Prezident dövlət və bələdiyyə sektorunda çalışanlar üçün icbari istehsalat sığortasını genişləndirdi
İlham Əliyev dövlət və bələdiyyə qurumlarında, habelə dövlətin nəzarət payına malik olduğu hüquqi şəxslərdə çalışanlar üçün istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri üzrə icbari sığortanı nəzərdə tutan qanun dəyişikliyini təsdiqləyib.
Qanuna əlavə edilən yeni maddəyə əsasən, dövlət və bələdiyyə orqanlarında, publik hüquqi şəxslərdə və büdcə təşkilatlarında çalışan işçilər, eləcə də istehsalat təcrübəsi keçən tələbə və şagirdlər, könüllülər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumda icbari qaydada sığortalanacaqlar.
Sığorta olunanların və sığortalıların uçotu sığortalıların təqdim etdiyi məlumatlar əsasında aparılacaq və bu qaydalar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən ediləcək. Qeyd olunan kateqoriyaya aid şəxslər üzrə sığortaçı da dövlət tərəfindən müəyyən edilən qurum olacaq və kommersiya sığortaçılara tətbiq edilən tənzimləmə və nəzarət mexanizmləri bu quruma şamil edilməyəcək.
Qanuna əsasən, sığorta ödənişlərinin davamlılığını təmin etmək məqsədilə toplanan sığorta haqlarının 5 faizədək hissəsi hesabına sığorta ehtiyat fondu yaradılacaq.
Dəyişikliklər dövlət icbari şəxsi sığorta münasibətlərinə aid edilməyəcək. Bu kateqoriyaya daxil olan şəxslərlə istehsalat sığortası və annuitet müqavilələrinin bağlanması nəzərdə tutulmur.
Qeyri-dövlət sektorunda çalışan işçilər, habelə fərdi sahibkarlar üçün isə sığortaçı həyat sığortası sahəsində lisenziyaya malik, İcbari Sığorta Bürosunun iştirakçısı olan və müvafiq icazə almış yerli hüquqi şəxs olacaq.