Gələn həftə 1400-dən çox bağça müdiri üçün diaqnostik qiymətləndirmə keçiriləcək

2025-ci ildə ilk dəfə olaraq dövlət məktəbəqədər təhsil müəssisələrində çalışan rəhbər heyətin diaqnostik qiymətləndirilməsi həyata keçiriləcək. Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən (MÜTDA) məlumat verilib.
Dövlət məktəbəqədər təhsil müəssisələrinin diaqnostik qiymətləndirilməsi 10 şəhərdə yerləşən 12 mərkəzdə, ümumilikdə 1413 nəfərin iştirakı ilə keçirilməsi nəzərdə tutulur.
Diaqnostik qiymətləndirmə Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi tərəfindən xüsusi proqram təminatı vasitəsilə test imtahanı formasında keçiriləcək.
İştirakçılara ümumilikdə 60 sual təqdim olunacaq. "Pedaqoji liderlik" 25 sual, "İdarəetmə" 15 sual, "Rifah" 10 sual, "Pedaqoji etika və əməkdaşlıq" 10 sualdan ibarət olacaq.
İmtahanın müddəti 120 dəqiqədir. Hər düzgün cavab 1 balla qiymətləndirilir. Səhv cavablar düzgün cavablara təsir etmir və 0 bal hesab olunur. Qeyd edirik ki, diaqnostik qiymətləndirmənin nəticələri rəhbər heyətin əmək münasibətlərinə təsir etmir, yalnız inkişaf ehtiyaclarının müəyyənləşdirilməsi məqsədi daşıyır.
Məktəbəqədər təhsil müəssisələrində (bağça) fəaliyyət göstərən müdirlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması üçün oktyabrın 25-də diaqnostik qiymətləndirilmə həyata keçiriləcək.
Son xəbərlər
Daha çox 