Süni intelekt repetitorlarları qismən əvəz edəcək -Müsahibə
Hazırda Azərbaycanda 200-dən çox adda dərslik və metodik vəsait var və onlar 4-5 ildən bir tədris proqramlarına uyğun olaraq təkmilləşdirilir. Bunu anews.az-a müsahibəsində Təhsil İnstitutunun Tədris resursları mərkəzinin direktoru Zaur İsayev bildirib.
Onun sözlərinə görə, ölkədə dərsliklərlə bağlı problemlər əsasən tədris proqramlarına uyğunluq, şagirdlərin qavrama səviyyəsi, müəllimlərin dərslikdən effektiv istifadə bacarıqları, praktik məşğələ və laboratoriya işlərinin düzgün təşkili ilə əlaqədardır.
“Müasir dərsliklər artıq ənənəvi tədris vəsaiti statusundan çıxıb. Dərslik quru informasiya mənbəyi deyil, öyrənmə prosesini və təlim texnologiyalarını dəstəkləyən bir resursdur. Şagirdlər bu resurslarla müstəqil işləyib öyrənə bilməlidirlər. Müəllim burada yönləndirici rol oynayır,” – İsayev qeyd edib.
Dərsliklərin hazırlanması
İsayev bildirib ki, hazırda orta məktəblərdə ümumilikdə təxminən 20-yə yaxın fənn üzrə əsas dərslik mövcuddur və sinifdən-sinfə qalxdıqca fənlərin və onlara uyğun dərsliklərin də sayı artır. Dərsliklər yeni tədris proqramlarına (kurikulumlara) əsasən hazırlanır və hər beş ildən bir proqramlar, hər dörd ildən bir isə dərsliklər kütləvi çap üçün təkmilləşdirilir.
Dərsliklərin hazırlanması bir neçə mərhələdən ibarətdir.
“Mərkəzimizdə müəllif seçimi fərqli üsulla həyata keçirilir. İƏvvəlcə namizədlər üçün müsabiqə elan edilir. Məsələn, ibtidai siniflərdə Azərbaycan dili və riyaziyyat fənləri üzrə dərsliklərin hazırlanması üçün təxminən 150 müəllifdən müraciət daxil olmuşdu. Onların arasından 15 namizəd seçildi, təlimlərdən sonra 5-6 müəllif qaldı. Müəllif seçimi ilə yanaşı xarici nəşriyyatlarla da əməkdaşlıq edirik. Hazırda 7-8 xarici nəşriyyatla əməkdaşlıq edirik,” – direktor bildirib.
Yeni dərsliklər ilkin olaraq 50 məktəbdə pilot layihə kimi iki illlik sınaqdan keçirilir. Bu prosesdə hər fənn üzrə 50 müəllim və ARTİ-nin 15-20 mütəxəssisi iştirak edir.
“Pilot mərhələdən sonra dərsliklər ekspertiza və ictimai müzakirələrə çıxarılır. Ümumiyyətlə, dərsliklərin ekspertizası çox mürəkkəb bir prosesdir və bu prosesdə hər fənn üzrə ETN-dən 10 fənn eksperti, Dövlət İmtahan Mərkəzinin 8-9 eksperti iştirak edir. Bütün bu proseslərdən sonra dərsliklər ictimai müzakirəyə verilir və daxil olan rəy, təklif və iradlar trims.edu.az portalı üzərindən qəbul olunur”, – İsayev deyib.
Valideyn rəyləri və ictimai iştirak
Direktor bildirib ki, valideynlərin şikayətləri əsasən indiki dərsliklərin əvvəlki nəsil dərsliklərlə müqayisəsi ilə bağlı olur.
“Valideynlər bəzən deyirlər ki, uşaqlara niyə bu qədər çətin materiallar verilir. Amma bugünkü savadlılıq meyarları 30 il əvvəlki meyarlarla eyni deyil. 10-20 il əvvəlki təhsil proqramları əsasında təhsil alan uşaqlar bugünkü əmək bazarına uyğunlaşa bilməzlər,” – İsayev vurğulayıb.
Valideyn və müəllimlərin on-line platformada yerləşdirdiyi rəylər eyni zamanda iki istiqamətə yönləndirilir. Onlardan biri Təhsil Nazirliyinin ekspertizasına, digəri isə dərslik müəlliflərinə göndərilir. Çapa qədər daxil olan rəylər dərhal, çapdan sonra daxil olan rəy və təkliflər isə növbəti nəşrlərdə nəzərə alınır.
Yeni fənlər, tərcümə və elektron dərsliklər
Hazırda ölkəmizdə dərsliklər Azərbaycan, rus və gürcü bölmələrində təhsil alan şagirdlər üçün uyğun dillərdə hazırlanır.
“Rus dilinə tərcümə edən mütəxəssislərin sayı azalır, lakin bu təbii prosesdir. İngilis dilində təhsil alan şagirdlərin sayı çoxaldıqca, rusdillilərin sayı azalır,” – direktor qeyd edib.
Dərsliklərin elektron versiyalarının hazırlanması prosesinə başlanılıb.
“Bir çox dərsliklərdə QR kodlar yerləşdirilib. Elektron resurslara keçid imkanları yaradılıb. Bütün kitabların elektronlaşdırılması uzun çəkə bilər, amma bu istiqamətdə işlər gedir,” – İsayev deyib.

Süni intellektin tədris prosesində rolu
Elm və Təhsil Nazirliyi tədris prosesinə süni intellektin geniş tətbiqini planlaşdırır.
“Gələcəkdə süni intellekt sistemləri həm şagirdlərin, həm də müəllimlərin öyrənmə prosesinə dəstək olacaq. Hər bir şagirdin bilik səviyyəsinə uyğun fərdi öyrənmə modeli formalaşacaq,” – İsayev bildirib.
Bu sistemin repititor funksiyasını qismən əvəzləməsi nəzərdə tutulub. Layihə üzərində yerli və xarici mütəxəssislər iş aparır.
Azərbaycanda müstəqillik dövründən başlayaraq bu günə kimi dərslik siyasətində bir neçə mərhələni qeyd etmək olar.
1992–1997-ci illərdə dərsliklər birbaşa müəlliflərə sifariş olunurdu, 1997–2007-ci illərdə bu prosesi Təhsil nazirliyi ilə əməkdaşlıq edən özəl nəşriyyatlar həyata keçirməyə başlayıb.
2007-2018 illərdə dərsliklərin hazırlanması tender proseduru ilə təşkil olunurdu.
Hazırda bu işlər Təhsil İnstitutu və Tədris Resursları Mərkəzi tərəfindən koordinasiya edilir.
Rəsmilərin sözlərinə görə, məqsəd şagirdlərin müstəqil öyrənmə bacarıqlarını artırmaq, şagirdlərin gələcəkdə əmək bazarının tələblərinə cavab verən mütəxəssislər kimi formalaşmasında dərsliklərin əhəmiyyətini yüsəltmək və tədrisdə maksimum effektivliyi və nəticəyönümlülüyü təmin etməkdir.
Gülnar Nazimqızı