• $
  • £

Azərbaycanda orqan transplantasiyası sahəsində infrastruktur genişlənir

Azərbaycanda orqan transplantasiyası sahəsində infrastruktur genişlənir
08.08.2025 10:05

Azərbaycanda orqan transplantasiyasına ehtiyacı olan 929 nəfər rəsmi gözləmə siyahısına daxil edilib. Bunu anews.az-ın sorğusuna cavab olaraq Səhiyyə Nazirliyi Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin İdarə Heyətinin sədri Yeganə Abbasova bildirib. 

Onların sırasında:

Sümük iliyi: 464 nəfər (371 uşaq, 93 böyük)

Böyrək: 298 nəfər (18 uşaq, 280 böyük)

Qaraciyər: 123 nəfər (5 uşaq, 118 böyük)

Buynuz qişa: 25 nəfər (2 uşaq, 23 böyük)

Ürək: 19 nəfər (3 uşaq)

Böyrək transplantasiyası üçün qeydiyyatda olanların sayı 298 olsa da, ölkədə 4 642 nəfər hemodializ müalicəsi alır. Mütəxəssislərin qiymətləndirməsinə görə, bu xəstələrin 80%-dən çoxu potensial transplantasiya namizədidir. Lakin meyitdən donorluğun məhdudluğu səbəbilə bir çox pasiyent siyahıya düşmür.

Səhiyyə Nazirliyinin Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin İdarə Heyətinin sədri Yeganə Abbasova bildirib ki, bu sahə artıq Azərbaycanda yeni və təcrübəsiz istiqamət deyil. İxtisaslaşmış tibbi heyət, müasir avadanlıq və inkişaf etmiş infrastruktur sayəsində əməliyyatlar Mərkəzi Gömrük Hospitalı, DTX Hospitalı, Tədris-Cərrahiyyə Klinikası, ATU, Mərkəzi Klinika və Yeni Klinikada həyata keçirilir.

Transplantasiya sahəsində hüquqi və etik çərçivə də təkmilləşdirilib. 2022-ci ildə yaradılan Koordinasiya Mərkəzi bu sahədə vahid idarəetmə və nəzarət sistemini tətbiq edib. Donorluq prosesi yalnız könüllülük, tibbi uyğunluq və etik prinsiplər əsasında aparılır, alqı-satqı və maddi maraq hallarını istisna edən sənədləşmə mexanizmi tətbiq olunub.

Meyit donordan orqanların bölgüsü Səhiyyə Nazirliyinin vahid informasiya sistemi üzərindən avtomatik həyata keçirilir. Uyğunluq meyarları sırasında təcillik dərəcəsi, qan və toxuma uyğunluğu, tibbi vəziyyət və gözləmə müddəti yer alır.

Azərbaycanda ilk böyrək transplantasiyası 1971-ci ildə, ilk canlı donor qaraciyər transplantasiyası 2008-ci ildə, ilk meyit donordan transplantasiya isə 2025-ci ilin əvvəlində həyata keçirilib.

Əsas transplantasiya növləri arasında böyrək, qaraciyər, buynuz qişa və sümük iliyi əməliyyatları yer alır. Sümük iliyi transplantasiyası olan xəstələrin bir hissəsi Talassemiya Mərkəzində donor olduğu halda ölkə daxilində əməliyyat edilir. Donoru olmayan uşaqlar üçün TürkKök donor bankı vasitəsilə donor tapıldıqda əməliyyatlar Türkiyədə dövlət proqramı çərçivəsində aparılır. İndiyədək 74 nəfər sümük iliyi transplantasiyası üçün Türkiyəyə göndərilib.

2023-cü ilin fevralında Etika Komissiyası yaradılıb. Canlı donor yaxın qohum olmadıqda, komissiya donorluqla bağlı yekun qərarı verir. Qohum anlayışına ata, ana, bacı, qardaş, baba, nənə, ər və arvad (ən azı 2 illik nikah şərti ilə) daxildir.

Milli Məclisin deputatı Ceyhun Məmmədov hesab edir ki, Azərbaycanda orqan donorluğu sahəsində irəliləyişlərə baxmayaraq, ictimai maarifləndirmə gücləndirilməlidir.

"Donor məsələsi uğurla icra olunmağa başlayıb. Lakin hələ də orqan çatışmazlığından əziyyət çəkən çox sayda insan var. Eyni zamanda, insanlar öləndə orqanlar istifadə olunmadan sıradan çıxır. Halbuki, bunun qarşısını almaq üçün hüquqi və tibbi mexanizmlər mövcuddur", –  deputat bildirib.

O qeyd edib ki, insanlar ölümündən əvvəl vəsiyyət edərək orqanlarını bağışlaya bilərlər. "Qanunvericilik bazası mövcuddur, lakin ictimaiyyətin bu haqda dəqiq təsəvvürü və məlumatlılığı vacibdir", - o qeyd edib. 

Deputat bu məsələdə əsas rolun mediaya və maarifləndirmə kampaniyalarına düşdüyünü vurğulayıb.

Aytac Zeynalova

İstiqamət: 6.3.1. vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu;

Qeyd: Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi çərçivəsində hazırlanıb. 

 

 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda avtomobil yanıb
Cəmiyyət 21:38
Bakıda avtomobil yanıb
Bu ərazilərdə qaz kəsiləcək
Cəmiyyət 18:10
Bu ərazilərdə qaz kəsiləcək


ARDNF-dən büdcəyə transfertlər aktivlərin idarəetmə gəlirləri səviyyəsinə endiriləcək
Cəmiyyət 17:16
ARDNF-dən büdcəyə transfertlər aktivlərin idarəetmə gəlirləri səviyyəsinə endiriləcək


Reklamlarda uşaqların görüntüsü valideynlərin razılığı ilə istifadə ediləcək
Cəmiyyət 16:40
Reklamlarda uşaqların görüntüsü valideynlərin razılığı ilə istifadə ediləcək

Bazar günü 37 mindən çox şəxs imtahan verəcək
Cəmiyyət 16:20
Bazar günü 37 mindən çox şəxs imtahan verəcək
698 пациентов с наркозависимостью проходят лечение в трёх учреждениях
Cəmiyyət 15:40
698 пациентов с наркозависимостью проходят лечение в трёх учреждениях
Şuşada Azərbaycan–Latviya iqtisadi əməkdaşlığı genişləndirilir
Cəmiyyət 15:38
Şuşada Azərbaycan–Latviya iqtisadi əməkdaşlığı genişləndirilir
3 məntəqədə narkomaniyadan əziyyət çəkən 698 xəstə müalicə alır
Cəmiyyət 14:34
3 məntəqədə narkomaniyadan əziyyət çəkən 698 xəstə müalicə alır
İyunda Bakı daha bir böyük tədbirə ev sahibliyi edəcək
Cəmiyyət 14:32
İyunda Bakı daha bir böyük tədbirə ev sahibliyi edəcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol