunlar hamısı səbəblərdir ki, Avropada da oyun səviyyəmizi, uğurlu nəticələrimizi qoruyaq. Əfsuslar olsun ki, 3 komandamız Şamaxıda oynayacaq. Daha aktiv klublar üçün mənfidir. İstər-istəməz futbolçunun motivasiyası aşağı düşür. Bunlar da gətirib inamsızlığa çıxarır, həm də Allah qorusun, böyük zədələrə çıxarır. İdmançı meydana istəksiz çıxıbsa, böyük problem olur. Avropa oyunundsn sonra oyunlarımız ora düşsə...Əgər ölkə çempionatından oyundan sonra futbolçu 48, 72 saata özünə gəlirsə, yorğunluğu çıxarırsa, avrokuboklarda... Bundan sonra gəlib belə meydançalarda 3oynayacağıqsa, bizim üçün böyük zərbədir. İsti havada da olsa. Qışda yenə soyuq olur Amma belə havada meydançada nə su qalır...Əfsuslar olsun ki, vəziyyət belədir.
- Süni örtüklü meydança məsələsini AFFA İcraiyyə Komitəsində qaldıra bilərsiniz. Çıxış yollarının tapılması üçün məsləhət versəniz, sizi dinləyərlər?
- Heç mənim orada məsələni qaldırmağıma ehtiyac yoxdur. Çünki orada hər İK-nin iclasında müzakirə olunur. Klubların boynuna düşən məsələdir. Komanda Premyer Liqaya çıxırsa, yaxşı şəraitin olmalıdır. Amma əgər, yoxdursa, əlbəttə ki, federasiya hər bir komandaya 1 ilə yaxın vaxt verir. Əgər gələn il də belə olsa, ciddi addımlar atılacaq. Hətta planlamada ilk sıralarda olan məsələlərdən biri meydançalarımızın yaxşılaşdırılması və çoxalmasıdır. Yəqin ki, yaxın zamanda buna start verəcəklər. Bəzən hansısa səviyyəyə gəlmək üçün müəyyən çətinlikləri aşmaq lazımdır. İnanıram ki, gələcəkdə yaxşı sponsorlar tapılar, klublar öz meydanlarını yaxşılaşdırarlar. Yoxdursa da daha ciddi addımlar atılar.
Son xəbərlər
Daha çox 